AZ

Əliyev bu dəfə Türkiyədə daha böyük coşqu ilə qarşılandı - qardaşlığın yeni yüksəlişi...


Samir Hümbətov: “...Türkiyə ictimaiyyətinin Prezidentimizə olan hörmətinin, sevgisinin təzahürüdü”

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasiminə qatılan Prezident İlham Əliyev səhnəyə dəvət olunarkən aparıcının “Qarabağdan Kahramanmaraşa uzanan bir səmimiyyət, sərhədləri aşan bir qardaşlıq, çətin gündə çiyin-çiyinə duran can yoldaşımız gəlir. Qafqazların ulduzu cənab İlham Əliyev...” deməsi və insanların Prezident Əliyevi böyük coşqu ilə qarşılaması bütün dünyanın gözü qarşısında baş verdi.

Prezident İlham Əliyev bu dəfə Türkiyədə daha səmimi qarşılandı. Yəni tək dövlət yetkililəri səviyyəsində yox, həm də ictimai kəsimdə Əliyevə böyük rəğbət ifadə edildi. Sayslz sadə türk vətəndaşlarından münasibətlər öyrənildiyini və onların fikirlərinin TV-lərdə yayımlandığını gördük.

Əliyevin həm də ictimaiyyət tərəfindən belə hədsiz mehribanlıqla və isti qarşılanmasını necə dəyərləndirmək olar və necə dəyərləndirmək lazımdır?

“Prezident İlham Əliyevin Kahramanmaraşda isti və səmimi qarşılanması bu amillərlə bağlıdır”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Bakı-Xəbər”ə bildirdi ki, İlham Əliyevə Türkiyə ictimaiyyətinin böyük sevgisi təsadüfi deyil, bunun əsasları var: “Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərində sadə insanlar, ictimaiyyət tərəfindən belə səmimi və hərarətlə qarşılanmasının arxasında duran əsas səbəb onun şəxsi keyfiyyətlərindən, xarizmasından da irəli gəlir. Bu eyni zamanda Türkiyə dövlətinin və Türkiyə ictimaiyyətinin Prezidentimizə olan hörmətinin, sevgisinin təzahürüdür. Bəzən dövlətlər bir-biri ilə daha çox rəsmi səviyyədə əlaqələr qururlar. Amma Türkiyə və Azərbaycan arasında sözün həqiqi mənasında “bir millət, iki dövlət anlayışı” var. Türkiyə cəmiyyəti ilə Azərbaycan cəmiyyəti arasında çox sıx əlaqə var. Bu da milli və etnik, milli soy-kök baxımından bağlılıqdan irəli gəlir. Əlbəttə, Türkiyə vətəndaşları çox yaxşı bilirlər ki, 2023-cü ilin 6 fevral tarixində Türkiyədə baş verən dəhşətli zəlzələ hadisəsində onların köməyinə ilk yetişən Azərbaycan dövləti və xalqı oldu. Şəxsən cənab Prezidentin tapşırığı ilə zəlzələnin vurduğu fəsadların aradan qaldırılmasında, xilasetmə işlərində Azərbaycanın Fövqaladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin əməkdaşları və digər dövlət qurumlarının əməkdaşları yaxından iştirak etdilər. Eyni zamanda vətəndaşlarımızın özləri də könüllü şəkildə bu prosesə qoşuldular, zəlzələdən əziyyət çəkən qardaşlarımız üçün yardımlar toplandı, onlar aparılıb onlara çatdırıldı. Türkiyə vətəndaşları bunların hamısını gördülər. Onlar yaxşı başa düşürlər ki, Azərbaycanda onlara böyük sevgi, qardaşlıq duyğusu var, dəstək var. Bu gün onlar da qarşılıqlı olaraq bizə o xoş münasibəti göstərirlər. Düzdür, bu münasibət əvvəllər də vardı, amma bu dəhşətli, dağıdıcı zəlzələdən sonra daha da möhkəmləndi.

Eyni zamanda Türkiyədə baş verən dəhşətli meşə yanğınları zamanı da bizim xilasedicilər birbaşa Azərbaycan Prezidentinin göstərişinə əsasən qardaş harayına yetişdilər. Prezidentimizin məsələyə həssas yanaşmasını, qardaş ölkəyə lazım olan dəstəyi göstərmək üçün o andaca qərar verməsini Türkiyə ictimiayyəti yaxşı bilir və yüksək qiymətləndirir”.

S.Hümbətov qeyd etdi Azərbaycan və Türkiyə qarşılıqlı olaraq həm xoş, həm də çətin gündə bir-birinin yanında olublar və bir-birini dəstəkləməkdən, müdafiə etməkdən geri çəkilməyiblər.

S.Hümbətov eyni zamanda qeyd etdi ki, Prezident İlham Əliyevin Vətən müharibəsində Qarabağ fatehi kimi ortaya çıxması da, həm diplomatik, həm hərbi, həm ideoloji baxımdan apardığı mübarizənin nəticəsi olaraq Azərbaycan torpaqlarını işğaldan azad etməsi də Türkiyə cəmiyyətində çox müsbət və sevinclə qarşılanan haldır: “Biz necə Qarabağın işğaldan azad olunmasına seviniriksə Türkiyə insanları da sevinirlər. Onlar da Qarabağın işğaldan azad olunmasını bizim qədər bayram edirlər və “bir millət, iki dövlət” anlayışı məhz burda özünü göstərmiş olur. Azərbaycan dövlətinin Kahramanmaraşda tikdiyi “Azərbaycan” məhəlləsinə gəlincə, bu gün Azərbaycan Qarabağda tikinti-quruculuq işləri aparır, onun eynisini də Kahramanmaraşda edib. Azərbaycan Prezidenti üçün Azərbaycan nədirsə Türkiyə də odur. Bunu da onlar həm dövlət, həm cəmiyyət, həm də vətəndaşlar səviyyəsində çox yaxşı başa düşürlər. Prezident İlham Əliyevin Kahramanmaraşda isti və səmimi qarşılanması bu amillərlə bağlıdır”.

İradə SARIYEVA

Seçilən
7
baki-xeber.com

1Mənbələr