20-22 iyun 2025-ci il tarixlərində Rusiya Federasiyasına bağlı Altay Respublikasının paytaxtı Qornsk-Altay şəhərində Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə “Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” X Beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Həmin beynəlxalq elmi-praktiki konfransda Azərbaycandan onlayn formada AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) də iştirak edib. O, “Tanrıçılıq fəlsəfəsinin mahiyyətilə bağlı fərqli baxışlara yeni konseptual yanaşma” adlı məruzəsində bildirib ki, Türk xalqlarında Göy Tanrı, Tanrıçılıq fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda Tanrıçılıq ideyasının müəyyən təkamül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Tanrıçılıq fəlsəfəsinin şamanizm, totemizm, bütpərəstlik adları altında verilməsi, üstəlik onun politeizm kimi yozulması qəsdli xarakter daşımış, Göy Tanrı ideyasının – Tanrıçılıq fəlsəfəsinin əsil mahiyyətinin açılmasına əngəllər yaratmışdır. Qədim Türk-Turan xalqlarının bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-fəlsəfi sistemi olmuşdur ki, bu da tenqrizm ya da Tanrıçılıq fəlsəfəsidir.
Konfransda Tanrıçılıqla bağlı kitablar və məqalələr yazmış bir çox tanınmış elm adamları məruzələr ediblər. Konfrans öz işinə davam edir.