İranın yeraltı nüvə obyektlərinə hücum edə bilən silahlar arasında hələ istifadə edilməyən və İsraildə olmayan bir silah var. Bu, GBU-57A/B, Amerika istehsalı “Massive Ordnance Penetrator” (MOP) adı daşıyan, yerin dərinliklərindəki hədəfləri vura bilən dünyanın ən böyük qeyri-nüvə bombasıdır.
13,6 ton ağırlığında olan bu dəqiq idarə olunan silah potensial olaraq dağın dərinliklərində yerləşən İranın yeraltı Fordo nüvə zənginləşdirmə obyektini vura bilər. Bu bomba “Boeing” tərəfindən istehsal olunur və yalnız ABŞ xidmətindədir. Hazırda İsrailin ona çıxışı yoxdur.
Qeyd edək ki, Qum əyalətində yerin dərinliklərində yerləşən Fordo qurğusu İranın nüvə proqramında ən təhlükəsiz yerlərdən biri hesab olunur. “The Washington Post” yazır ki, İsrail Hərbi Hava Qüvvələri yeraltı obyektləri məhv etməyə qadir olan güclü bunker bombalarından istifadə edib. İranın ən böyük uranın zənginləşdirilməsi obyekti olan Natanz əvvəlki hücumlarda artıq ciddi ziyan görüb. Ölkənin tikintisi başa çatmamış IR-40 ağır su reaktorunun yerləşdiyi Arak da vurulub. İran rəsmiləri deyirlər ki, hava hücumundan müdafiə qüvvələri İsrailin bir neçə pilotsuz təyyarəsini, raketini və bombasını vurub, lakin onların obyektlərini vurmasının qarşısını ala bilməyib. Mövcud durumda ABŞ Hərbi Hava Qüvvələri ilə İsrail Hərbi Hava Qüvvələri arasındakı mühüm fərq birincinin eyni vaxtda iki GBU-57 hava bombası daşıya bilən B-2 strateji bombardmançı təyyarələrinin olmasıdır. Bu, xüsusi olaraq hazırlanmış, 60 metr torpağa və 20 metr dəmir-betona nüfuz edə bilən sursatdır. Bu, İsrailin malik olduğu bombaların nüfuz etmə dərinliyindən ən azı iki dəfə çoxdur. İsrail İranın Fordo nüvə obyektini məhv etmək üçün ABŞ-dan hərbi yardım istəyib. Bu tələb təsdiqlənərsə, İsrailin İrana qarşı xüsusi əməliyyatının texnoloji həddə çatdığını və ABŞ-ın birbaşa iştirakı olmadan bu kampaniyanın daha da inkişaf etdirilməsinin mümkünsüzlüyünün əsas göstəricisi olacaq. İsrail üçün problem ondan ibarətdir ki, Fordonu məhv etmək üçün ona təkcə silah deyil, həm də daşıyıcı, yəni təyyarə lazımdır. Belə silhaı da ancaq B-2 strateji bombardmançı təyyarələri daşıya bilir. “Military Chronicle” teleqram kanalının məlumatına görə, İsrailin əlində olan və 50 metrə qədər torpağa nüfuz edə bilən 1800 kq ağırlığına olan GBU-28 bunker bombaları Fordo obyektini məhv edə bilməyib. Yeri gəlmişkən, bəzi məlumatlara görə, onlar daha əvvəl “Hizbullah” və HƏMAS-la mübarizə üçün böyük miqdarda istifadə edilib. Vaşinqton indi strateji seçim qarşısındadır: ya müttəfiqini dəstəkləyib hücumun əsas mərhələsini öhdəsinə götürmək, ya da müdaxilə etməmək və bununla da real müharibədə “şərtsiz dəstək”in tətbiqi hüdudlarını tanımaq.
Birləşmiş Ştatlar super böyük adi hava bombalarının yaradılmasında uzun bir ənənəyə malikdir. İkinci Dünya Müharibəsi zamanı onlar 5,5 tonluq “Tallboy” və on tonluq "Böyük Dəbilqə"dən müxtəlif dərəcədə müvəffəqiyyətlə istifadə ediblər. Tarixdəki ən böyük yüksək partlayıcı bomba, ümumi çəkisi 20 tondan çox olan dəhşətli “T-12 Cloudmaker” olub. Daha yaxın tarixə Vyetnam, İraq və Əfqanıstanda fəal şəkildə istifadə edilən BLU-82 6800 kq olub. 2003-cü ildə isə İraqın işğalı zamanı ABŞ döyüş təyyarələrinə yeraltı düşmən hədəflərinə hücum etmək tapşırılıb. Təcrübə göstərdi ki, mövcud ixtisaslaşdırılmış beton pirsinq bombalarının çeşidi yeni belə hədəfləri vurmağa imkan vermir. Bununla əlaqədar olaraq, Pentaqon təkmilləşdirilmiş xüsusiyyətlərə malik, hədəfləri daha dərinlikdə vura bilən bombanın hazırlanmasına başlayıb. Sələflərindən fərqli olaraq, onların idarə olunması və yüksək dəqiqlikli olması planlaşdırılırdı. “Massive Ordnance Penetrator” proqramı belə yarandı. GBU-57 bombasının ilk nümunəsi 2009-cu ildə təqdim edildi. Hazır prototip altı metr uzunluğunda, 0,8 metr diametrdə və döyüş başlığında üç ton partlayıcı maddəyə malik idi. Daşıyıcı onu obyektdən 120 km-ə qədər məsafədə yerə endirə və idarəetmə-korreksiya qurğusunun köməyi ilə radiusu on metrdən çox olmayan yerdəki dairəni vura bildi. 2011-ci ildə ilk on GBU-57 vahidi ABŞ ordusuna təhvil verildi. Onları yalnız “B-2A Spirit” stels bombardmançıları daşıya bilər. Beləliklə, dünyanın ən bahalı təyyarəsi dünyanın ən bahalı aviabombasının daşıyıcısına çevrilib. Həmin vaxt belə bir mürəkkəb döyüş sursatının dəyəri 16 milyon dollardan çox idi və xüsusi hallar üçün nəzərdə tutulmuşdu. Onun tətbiqi artıq praktikada reallaşıb. Belə bir hal Yəmənin Qırmızı dənizi blokadaya alması idi ki, bu da GBU-57-nin husilərə qarşı ilk istifadəsinə səbəb oldu. 2025-ci il martın 29-na keçən gecə beş gizli bombardmançı ABŞ kəşfiyyatının husilərin raket fabriklərinin mağaralarda yerləşdiyini müəyyən etdiyi Yəmənin dağlıq ərazilərini vurdu. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi daha sonra “Wall Street Journal”a bildirib ki, bombalar təəssüf ki, husilər istehsallarını başqa yerə köçürdükləri üçün hədəfə çata bilməyiblər. Qeyd edək ki, GBU-57A/B, xüsusi yaradılmış, adətən yer altında olan düşmən hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş ağır idarə olunan hava bombasıdır. Bu tip digər modellərdən ölçü və çəkisini artırmaqla, həmçinin yeni texniki həllərdən istifadə etməklə əldə edilən təkmilləşdirilmiş xüsusiyyətləri ilə fərqlənir. Bomba bir döyüş başlığı olan silindrik bir gövdədə hazırlanır. Korpusun yüksək gücü və torpağın, ya betonun qalınlığına nüfuz etmə qabiliyyətini təmin edən qalın divarları var. Korpusun mərkəzi hissəsində aşağı nisbətində X formalı qanadlar quraşdırılmışdır. Quyruqda hədəf təyin etmək üçün şəbəkəli sükanlar var. Quyruq bölməsində peyk naviqasiyasına əsaslanan idarəetmə və bələdçilik sistemi yerləşir. Bu, bu tip istiqamətləndirmə üçün xarakterik olan bir neçə metr məsafədə vuruşun dəqiqliyini təmin edir. Bombanın ümumi uzunluğu 6,2 m, diametri 800 mm-dir. Kütlənin 14 tona yaxın olduğu bildirilir ki, bu da mümkün daşıyıcıların dairəsini kəskin şəkildə məhdudlaşdırır. Daha əvvəl dərc olunmuş məlumata görə, korpusun içərisinə 2400 kq partlayıcı yerləşdirilib. Partlayış gecikmə rejimi olan alt qoruyucu tərəfindən həyata keçirilir. Böyük kütlə və təkmilləşdirilmiş aerodinamika bombanın yüksək sürətlə sürətlənməsinə və ən azı 60 m torpağa nüfuz etməsinə imkan verir. Onlar 2017-ci ildə Əfqanıstanda döyüşlərdə istifadə edilən “Bütün Bombaların Anası” kimi tanınan 9800 kq-lıq silah olan “Massive Ordnance Air Blast” silahından daha güclüdür. İndi ABŞ GBU-57A/B-dən Fordonu məhv etmək üçün yararlana bilər. Fordo qeyd edildiyi kimi İranın Natanzdakı əsas zavoddan sonra ikinci ən böyük uran zənginləşdirmə zavodudur.Fordonun təxminən 80 m torpaq və qaya altında basdırılmasından əlavə, İran və Rusiyanın yer-hava raket sistemləri ilə qorunduğu bildirilir.
Tahir TAĞIYEV