Hazırda dünya gündəmində baş verən İran–İsrail müharibəsi region ölkələrinə, o cümlədən Azərbaycanın turizm və iqtisadi sahələrinə təsirsiz ötüşmür. Turizm eksperti Ceyhun Aşurov məsələ ilə bağlı Referans-a verdiyi açıqlamada gərgin beynəlxalq durumun ölkəmiz üçün doğurduğu real təsirləri dəyərləndirib.
Ekspertin sözlərinə görə, bölgədə baş verən münaqişələr, o cümlədən əvvəlki Rusiya–Ukrayna müharibəsi, eləcə də Hindistan–Pakistan gərginliyi kimi hadisələr regional səyahət axınında ciddi azalmaya səbəb olub. Hazırda isə İran və İsrail arasında yaşanan silahlı qarşıdurma, xüsusilə də hava məkanının bağlanması, Azərbaycanın turizm sektoruna birbaşa təsir göstərir.
Müsahibimiz bildirib ki, hazırda bu gərginlik nəticəsində həm İrandan, həm də İsraildən Azərbaycana gələn turistlərin sayı azalıb. Hətta iyun ayının 15-dən bərpa olunması planlaşdırılan birbaşa uçuşlar – istər Tehran, istər Təbriz istiqamətində – təxirə salınıb. Bunun nə zaman bərpa olunacağı isə hələ bəlli deyil.
Ekspert vurğulayıb ki, böhran dövrlərində turistlər səyahətlərini ya təxirə salır, ya da daha təhlükəsiz regionlara yönəlirlər. Bu da Azərbaycan üçün region ölkələrindən gələn turistlərin sayında azalma ilə nəticələnib. Hava məkanının qapanması və uçuşların gecikməsi təkcə turist axınını yox, həm də aviabiletlərin qiymətlərinə və səyahət müddətinə mənfi təsir edir.
"Bununla belə, Azərbaycan bu boşluğu alternativ bazarlarla doldurmağa çalışır. Çin və Türkiyə istiqamətində yeni turizm əlaqələrinin qurulması və bəzi Türkiyə şəhərləri ilə birbaşa uçuşların qoyulması yeni turist axınının yaranmasına şərait yarada bilər. İqtisadi baxımdan isə, müharibənin neft qiymətlərində artıma səbəb olması, Azərbaycanın neft ixracatçısı kimi müəyyən gəlir qazanmasına şərait yaratsa da, turizm sektoru üçün bu, mənfi nəticələr doğurur. Xüsusilə yay mövsümündə, yəni turistlərin daha aktiv səfər etdiyi dövrdə yaşanan bu gərginlik ölkənin turizm dinamikliyinə zərbə vurur",- deyə ekspert qeyd edib.
Gülgəz Qədirova
Referans