AZ

"Bolt"dan partiya sədrinə CAVAB

"Bolt" Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun şirkətin fəaliyyətinə dair aidiyyəti qurumlara ünvanladığı şikayətlə bağlı açıqlama verib.

 

Şirkətdən Prada.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılmış daxili araşdırma nəticəsində sosial şəbəkədə qeyd olunan avtomobillərin bloklanmadığı və "Bolt" tətbiqi vasitəsilə qanun çərçivəsində fəaliyyət göstərdiyi müəyyən edilib.

 

 

""Bolt" platforması həm fərdi sürücülərlə, həm avtoparklar (fleet) tərəfdaşları ilə  əməkdaşlıq edir. Avtoparkların ölçüsündən və fəaliyyət formasından asılı olmayaraq bütün tərəfdaşlarla eyni hüquqi çərçivədə və bərabər yanaşma prinsipi əsasında işləyirik. Hər bir tərəfdaş qanunlara uyğun fəaliyyət göstərməyə məsuliyyət daşıyır və bu məsuliyyətin icrası mütəmadi olaraq yoxlanılır.

"Bolt"un Azərbaycandakı ofisinin Səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizovun fəaliyyəti tam şəkildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. Qeyd edirik ki, Naim Əzizov "Bolt"un əməkdaşlıq etdiyi heç bir avtoparkda işçi kimi fəaliyyət göstərmir. O öz vəzifə səlahiyyətlərini "Bolt"un daxili prosedurlarına, etik standartlarına və qanunvericiliyə uyğun şəkildə icra edir.

Dələduzluq və ya vəsaitlərin qeyri-qanuni yolla yönləndirilməsi ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edirik. "Bolt" bütün əməliyyatlarını yalnız rəsmi kanallar vasitəsilə və yerli qanunvericiliyə uyğun şəkildə həyata keçirir. Şirkət olaraq daim şəffaflığa, qanunlara uyğunluğa, ictimai etimada əsaslanan fəaliyyət prinsiplərinə sadiq qalırıq.

 

"Bolt" şirkəti tərəfindən tətbiq vasitəsilə fəaliyyət göstərən avtomobillərin qanunvericiliyə uyğunluğunu çox ciddi şəkildə nəzarətdə saxlayırıq. Son aylar ərzində daxili yoxlama proseslərimizi gücləndirmiş və aidiyyəti qurumlarla əməkdaşlığı artırmışıq. Bu çərçivədə uyğun olmayan avtomobillər müəyyən edilir və platformadan uzaqlaşdırılır. Bu addımlar təhlükəsizlik və qanunlara tam uyğunluq öhdəliyimizin bir hissəsidi", - açıqlamada qeyd olunub.

 

Aytəkin Qardaşova

Tarix: 20 İyun 2025, 19:44   
Seçilən
6
2
pravda.az

3Mənbələr