AZ

Moskvanın Paşinyanın yerinə hazırladığı milyarderlərin ikisi də türməlik oldu... Bakıda və İrəvanda...


“2021-ci il iyunun 18-də Azərbaycan Samvel Karapetyanı Ermənistana dəstək verdiyi üçün axtarışa verib. Ermənistanda Samvel Karapetyan 2025-ci il iyunun 18-də həbs edilib”. Bunu məşhur iş adamı Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir. O, uzun illər ərzində, xüsusən də İkinci Qarabağ müharibəsi və ondan sonrakı müəyyən dövr ərzində Qarabağ separatçıalarına müxtəlif formada dəstək verməklə, ölkəmizə qarşı müxtəlif müharibə cinayətləri törədən əsas şəxslərdən biridir. İndi Ermənistanda onun hbsini Azərbaycanla əlaqələndirmək istəyirlər. İddia edilir ki, nikol Paşinyan iqtidarı guya Azərbaycandan gələn sifariş əsasında Samvel Karapetyanı həbsə atıb. Halbuki, bu şəxs konkret cinayətlərinə görə həbs olunub. Belə ki, Samvel Karapetyanın indiki katolikosun və müxtəlif günahlar törətməkdə ittiham olunan digər keşişlərin yanında yer alması, onlar müdafiəsini bildiyi şəkildə təmin edəcəyini iddia etməsi adıçəkilən iş adamının hakimiyyətə qarşı mövqeyini də açıq şəkildə meydana qoyur. Həmçinin, onun açıqlamaları hakimiyyəti güc yolu ilə devirmək niyyətini də üzə çıxarır. Nəzərə alınmalıdır ki, Ermənistanda hakimiyyətə problemlər yaratmaq, ixtişaşlar törətmək üçün Samvel Karapetyan böyük maliyyə imkanlarına malikdir. “Forbes” jurnalının tərtib etdiyi 146 Rusiya milyarderi arasında Samvel Karapetyan bu il 44-cü yerdə qərarlaşıb. Onun sərvəti 3,2 milyard ABŞ dolları dəyərində qiymətləndirir. Kilsə ilə bağlı məlum açıqlamalarından az sonra Samvel Karapetyanın Ermənistandakı evində polis tərəfindən axtarış aparılıb. Az sonra isə iş adamının həbsinə qərar verilib. Ona Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi üzrə ittihamlar irəli sürülüb. Ardınca İrəvan şəhərinin birinci instansiya məhkəməsi Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Milli təhlükəsizlik məsələləri üzrə ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Sukerman qeyd edir ki, əslində, Ruben Vardanyan və Samvel Karapetyan Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini devirməklə bağlı Rusiyanın planının bir hissəsidir: "Eyni zamanda mən deməzdim ki, Vardanyanı Karapetyanla müqayisə etmək olar. Vardanyanın separatçıların başçısı kimi özünəməxsus rolu var. Bəli, onların hər ikisi rus oliqarxıdır. Amma Vardanyan qızıl işi ilə məşğul olub və onu Qarabağdan çıxarmağa cəhd edib ki, Rusiya Federasiyasının hərbi məqsədlərinə xidmət etsin. “Kilsə xadimi” Karapetyan kilsə işlərini, eləcə də Ermənistanın özündə biznesi hədəfə alır. O, Rusiya kəşfiyyat orqanlarına kömək etmək üçün kilsə fəaliyyətindən istifadə edərək Ermənistan siyasətinə birbaşa müdaxilə edir”. Zukermanın sözlərinə görə, hər iki rus oliqarxının məqsədi Paşinyan hökumətini devirmək olub: “Onlar İrəvanı Moskva ilə yaxın vaxtlara qədər Ermənistanın siyasi vəziyyətini səciyyələndirən vassal münasibətə qaytaracaq yeni hökumət yaratmaq üçün Paşinyanı devirmək məqsədinə xidmət edirlər”. O, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə qədər qalan müddətdə İrəvanda xaos səpmək üçün yeni cəhdlərin ediləcəyinə əmin olduğunu bildirib: "Hesab edirəm ki, Rusiya tərəfindən Ermənistanda dövlət çevrilişi etmək cəhdləri olub, lakin onların qarşısını Ermənistan təhlükəsizlik xidməti alıb. Prinsipcə, bu gün Rusiya Ukrayna ilə müharibə nəticəsində zəifləyib, lakin hazırki qlobal xaos şəraitində hər şey ola6 bilər".

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin Samvel Karapetyan və vəkillərinə dəstək verəcəyinə söz verib: "Rusiya vətəndaşı, rusiyalı iş adamı bizdən hər zaman kömək və dəstək alacaq. Təbii ki, Karapetyana dəstək olacaq".

İş adamı özü ittihamı tanımır və bütün instansiyalarda şikayət etmək NİYYƏTİNDƏDİRLƏR. Karapetyanın mətbuat xidməti bu ittihamları aşkar təzyiq cəhdi, Karapetyanın vətəndaş mövqeyini dövlət sisteminə təhdid kimi təqdim etmək istəyini – müxalifəti qorxutmaq və yatırtmaq cəhdi adlandırıb. Bir sıra Rusiya media vasitələri, deputatlar, müxtəlif şəxslər isə Paşinyan hakimiyyətini Samvel Karapetyanın həbsinə görə sərt tənqid atəşinə tutmağa başlayıblar. Aparıcı Vladimir Solovyov isə Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında daha çox təhqiramiz ifadələr səsləndirib. Bu fonda Ermənistan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə nota ünvanlayıb. Xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, Ermənistan Rusiyanın bir sıra siyasi və ictimai xadimlərinin Samvel Karapetyan ətrafında yaranmış vəziyyətlə bağlı açıqlamalarını daxili işlərə müdaxilə və ölkənin suverenliyinə qəsd kimi qiymətləndirir. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hasmik Akopyan isə xatırladıb ki, Samvel Karapetyanın həbsi ilə bağlı Rusiyanın hökumət və ictimai dairələrində çoxsaylı dəstəkləyici bəyanatlar verilib, onların bəziləri Ermənistanın daxili siyasi həyatına müdaxilə çağırışları ilə müşayiət olunub. Ararat Mirzoyan buna cavab olaraq qeyd edib ki, Rusiyanın dövlət televiziyasının “Vladimir Solovyovla axşam” proqramının efirində Ermənistan rəhbərliyinə qarşı qəbuledilməz çağırışlar, təhrif olunmuş münasibət, təhqirlər, o cümlədən şəxsi xarakterli ifadələr səsləndirilib: “Bundan dərhal sonra oxşar təzahürlər və ifadələr Rusiyanın siyasi xadimlərindən, o cümlədən Dövlət Dumasının deputatlarından, xüsusən də hakim çoxluqdan olan deputatlardan da eşidilib. Ermənistan bu təzahürləri iki ölkə arasındakı dostluq münasibətlərinə və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edir. Biz bunu təkcə ənənəvi erməni-rus dostluğuna və bu dostluğu təsbit edən və ya tənzimləyən hüquqi sənədlərə zidd deyil, həm də Ermənistan Respublikasının daxili işlərinə birbaşa, açıq müdaxilə, suverenliyimizə və demokratiyamıza qəsd hesab edirik”. Hesab edilir ki, baş verənlər fonunda Rusiya və ermənistan arasında Samvel Karapetyan üzündən münasibətlərin daha da gərginləşməsi qaçılmaz olacaq.

Nahid SALAYEV

Seçilən
5
baki-xeber.com

1Mənbələr