ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycan bu yay mövsümündə rusiyalı turistlər üçün ən populyar istiqamətlərdən biri kimi mövqeyini möhkəmləndirir.
Rusiyanın aparıcı turoperatorlarının məlumatına görə, 2025-ci ilin yay mövsümü üçün sifarişlərin sayı ötən illə müqayisədə 10-20 faiz artıb. Bu artım təkcə ölkəmizin zəngin ekskursiya proqramına ənənəvi maraqla deyil, həm də çimərlik və sağlamlıq turizminin fəal inkişafı ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın rusiyalılar üçün cəlbediciliyi bir sıra əsas amillərlə bağlıdır. Bunlara Moskvadan və digər şəhərlərdən rahat birbaşa uçuşlar, dil baryerinin olmaması və vizasız rejim daxildir. Qeyd olunur ki, Azərbaycan mədəni və qastronomik turizmdən tutmuş alış-veriş və əyləncəyə qədər geniş istirahət imkanları təklif edir.
Turoperatorlar çimərlik tətilləri üçün təkliflərini əhəmiyyətli dərəcədə genişləndirərək yeni yüksəksəviyyəli kurortların yaranmasına xüsusi diqqət yetirirlər. Bunun bariz nümunəsi “Sea Breeze Resort”dur. Bu kurort yaxşı təchiz olunmuş çimərlik, çoxsaylı restoran və barlar, pərakəndə satış məntəqələri, su parkı, əyləncə parkı, uşaq attraksionları və hətta sirk də daxil olmaqla tam xidmətlər spektri təklif edir.
Turoperatorlar rusiyalı turistlərə Nardaran, Şıxov, Novxanı və Bilgəh qumlu çimərliklərində, o cümlədən Naftalan kurortunda istirahət təklif edirlər.
Qeyd edək ki, Azərbaycan rusiyalı turistlərə təkcə zəngin mədəni irsini deyil, həm də dolğun, rəngarəng çimərlik və kurort istirahəti təklif etməklə özünün turizm imicini uğurla dəyişir ki, bu da onu cari yay mövsümünün ən cəlbedici istiqamətlərindən birinə çevirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.