AZ

"Ermənistan-Türkiyə yaxınlaşması: "soyqırım" mövzusu gündəmdən çıxır" - BBC

 
"Paşinyanın barışıq səyləri və Ankaranın əsas şərti..."
 
Cümə günü Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbulda rəsmi səfərdə olub. Bu, son illər ərzində iki ölkə liderləri arasında baş tutan ilk yüksək səviyyəli görüşdür.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, əgər Paşinyan Türkiyə ilə münasibətləri mümkün qədər tez normallaşdırmaq niyyətindədirsə, Ərdoğan bu normallaşmanın əsas şərti kimi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını önə çəkir.
 
Paşinyan geriyə addım atır
 
Ermənistan tərəfinin göstərdiyi əsaslı güzəştlər olmadan bu görüş mümkün deyildi. Nikol Paşinyan artıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb, qonşulara qarşı ərazi iddialarından imtina edib və 1915-ci il hadisələrinin beynəlxalq gündəmdə saxlanmasından vaz keçib. Bu isə Ermənistan-Türkiyə münasibətlərinin qarşısını alan əsas maneələrin ortadan qalxması deməkdir.
 
Ərdoğanın şərti: əvvəl Bakı ilə barışıq olmalıdır
 
Bütün bunlara baxmayaraq, Ankara öz mövqeyində qəti olaraq qalır: Türkiyə-Ermənistan yaxınlaşması yalnız Ermənistan ilə Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra baş verə bilər. Lakin bu danışıqlar faktiki olaraq çıxılmaz vəziyyətdədir. Paşinyan hökumətinin əsas məqsədi bu iki prosesi - Bakı ilə barışıq və Ankara ilə normallaşmanı  bir-birindən ayırmaqdır. İstanbul görüşü Türkiyənin bu yanaşmaya nə qədər hazır olduğunu göstərəcək.
 
Rəmzi güzəştlər: Araratdan Fələstinədək
 
Paşinyan təkcə siyasi deyil, rəmzi addımlar da atır. Məsələn, o, uzun illər Ermənistanın milli rəmzi kimi təqdim olunan, lakin Türkiyə ərazisində yerləşən Ağrıdağdan (Ararat) rəsmi şəkildə imtina edib. Həmçinin Türkiyənin təkidi ilə Ermənistan Fələstin Muxtariyyətini suveren dövlət kimi tanıyıb.
 
Baş nazir bu güzəştlərin və barışıq yolunun təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün iqtisadi dividentlər gətirəcəyini bildirir. O, sərhədlərin açılmasını, iqtisadi maneələrin aradan qaldırılmasını və Ermənistanın bölgənin "sülh qovşağı"na çevrilməsini istəyir. Planlara görə, region ölkələrini birləşdirəcək yollar, qaz kəmərləri, elektrik xətləri və məlumat kabelləri Ermənistan ərazisindən keçə bilər. Bu, Qara dəniz ilə Fars körfəzi, həmçinin Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrut olacaq.
 
Tarixə baxışda kəskin dəyişiklik
 
2009-cu ildə də oxşar təşəbbüs olmuşdu: Ermənistan və Türkiyə prezidentləri münasibətlərin normallaşması ilə bağlı protokollar imzalayıb. Lakin o vaxt proses Qarabağ münaqişəsi, "erməni soyqırımı" məsələsinin beynəlxalq gündəmə daşınması və sərhəd mübahisələri səbəbindən pozulub. Həm də Azərbaycan bu protokolların Türkiyə parlamentində ratifikasiyasına qarşı çıxıb.
 
Bugünkü vəziyyət tam fərqlidir. Azərbaycan artıq Qarabağ üzərində tam nəzarəti bərpa edib və Paşinyan bu reallığı açıq şəkildə tanıyıb. Ermənistan qonşulara qarşı ərazi iddialarından imtina edib. Hətta 1915-ci il hadisələri ilə bağlı mövqedə də ciddi dəyişiklik var: Paşinyan mart ayında türkiyəli jurnalistlərlə görüşdə bildirib ki, "erməni soyqırımı"nın beynəlxalq tanınması artıq Ermənistanın xarici siyasətinin prioriteti deyil". Onun sözlərinə görə, indi əsas hədəf keçmiş faciələr üzərində mübahisələr deyil, qonşularla sülhə nail olmaqdır.
 
"Sülh qovşağı" yolunda çabalar
 
Rəsmi İrəvan hələ də 1915-ci il hadisələrini "soyqırım" kimi tanıdığını bildirsə də, Ankara bu hadisələri qarşılıqlı qırğın kimi qiymətləndirir. Lakin Qarabağın Azərbaycana məxsusluğunun tanınması və ərazi iddialarından əl çəkilməsi Ankaranın əsas narazılıq mövzularını praktiki olaraq gündəmdən çıxarıb.
 
Bununla belə, Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır. Ancaq Ermənistan və Azərbaycan arasında hələ də ciddi fikir ayrılıqları qalır. İndi Nikol Paşinyanın qarşısında duran əsas vəzifə - Bakı ilə sülh danışıqlarından asılı olmadan Türkiyə ilə diplomatik irəliləyiş əldə etmək və münasibətlərin normallaşmasını başlatmaqdır. İrəvan bunun mümkün olduğunu düşünür. Lakin Ankara hələ qərar verməyib.
Seçilən
7
moderator.az

1Mənbələr