AZ

AIDA-nın rəisi: Effektiv əməkdaşlığın davamlı olacağına ümid edirik

Bonn, 20 iyun, Pərvanə Qafarova, AZƏRTAC

Bu həftə Bonn iqlim sessiyasındakı nümayəndələrdən dəfələrlə eşitdik ki, Paris Sazişinin 9-cu maddəsi onun “can damarıdır”. COP29 zamanı da bu maddə üzrə tərəflərin öhdəliklərini yerinə yetirməsi danışıqların əsasını təşkil edirdi. Paris Sazişindən sonrakı ikinci onillikdə inkişaf etməkdə olan ölkələrə dəstək üçün yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması zəruri idi. Bildiyiniz kimi, Bakıda aparılan danışıqlar təbii olaraq, gərgin keçdi. Biz Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə üçillik müzakirələrə yekun vurduq və birlikdə beynəlxalq iqlim maliyyəsi əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirdik. Eyni zamanda, maliyyə axınlarının şəffaflığına dair aydın və ciddi tələblərin irəli sürüldüyünü gördük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi və COP29 Sədrliyinin maliyyə danışıqları üzrə nümayəndəsi Elməddin Mehdiyev Bonnda keçirilən “Paris Sazişinin 9.5-ci maddəsinə uyğun olaraq Tərəflərin təqdim edəcəyi məlumatlara dair üçüncü ikillik sessiya” adlı tədbirdə səsləndirib.

“COP29 Sədrliyi kimi biz bu müzakirələrdə şəffaflıq prinsipini ön planda saxlamaqda qərarlı idik. Dünyada davam edən çağırışlar və qeyri-müəyyənliklər fonunda şəffaflıq daha da vacibdir. Şəffaflıq etimadı möhkəmləndirir, çoxtərəfli prosesə inamı qoruyur və bizi cavabdeh saxlayır. Bu kontekstdə 9.5-ci maddəyə uyğun ikillik məlumatlandırmalar xüsusi əhəmiyyət daşıyır. Bu hesabatlar kollektiv planlarımızın izlənilməsinə yardım edəcək. Qeyd etmək lazımdır ki, bir çox tərəfin proqnozlaşdırılmış iqlim maliyyəsi səviyyələri üzrə vaxt çərçivələri 2025-ci ildə başa çatır. Beləliklə, Bakıda razılaşdırılmış maliyyə hədəfindən sonra təqdim olunacaq ilk hesabatlar növbəti nəsil məlumatlandırmalar olacaq. Bu baxımdan onların Bakı Maliyyə Hədəfini necə əks etdirəcəyini maraqla gözləyirik. Bu hesabatlar COP29 zamanı Azərbaycanda verilmiş vədlərə əməl olunub-olunmadığını əvvəlcədən müəyyən etməyə imkan verəcək. Bunlara 2035-ci ilə qədər ən azı 300 milyard Amerika Birləşmiş Ştatları dollarının səfərbər olunması öhdəliyi və 2030-cu ilə qədər BMT-nin iqlim fondlarından maliyyə çıxışlarının üç dəfə artırılması vədi daxildir”, - deyə E. Mehdiyev əlavə edib.

O qeyd edib ki, cari ildə inkişaf maliyyəsinin ixtisarına dair geniş narahatlıqların olduğu müşahidə edilir. Bu da tərəflərin 9-cu maddə üzrə öhdəliklərinə necə təsir edə biləcəyini gündəmə gətirib. Buna görə də COP29 Sədrliyi tərəfləri aydın və güclü mesajlar verməyə çağırır. İkillik məlumatlandırmalar həm də müvafiq tərəflərə inkişaf etməkdə olan ölkələrə qarşı öhdəliklərini nümayiş etdirmək üçün ortaq və şəffaf çərçivə təqdim edir. “Baku Maliyyə Hədəfi çərçivəsində inkişaf etməkdə olan ölkələri, o cümlədən Cənub-Cənub əməkdaşlığı vasitəsilə könüllü əsasda töhfə verməyə təşviq etdik. Paris Sazişinin 9.5-ci maddəsi digər tərəfləri də könüllü şəkildə ikillik məlumatlandırmalar təqdim etməyə təşviq edir. Ümid edirik ki, bu kimi dialoqlar prosesə başlamağı və ya davam etdirməyi planlaşdıran tərəflərə təcrübə toplamaq və öyrənmək üçün dəstək olacaq. Biz bilik və təcrübə mübadiləsi aparmaqla və daha güclü əməkdaşlıqla ortaq hədəflərimizə şəffaf şəkildə çatmaq üçün daha yaxşı hazırlıqlı ola bilərik. COP29 Sədrliyi olaraq bizim baxışımızda bu prosesin əsas dərslərindən biri konstruktiv dialoq üçün imkanların yaradılmasının vacibliyidir. Bu kimi seminarlar, iqlim maliyyəsi axınlarının proqnozlaşdırıla bilməsi kimi əsas məsələlər üzrə tərəflərin bir-birini daha yaxşı anlaması və ortaq hədəfimiz olan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində praqmatik həll yolları tapması üçün şərait yaradır. Ümidvaram ki, birgə səylər nəticəsində ikillik məlumatlandırmaların təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində effektiv əməkdaşlığımız davam edəcək”, - deyə E. Mehdiyev vurğulayıb.

Seçilən
1
2
azertag.az

3Mənbələr