AZ

Dəhşətli zəlzələ bölgəsində məhəllə salan ilk türk müsəlman dövləti - Azərbaycanın yeni statusu...


Azərbaycan dövləti tərəfindən Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması böyük tarixi hadisə olmaqla yanaşı, həm də qardaşlığımızın növbəti isbatıdır. Ümumiyyətlə, Türkiyədə baş verən zəlzələ faciəsi zamanı Azərbaycan və Türkiyə dövlətləri, cəmiyyətləri bu bəlanın aradan qaldırılması üçün həmrəylik ortaya qoydular, birgə mübarizə göstərdilər.

Azərbaycan Türkiyədə zəlzələ bölgəsində ayrıca məhəllə salan ilk türk-müsəlman dövləti oldu.

Bu fakt dünyaya nə mesaj verir?

Aydın Mirzəzadə: “Bir daha dünya, bir daha Azərbaycan və Türkiyə xalqı qardaşlığın, dostluğun nə olduğunu gördülər”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə bildirdi ki, Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin salınması Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının yeni tarixi bir göstəricisi oldu: “Bir daha dünya, bir daha Azərbaycan və Türkiyə xalqı qardaşlığın, dostluğun nə olduğunu gördülər. Azərbaycan Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra ona yardım edən ilk dövlət oldu. Türkiyə xilasedicilərindən sonra sayca ən çox xilasedici Azərbaycandan gedənlər idi. Orda iki səyyar hospital açıldı, 56 nəfər dağıntıların altından xilas edildi, 300-dən artıq insana tibbi yardım göstərildi, eyni zamanda yerli əhali də hospitalın xidmətlərindən istifadə edə bilirdi. Azərbaycan həmin dövrdə zəlzələdən əziyyət çəkənlərə 1 milyard ABŞ dollarından çox yardım göstərdi. Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin salınması bir daha göstərdi ki, Azərbaycanla Türkiyə hər zaman birdirlər, sevincləri və kədərləri birdir. Bu sevinclərin çox olması üçün daima hər iki tərəf də addımlar atır. Təkcə yaşayış mənzilləri deyil, 90-dan çox binada 1200-dən çox mənzil tililib. Halbuki, Kahramanmaraşda Türkiyə dövləti tərəfindən 3600 mənzil tikilməli idi, onun 30 faizi Azərbaycan tərəfindən tikildi. Orda məktəb, uşaq bağçası, istirahət mərkəzi və digər infrastrukturlar da, sosial obyektlər də salındı. İyunun 19-da Azərbaycan və Türkiyə Prezidentləri çıxışları ilə bu qardaşlığı daha da möhkəmləndirmək əzmində olduqlarını göstərdilər. İzdihamdan “Qarabağın fatehi” deyə Prezident İlham Əliyevə müraciət isə Türkiyədə, türk dünyasında cənab Prezidentin böyük nüfuzunu göstərdi. Türk dövlətləri həmişə birdirlər, bundan sonra da həmişə bir olacaqlar”.

Məhərrəm Zülfüqarlı: “Azərbaycanın Kahramanmaraşda ayrıca məhəllə salan ilk türk-müsəlman dövləti olması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunun təzahürlərindən biridir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı da “Bakı-Xəbər”ə bildidi ki, Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanın Türkiyədə ayrıca bir məhəllə tikməsi iki qardaş xalqın tarixən sarsılmaz əlaqələrini, dostluğunu və qardaşlığını bir daha sübut etdi: “Yəni əgər biz yaxın tarixə nəzər salsaq, Qafqaz İslam Ordusunun Azərbaycanın həyatında oynadığı böyük xilasedici rolunu göstərə bilərik. Bundan başqa, Türkiyədə Milli Azadlıq Hərəkatı-Atatürkün hərəkatı dövründə Azərbaycanda Sovet quruluşunun olmasına baxmayaraq Nəriman Nərimanovun qardaş Türkiyəyə köməyini qeyd edə bilərik. O dövrdə Atatürk Nərimanova deyəndə ki, bu qardaşlıq borcudur, Nərimanov da ona cavab vermişdi ki, qardaş qardaşa borc verməz, əl tutar. İndiki dövrdə də bu qardaşlıq davam edir. Qardaş Türkiyə necə ki 44 günlük müharibədə, 23 saatlıq lokal antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi, bizim də borcumuzdur ki, çətin günlərdə onun yanında olaq”.

M.Zülfüqarlı hesab edir ki, Azərbaycan və Türkiyənin gələcəkdə bu qardaşlığı daha da inkişaf etməlidir. “Azərbaycanın Kahramanmaraşda ayrıca məhəllə salan ilk türk-müsəlman dövləti olması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunun təzahürlərindən biridir. Bu onu göstərir ki, Azərbaycan və Türkiyə bir-birinə bağlıdır və onları bir-birindən heç bir qüvvə qopara bilməz. Hesab edirəm ki, bu qardaşlıq gələcəkdə daha da inkişaf etdirilməli və möhkəmləndirilməlidir”-deyə M.Zülfüqrlı əlavə etdi.

İradə SARIYEVA

Seçilən
7
baki-xeber.com

1Mənbələr