Apple şirkəti 2026-cı ildə flaqman modelləri üçün nəzərdə tutulmuş iPhone 18 Pro seriyasında radikal dizayn dəyişikliyi həyata keçirməyi planlaşdırır.
Redaktor.az bu barədə "GSMArena"ya istinadən məlumat verir.
İnsayderin sözlərinə görə, iPhone 18 Pro modelləri ekranaltı Face ID sistemi və HIAA (Hole-in-Active-Area) texnologiyalı yeni ekranlarla təchiz ediləcək. Bu yenilik sayəsində Apple hazırda istifadə olunan Dynamic Island adlı ekran kəsiyindən tamamilə imtina edə biləcək. Gözlənilir ki, yeni modellərdə yalnız ön kamera üçün kiçik bir dəlik qalacaq — bu da hazırda bir çox Android cihazlarında tətbiq olunan dizayna bənzəyir.
Bildirilir ki, iPhone 18 Pro və Pro Max modelləri müvafiq olaraq 6.27 və 6.86 düym ölçülü OLED LTPO ekranlarla təchiz olunacaq. Ekranlar 1.5K təsvir ölçüsünə və adaptiv yeniləmə tezliyi funksiyasına malik olacaq.
Qeyd edək ki, ekranaltı Face ID texnologiyasının tətbiqi artıq iPhone 15-dən bəri müzakirə olunur. Lakin texniki çətinliklər səbəbilə bu yeniliyin yalnız iPhone 18 Pro modelləri ilə reallaşacağı gözlənilir.
2025-ci ildə təqdim olunacaq iPhone 17 modellərinin isə yenə də Dynamic Island kəsiyi ilə təqdim ediləcəyi, yalnız bu kəsiyin bir qədər kiçildiləcəyi ehtimal olunur.
Xədicə BAXIŞLI