Əli Orucov: "İsrailin İrana hücumundan sonra regionda yaranan gərginlik Ermənistanı ona görə qorxuya salıb ki, o, ən yaxın müttəfiqini və qoruyucusunu itirir"
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin Azərbaycanın İsrail-İran münaqişəsindən istifadə edərək Ermənistanın Zəngəzur (Sünik) bölgəsinə hücum edəcəyi təqdirdə rəsmi Moskvanın necə reaksiya verəcəyi ilə bağlı sualına cavabında deyib:
"Bizim mexanizmlərimiz, müvafiq işçi qruplarımız, lazımi səviyyədə mütəxəssislərimiz var ki, bütün bu məsələləri həll edirlər. Ona görə də bu barədə düşünmək, müzakirə etmək belə istəmirəm. Azərbaycan da, Ermənistan da bizim üçün əsrlər boyu münasibətdə olduğumuz, sıx əlaqələrimiz olan ölkələr və xalqlar kimi əzizdir".
Ermənistan və Rusiyada narahatlıq müşahidə edilir ki, Azərbaycan İsrail-İran münaqişəsindən istifadə edərək Zəngəzura hücum edə bilər. Belə bir hadisənin baş verməsi ehtimalı varmı?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə səsləndirilən iddialar şantaj xarakterlidir, bu uydurma iddialar əvvəllər də irəli sürülüb və Bakıya hansısa formada təsir etmək məqsədi daşıyır: "Həmçinin Ermənistan bu qarmaqarışıq və mürəkkəb situasiyada diqqəti özünə yönəltmək istəyir. Azərbaycanın heç vaxt Ermənistana hücum etmək kimi bir niyyəti olmayıb. Bakının yürütdüyü xarici siyasətin ana xətti regionda qalıcı sülhə və təhlükəsizliyə nail olmaq, qonşuları ilə mehriban və qarşılıqlı maraqlara hörmət çərçivəsində əməkdaşlıqdlr. İsrailin İrana hücumundan sonra regionda yaranan gərginlik Ermənistanı ona görə qorxuya salıb ki, o, ən yaxın müttəfiqini və qoruyucusunu itirir. İran rejiminin də Ermənistanı müdafiə etməsi və qoruması onun Azərbaycana qarşı qeyri-dost mövqeyindən qaynaqlanır. Görünür, Paşinyan iqtidarı Azərbaycanın Ermənistana hücum edəcəyini deməklə, öz cəmiyyətlərində xof yaradaraq bu fonda zəifləmiş mövqelərini bir qədər möhkəmləndirməyi hədəfləyir. Həmçinin hakimiyyətdən narazılıqları neytrallaşdırmaq və artan etirazlardan diqqəti yayındırmaq üçün bu müharibədən istifadə edilir. Hazırda Ermənistanın sürətlə silahlandırılması, xüsusən də hücum və öldürücü silahlarla təmin edilməsi ciddi təhlükələr yaradır. Diqqət, əksinə, buna yönəldilməlidir".
Dəniz NƏSİRLİ