
İqor Petrov
Leninqrad vilayətinin vitse-qubernatoru İqor Petrovun öz silahını təmizlədiyi zaman təsadüfən açılan atəş nəticəsində ölməsi barədə yayılan məlumatlar bəzi rəsmi və qeyri-rəsmi dairələr tərəfindən şübhə ilə qarşılanır. Hətta Putin iqtidarına müxalif olan sosial şəbəkə istifadəçiləri və fəallar iddia edirlər ki, qəfil faciəli ölüm kimi qələmə verilən bu hadisə əslində qətldir.
Reyting.az-ın məlumatına görə, bədbəxt hadisənin fonunda bu ölüm faktına fərqli yozumlar verməyə çalışanlar bildirirlər ki, İqor Petrovun faciəvi şəkildə həlak olması təsadüfi deyil və bütün bunlar Putin hakimiyyətinin daxilində getdikcə daha çox qızışan klan savaşının kiçik bir fraqmentidir.
Leninqrad vilayətinin vitse-qubernatoru İ. Petrov Vsevolojsk rayonunun Yukki kəndindəki bağ evində atəş nəticəsində ölmüş vəziyyətdə tapılıb. Yerli mənbələr rəsmilərə istinadla bildirir ki, iyunun 19-da meyiti tapılan vitse-qubernatorun güllə yarasından həlak olduğu ekspertiza tərəfindən təsdiqlənib. Hüquq-mühafizə orqanları evdə zorakılıq hallarına, eləcə də oğurluq əlamətlərinə rast gəlinmədiyini bildiriblər.
Bəzi yerli media mənbələrinin məlumata görə, vitse-qubernatorun ölümünün əsas versiyası onun silahını təmizləyən zaman təsadüfən açılan atəş nəticəsində həlak olmasıdır.
Qəribə səslənsə də, eyni versiyanı daha çox müdafiə edən və vitse-qubernatorun ölümünün tamamilə təsadüf nəticəsində baş verməsini vurğulayan, eyni zamanda Rusiya təhlükəsizlik qüvvələrinə yaxınlığı ilə seçilən "Telegram 112" kanalı da rəsmi mənbələrə istinadla məhz İ. Petrovun silah təmizləyən zaman ehtiyatsızlıqdan həlak olduğunu iddia edib.
Vitse-qubernatorun bağ evində ölməsi ilə bağlı məlumatı artıq Leninqrad vilayət administrasiyası rəsmən təsdiqləyib. Bu faciəli hadisə barədə verilən təfərrüatsız açıqlamada bildirilir ki, Petrov 65 yaşında qəflətən dünyasını dəyişib.
Deyilənlərə görə, Putinin yaxın çevrəsinə yaxşı tanış olan bir şəxs kimi İ. Petrov da diqqətdən kənar qalmayıb və 2017-ci ildə məhz Kremlin tövsiyəsi ilə Leninqrad vilayətinin vitse-qubernatoru vəzifəsini tutub. Ötən ilin dekabr ayından isə İ. Petrov qubernatorun nümayəndəsi kimi, eyni zamanda da Leninqrad vilayətinin Qanunvericilik Məclisində təmsil olunub.
Oqtay QORÇU