Bakı, 20 iyun, AZƏRTAC
Kipr ən təmiz çimərliklərə malik ölkə seçilib (onun suyunun 97,6 faizi keyfiyyətdədir).
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Ətraf Mühit Agentliyinin son hesabatında deyilir.
Reytinqdə Avstriya ikinci (96,9faiz), Xorvatiya (96,7 faiz) üçüncü, Yunanıstan dördüncü (95,8 faiz) yerdə qərarlaşıb. Polşa sondan ikinci yerdə (54,9 faiz), Albaniya isə sonuncu yerdədir (41,2 faiz).
Qiymətləndirmə 2006-cı il Avropa Çimərlik Suları Direktivində nəzərdə tutulduğu kimi, iki patogen mikroorqanizmin (enterokok və Helicobacter pylori) olması ilə bağlı 2020-2023-cü illər ərzində Aİ üzv dövlətləri tərəfindən təqdim edilmiş su nümunələri üzərində aparılıb.
Yaxşı xəbər ondan ibarətdir ki, Avropa İttifaqında çimərlik sularının əksəriyyəti təhlükəsizdir: təxminən 22 min nümunə götürmə nöqtəsinin 85 faizi əla hesab edilib. Bu, həmçinin onu təsdiq edib ki, dəniz suyu çaylarda və göllərdə yoxlanılan nümunələrlə müqayisədə çimmək üçün daha keyfiyyətli olaraq qalır.
Daha bir xoş xəbər isə ondan ibarətdir ki, Avropa çimərlik sularının keyfiyyəti son illərdə daha yaxşı monitorinq və idarəetmə sayəsində xeyli yaxşılaşıb. Bu, bioloji təmizlənmə kimi sistemlərə böyük sərmayələrin qoyulması ilə bağlıdır. Digər tərəfdən, iqlim dəyişikliyi, məsələn, daşqınlar kimi ekstremal hava hadisələri onların deqradasiyasına gətirib çıxara bilər.