AZ

İsrail-İran müharibəsi: Tərəflər informasiya və psixoloji hücumlarda da üstünlük əldə etməyə çalışır

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana məxsus yeni "Shahed 107" kamikadze pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Shahed" seriyalı PUA-lar genişspektrli döyüş tapşırıqlarını yerinə yetirmək üçün İranda hazırlanmış zərbə və kəşfiyyat PUA-larıdır. Onların əsas üstünlükləri uzun uçuş məsafəsi, aşağı hündürlükdə işləmək qabiliyyəti, radioelektron müharibəyə davamlılıq və kütləvi şəkildə istifadəyə imkan verən aşağı qiymətidir. "Shahed 107" 1500 km-dən çox uçuş məsafəsi olan porşen mühərrikli drondur.

İran-İsrail qarşıdurmasının davam etdiyi bir vaxtda SEPAH-ın bu təqdimatını bir xəbərdarlıq və ya mesaj kimi qəbul etmək olarmı? İran İsrailə qarşı "Shahed 107"dən istifadə edə bilərmi?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırda İsraillə İran bir-birinə qarşılıqlı olaraq güclü zərbələr endirirlər:

"İsrailin hava üstünlüyü var, İran isə “yer-yer” tipli raketləri vasitəsilə İsrail üzərində üstünlük əldə edib. Nəticədə davamlı olaraq dağıdıcı zərbələrlə müşahidə olunan hücumlar həyata keçirilir”.

Müsahibimiz qeyd edib ki, sadəcə olaraq tərəflər təkcə hərbi olaraq deyil, həm də informasiya və psixoloji hücumlarda da üstünlük əldə etməyə çalışırlar. Ə.Zülfüroğlu hesab edir ki, bu baxımdan yeni silahların təqdimatı və ya bu istiqamətdə informasiyaların yayılması psixoloji üstünlüyə xidmət edən addım kimi xarakterizə olunmalıdır".

Əli Zülfüqaroğlu: Məsələ düşündüyümüzdən daha dərin və təhlükəlidir

Ekspertin fikrincə, İsrail-İran qarşıdurmasında kifayət qədər riskli məqamlar var. Bu kontekstdə nüvə zərbələrinin baş verməsi də istisna edilməməlidir.

"Məsələ düşündüyümüzdən daha dərin və təhlükəlidir. Ona görə İran vəziyyətə uyğun olaraq daha dağıdıcı gücə malik raketlərdən və dronlardan istifadə edə bilər. Eyni zamanda İsrail də İranın yeraltı hədəflərini vurmaq üçün dağıdıcı gücə malik ABŞ silahları əldə etməyə çalışır", - deyə Əli Zülfüqaroğlu əlavə edib.

Gülşən Şərif

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr