AZ

Azərbaycanda eyni cütlüyə azı 3, çoxu 4 dəfə toy qonaqlığı verilir - əcaibləşən adətlərimiz...


Toy xalqımızın məişət mərasimləri sırasında ən əhəmiyyətli yerlərdən birini tutub. Böyük tarixi yol keçən toy adətlərimiz, təəssüf ki, son illər öz məcrasından çıxarılıb, daha da mürəkkəbləşdirilib, başqa-başqa şəkillərə salınıb.

Məsələ burasındadır ki, ölkənin tanınmış ziyalıları, fikir adamları, mətbuatı toylarımızın sadələşdirilməsinin tərəfdarı kimi çıxış edir, onu ifrat təmtəraqdan, artıq xərcdən çıxarmağa çalışır, amma cəmiyyətimizdə tamam başqa mənzərə görürük, toylar günü-gündən daha da haylı-haraylı olur.

İndi çox mənfi bir tendensiyanın yarandığının da şahidi oluruq. Ailələr evlənən cütlüyə bir yox, bir neçə dəfə toy edir. Bəli, düzgün oxudunuz, bir neçə dəfə toy edir. Çoxlarının yadına gələr, ağsaqqal və ağbirçəklərimiz deyərdi ki, adama bir dəfə toy olar, bir toyun ikinci dəfə təkrarlanmasına qarşı çıxırdılar, bunun nəhs olduğunu deyirdilər.

Bu gün isə görürük ki, günü-gündən toylarımız daha əcaib vəziyyətə düşür. Çox təəssüf ki, yeni toy "adətləri" ortaya atılıb - həm kişi toyu edirlər, yəni məclisə ancaq kişi qonaqları çağırırlar, həm də sonra kişi-qadın qarışıq toy keçirdirlər. Hətta adamların bəziləri tək kişilər üçün edilən toydan imtina edir, “mən toya yalnız xanımımla gedirəm” deyir. Adətlərimizniyə belə günə qoyulur?Axı ağıllı adamlar toy adətlərinin müəyyən qədər sadələşdirilməsini məqbul saydığı halda niyə toylar daha da mürəkkəbləşdirir?

Bu nədir? Pul yığmaq üçün yeni üsuldur?Əvvəllər eyni cütlük üçün adətən bir dəfə toy edilirdi, indi azı 3, hətta 4 dəfə toy edilir - iki dəfə qız evi, iki dəfə oğlan evi. Bir dəfə kişilər məclisi, bur dəfə qarışıq məclis qurulur. Bu əcaibliyi yaradan səbəb nədir?

Belə adət olar?

İlhamə Qəsəbova: “Toylarımızın əcaib hala düşməsinin, mürəkkəbləşməsinin qarşısını almaq üçün...”

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Bakı-Xəbər”ə bildirdi ki, toyların bu şəkildə əcaib hala salınmasını bir ziyalı kimi o da ürək ağrısı və təəssüflə izləyir. İ.Qəsəbovanın sözlərinə görə, yeni yaranan çirkin tendensiyanın irəliləməsində maraqlı olanlar var və bunlar da həm xalqın mənəvi dəyərlərinə zərbə vurur, həm də pul qazanırlar. “Çox təəssüflər olsun ki, toylarımız mənfi yöndən dəyişikliyə uğrayıb. Toylarımızın milli adət-ənənələrdən, milli xüsusiyyətlərdən, milli psixologiyadan uzaq düşməsinin səbəblərini vurğulamaq istəyirəm. Bu mənfi tendensiyanın başlanğıcı bəylə gəlinin toy salonuna daxil olmasından başlayır. Çünki adətən “Vağzalı” havası çalınmır, bəylə gəlin üçün milli musiqi ifa olunur. Bəylə gəlin zala daxil olmamışdan əvvəldə yüksək tonda xarici musiqilərə yer verilir və bu da milli musiqimizdən köklü şəkildə uzaq düşmək deməkdir. Bəylə gəlin salona daxil olanda onlara xeyir-dua verilməsi ritualı, demək olar ki, icra olunmur. Milli adətlərdən uzaq düşməyin göstəricilərindən biri də bəylə gəlinin şərbət deyil, şərab badəsi qaldırıb camaatın gözü qarşısında içmələridir”.

Kişi və qadın toylarının ayrı və qarışıq keçirilməsinə gəlincə, İ.Qəsəbova bildirdi ki, keçmişdə bəzi bölgələrdə, xüsusən də Bakıda və Bakı ətrafı kəndlərdə qadın və kişi toyları ayrı olurdu, rayon yerlərində isə kişilərlə qadınlar eyni mağarda oturur, amma fərqli stollarda. “Toylarımızın əcaib hala düşməsinin, mürəkkəbləşməsinin qarşısını almaq üçün uzun illərdir ki, təbliğatlar aparılıb, burda təklif olunan sadə prinsiplər icra olunmalıdır. Hesab edirəm ki, toy sahiblərini maarifləndirmə yolu ilə bu əcaiblikdən uzaqlaşmaq olar.

Kişi və qadınların bir yerdə iştirak etdiyi məclisin ortasında xınayaxma mərasiminin icrası da eybəcərlik yaradır. O mənzərəni qadınlarla yanaşı kişilərin də görməsi mənfi haldır. Xınayaxdı mərasimini icra edən qadınların məclisə gəlməsi, gəlməsi ilə bərabər milli ənənələrdən uzaq bəzi sualları vermələri, bəzi məsələlərə toxunmaları, qaynanadan, qohum-əqrabadan pul yığılması üçün lazımsız söhbətlərin ortaya atılması da xınayaxdı mərasiminin milli dəyərlərdən tamamilə uzaq düşdüyünü göstərir. Eybəcər hallar çoxdur.

Çox təəssüflər olsun ki, bəzən özünü kimlərəsə göstərmək, yaxud pul yığmaq xatirinə aiələlər cütlüklərə bir deyil, bir neçə dəfə toy edirlər. Bu yeni “toy adətləri” olduqca eybəcər görünür və milli toy ənənələrimizin təhrif olunmasına gətirib çıxarır.

Toyların günü-gündən mürəkkəbləşməsi, israfçılığın baş alıb getməsi çox narahatlıq doğurur. Toyların belə əcaibləşməsininsəbəbkarı toy sahibidir. Son zamanlar pul yığmaq üçün ortaya atılan üsullardan biri bəylə gəlin qapıdan çıxarkən xəncər qoyub üzərinə pulun düzülməsidir. Hətta bu yaxınlarda eşitdim ki, bu eybəcər mərasim üçün bir ailədən 300 manata qədər pul istəyiblər, bu əməlli-başlı yolkəsənlikdir. Bu bizim qədimdən adətlərimizdə var və buna qapıbasma deyirlər. Qapıbasmanı gənc bir qız da edə bilərdi, amma rayon yerlərində bunu gənc bir oğlan edirdi ki, bəy nəmər verib öz yarını o evdən alıb aparsın. Çünki bir bəyin üzüə açılan qapı bir oğlan uşağınınaçdığı qapı olsun deyə bunu edirdilər. Yəni onun oğlu olsun və qapını üzünə oğlan uşağı açsın. Qapıbasma adəti də tamamilə təhrif edilib və indi xəncər qoyulurvə istədikləri məbləğ xəncərin üzərinə qoyulmasa gəlinə otaqdan çıxmağa icazə verilmir. Bu da pul yığmanın eybəcər üsullarından biridir. Qədim dövrlərdə toyları üç gün də, yeddi gün də etmək olurdu. Burda söhbət həmin gün toy etməkdən, gəlin köçürməkdən getmirdi, o üç və yeddi günün içində toyaqədərki mərasimlər vardı, xınayaxdı, ciyəraxşamı olardı, ciyəraxşamında aşıqlar dastan danışardı, gəlin köçən gün isə evdə toy icra olunurdu. Amma bu gün tamam fərqlidir, o toylar pul yığmaq məqsədilə bir neçə gün davam etdirilir. Bu da milli duyğulardan və milli ruhlardan uzaq düşmək deməkdir.

Bakı toylarında qadın və kişi toylarının ayrı olması bir ənənədir və bu davam edir...Bu bir ənənədir, normal şəkildə davam edir.

Bütün hallarda toylarımızın pul yığmaq naminə bu şəkildə eybəcərləşdirilməsi yolverilməzdir, hesab edirəm ki, bunların qarşısını almaq üçün hansısa bir formada işlər görülməlidir”.

Elyar İslamoğlu: “Müxtəlif adlar altında pul yığmaq üçün bir cütlüyə bir neçə toy edirlər”

Filologiya üzrə fəlsəfə doktoru və AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi Elyar İslamoğlu da “Bakı-Xəbər”ə bildirdi ki, toylarımızın təhrif edilməsi halları geniş yayılıb. “Toyların əndazədən çıxması mövzusu çox aktualdır. Doğrudan da, toylarımız günü-gündən daha əcaib vəziyyətə düşür. Əvvəllər toylar bir dəfə edilərdi, çox zaman oğlan və qız evi bir yerdə bu mərasimi keçirərdi. Ancaq indi görürük ki, bir ailə övladına bir deyil, bir neçə toy edir. Düzdür, qədim dastanlarımızdan, nağıllarımızdan oxuyuruq ki, toylar qırx gün qırx gecə, yaxud yeddi gün yeddi gecəolub. Yəqin ki, həmin toyların xərci bugünkü qədər olmayıb. Bir də ki, o vaxt uzaqdan gələnlər də olurdu, onların gəlib toyda iştirakı da nəzərə alınırdı. Ancaq müasir dövrdə toyların bu şəkildə təmtəraqlı keçirilməsi toy sahibinə çox böyük xərc hesabına başa gəlir. Bu da həm restoranlarda qiymət artımına, həm də toy çadırlarının bahalaşmasına gətirib çıxarır. Toya lazım olan hər şeyin qiyməti də həddən artıq bahadır və bu artıq xərclər yeni ailə quran cütlüyün sonrakı həyatına mənfi təsir göstərir, hətta boşanmaya da səbəb olur. Hətta elə olur ki, təmtəraqlı toyla evlənən cüstlüklər qısa müddətdə boşanırlar. Bu da cəmiyyətin böyük problemlərindən biridir. Bu gün əksər hallarda oğlan üçün ayrı toy, qız üçün qız toyu olur, sonra da onlar birlikdə toy edirlər. Hətta qız toyundan əlavə qız üçün xına gecəsi də təşkil olunur. Oğlan üçün də “subaylığın son gecəsi” kimi əcaib yığıncaq keçirilir. Müxtəlif adlar altında pul yığmaq üçün bir cütlüyə bir neçə toy edirlər. Bu da həm oğlan, həm də qız evinə baha başa gəlir. Üstəlik, hələ bəzi bölgələrdə “başlıq pulu” ənənəsi də qalır ki, oğlan evi qız evinə müəyyən məbləğdə “başlıq pulu” verməlidir. Qızların cehizinin tutulması da çox baha qiymətə başa gəlir. Ona görə də yeni qurulan ailə ciddi problemlərlə üzləşir. Buna görə də mütləq toylarımızın sadələşdirilməsi lazımdır...”-deyə E.İslamoğlubildirdi.

İradə SARIYEVA

Seçilən
37
baki-xeber.com

1Mənbələr