AZ

Xalqımızın sərvəti, Azərbaycanın tanınma simvolu - adət-ənənələr üçün təhlükələr...


Azərbaycan zəngin və qədim mədəni irsə malik olan bir ölkə kimi dünya miqyasında daim xüsusi diqqət mərkəzində olub. Ölkəmizdə mədəni irsin əsas tərkib hissələrindən biri milli adət-ənənələrdir. Əsrlər boyu nəsildən-nəslə ötürülən bu adət-ənənələr xalqın kimliyini, dünya görüşünü, həyat tərzini və mənəvi dəyərlərini formalaşdırıb.

Qloballaşan dünyada bu adət-ənənələrin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan onların təbliği xüsusi diqqət və yanaşma tələb edir.

Milli adət-ənənələrin yaşadılması dövlət siyasətinin prioritetlərində yer alır

Dövlət səviyyəsində də milli adət-ənənələrin təbliğinə xüsusi diqqət edilir, bu məsələdə vətənaş cəmiyyətinin təmsilçiləri böyük fəallıq göstərir. Məsələn, elə bu günlərdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Milli baş geyimi və örtükləri” adlı layihənin icrasına başlayıb.Layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəltməyi hədəfləyir. Layihə çərçivəsində təşkil ediləcək sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Digər istiqamətlərdə də müvafiq addımlar atılır. Məsələn, paytaxtda fəaliyyət göstərən ABAD emalatxanası bu gün ənənəvi armudu stəkanın gündəlik məişət əşyasından incə şüşədəki mədəni rəmzə çevrildiyi tamamilə yenirəngarəng milli estetik formada təqdim edir.Burada son nəticədə milli estetikanın canlı detalına çevrilən həqiqi incəsənət əsəri yaradılır. Bütün bunlar gənc nəslin, eləcə də Azərbaycana üz tutan turistlərin xüsusi marağına səbəb olur.Bunlar həm də milli adət-ənənələrin təbliğinə xidmət edir. Eyni zamanda onların geniş ictimaiyyətə, xüsusilə də gənc nəslə tanıdılması, dəyərləndirilməsi və gündəlik həyatda tətbiqi reallaşır. Azərbaycan xalqının keçmişdən gələn zəngin adətlərihəm də müxtəlif mərasimlərdə, ailə münasibətlərində, qonaqpərvərlik, xalq oyunları, milli geyimlər, xalq musiqisində və rəqslərində öz əksini tapır. Bu dəyərlərin unudulmaması və yaşadılması üçün müxtəlif vasitələrdən istifadə edilir. İlk növbədə, ailə institutunun bu sahədə rolu əvəzsizdir. Ailə içində övladlara milli dəyərlərin aşılanması, adətlərin səbəbləri və mənası izah olunmalıdır. Eləcə də ailə ənənələrinin davam etdirilməsi, milli geyimlərin geyilməsi, bayramların qeyd edilməsi, nənə-babaların söylədiyi nağıl və dastanların dinlənilməsi uşaqların milli mənsubiyyət hissini gücləndirir. Bundan əlavə, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkişaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasını təmin etmək dövlətimizin prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir.

Milli adət-ənənələr milli kimliyin qorunmasında mühüm rol oynayır

Milli adət-ənənələrin yaşadılmasında bu gün çoxsaylı institutların da rolu əvəzsizdir.

Təhsil müəssisələri ümumiyyətlə, milli adət-ənənələrin təbliğində mühüm rol oynayır. Məktəblərdə bu mövzuların dərsliklərə daxil edilməsi, milli dəyərlərlə bağlı tədbir və layihələrin həyata keçirilməsi şagirdlərdə bu sahəyə maraq oyadır. Uşaqlar milli bayramlar zamanı təşkil olunan sərgilər, müsabiqələr, milli musiqi və rəqs dərnəkləri vasitəsilə həm əylənir, həm də öyrənirlər.

Medianın və sosial şəbəkələrin imkanları da bu sahədə genişdir. Sosial mediada isə milli dəyərləri əks etdirən qısa videoçarxlar, fotoşəkillər, bloqlar vasitəsilə xüsusilə gənclərin diqqətini çəkmək mümkündür. Eyni zamanda, mədəniyyət müəssisələri – muzeylər, folklor mərkəzləri, rəqs və musiqi ansamblları milli adət-ənənələrin yaşadılmasında və təbliğində əhəmiyyətli rol oynayır. Milli festivallar, sərgilər, xalq sənətkarlığı nümunələrinin nümayişi vasitəsilə ictimaiyyətə zəngin milli irs təqdim olunur. Bu tədbirlər həm yerli, həm də xarici vətəndaşlar üçün maraqlı və maarifləndirici olur. Azərbaycanın adət-ənənələrinin beynəlxalq səviyyədə tanıdılması üçün də addımlar atılır. Məsələn, elə ötən ay Azərbaycanın zəngin musiqi irsi Mərakeşin qədim Fes şəhərində keçirilən 28-ci Dünya Müqəddəs Musiqilər Festivalı çərçivəsində uğurla təqdim olunub. Tədbirin ideyası – Qafqazdan Qazaxıstan çöllərinə qədər musiqi körpülərinin qurulması – müxtəlif mədəniyyətlərin və coğrafiyaların bir araya gəlməsinə xidmət edib. Azərbaycan muğamı bu zəngin musiqi xəritəsində öz orijinallığı, melodik zənginliyi və dərin mənəvi məzmunu ilə seçilərək festivalın ən yaddaqalan çıxışlarından biri olub.

Bundan başqa, diaspor təşkilatları da yaşadıqları ölkələrdə Azərbaycan adət-ənənələrinin təbliği ilə məşğul olur,müvafiq tədbirlər təşkil edirlər. Ölkəninmilli mətbəxi və musiqisinin tanıdılması da xüsusi diqqət mərkəzində yer alır. Bu fəaliyyət həm Azərbaycan diasporunu bir araya gətirir, həm də yerli ictimaiyyətin marağını cəlb edir. Milli adət-ənənələrin təbliği həm milli kimliyin qorunması, həm də gənc nəslin milli ruhda tərbiyəsi baxımından əvəzsiz əhəmiyyətə malikdir. Bu sahədə ailənin, məktəbin, medianın, dövlət qurumlarının və ictimai təşkilatların qarşıdakı dövrdə də birgə fəaliyyəti vacibdir. Azərbaycanın zəngin mədəni irsi, onun milli adət-ənənələri bu gün də yaşayır və yaşadılır. Onları gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. O da faktdır ki, xalqımızın milli sərvəti olan adət-ənənələr dünya miqyasında Azərbaycana böyük diqqət cəlb edir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
15
baki-xeber.com

1Mənbələr