"Nobel mükafatçısı Nərgiz Məhəmmədi və digər fəallar dəyişimin fərqli yollarını axtarır..."
İranda hakim rejimin sabitliyi sarsılır, amma xalqın etiraz əzmi hələlik görünmür. 1979-cu il İslam inqilabından bu yana rejim bu qədər təzyiq altında olmayıb. Siyasi iztirab, sosial narazılıq və iqtisadi çöküş genişlənir.
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.
Nəşr qeyd edir ki, müxalifət bu tarixi məqamdan istifadə etməyə hələ ki qadir deyil, səbəblər isə həm daxili, həm də xarici amillərlə bağlıdır.
Son aylarda baş verənlər, xüsusilə İsrailin İran ərazisinə endirdiyi hava zərbələri vəziyyəti daha da gərginləşdirib. Hücumlar əsasən İranın təhlükəsizlik strukturlarını hədəfə alsa da, nəticədə 639 nəfər həyatını itirib. Həlak olanlar arasında yüksək rütbəli hərbçilər və nüvə sahəsində çalışan alimlərlə yanaşı, mülki şəxslər də var. Müharibənin qorxusu və qeyri-müəyyənliyi, Tehran daxilində mümkün təxliyə
ilə bağlı xəbərlər insanlarda ciddi təlaş yaradıb.
Bu fonda sosial narazılığın küçələrə çıxmaq əvəzinə evlərə qapanması təəccüblü deyil. Keçmiş siyasi məhbus və hüquq müdafiəçisi Atena Daemi vəziyyəti belə təsvir edir: "İnsanlar bu şəraitdə ailəsini, özünü və hətta ev heyvanlarını qorumağa çalışır. Küçəyə çıxmaq, etiraz etmək bu gündəlik qorxu ilə yaşamaqdan daha çətin görünür".
İctimaiyyətin susması isə müxalif liderlərin təşəbbüslərini daha da çətinləşdirir. ABŞ-da yaşayan şahın oğlu Rza Pəhləvi rejim dəyişikliyinə liderlik etmək niyyətində olduğunu açıqlasa da, onun ölkə daxilində real təsiri və dəstəyi ciddi sual altındadır. Çünki əhalinin böyük hissəsi şah dövrünü yaşamayıb və bu nostalji çağırışların real dəyişikliyə səbəb olacağına inam yoxdur.
Eyni zamanda rejimin özü də vəziyyətdən xəbərdardır və təzyiqlərə cavab vermək üçün hərbi hazırlıq vəziyyətindədir. "Bəsic" milis qüvvələrinin üzvləri ölkə daxilində "İsrail casuslarını' axtarmaq və ictimai sabitliyi qorumaq adı ilə səfərbər edilib. Bu, eyni zamanda rejimin mümkün kütləvi narazılıq dalğasından qorxduğunu göstərir.
Amma hər şey bu qədər ümidsiz deyil. Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi kimi simalar bu qaranlıqda hələ də səs verməyə, insan haqları və sülh naminə mübarizəyə davam edirlər. Hazırda ölkədən kənarda yaşayan Məhəmmədi "Time" jurnalına ünvanladığı açıq məktubda bu sözlərlə çıxış edib:
"Bu müharibə yalnız İran və İsrail arasında deyil. Bu, bütün bölgəni əhatə edə bilər. Gəlin birlikdə sülh uğrunda danışaq. Qlobal atəşkəs çağırışına çevrilək". Məhəmmədi həmkarlarını - digər Nobel laureatlarını və hüquq müdafiə təşkilatlarını da birləşməyə çağırır. Onun sözlərinə görə, müharibənin alovu sərhədləri aşaraq dünyaya yayılmaq təhlükəsi daşıyır və bu səbəbdən sülh üçün səs qaldırmaq indi hər zamankından daha vacibdir.
Nərgiz Məhəmmədi sadəcə bir fəal deyil, o, rejimin ən sərt təqib etdiyi simalardan biridir. Onu 13 dəfə həbs ediblər, cəmi 36 ildən çox həbs cəzası alıb. Nobel mükafatına layiq görüldüyü vaxt da zindanda olub. 2024-cü ilin dekabrında səhhəti ilə bağlı müvəqqəti azadlığa buraxılsa da, onun mübarizəsi və çağırışları bu gün də rezonans doğurur.
Beləliklə, İran dəyişmək üzrədir, amma bu dəyişiklik hələlik səssiz və daxildən baş verir. Küçələr boşdur, amma evlərdə və vicdanlarda narazılıq artır. Fəallar və hüquq müdafiəçiləri rejimi birbaşa hədəf almaq əvəzinə, beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırır. Rejim zəifləyib, xalq susur, amma bu sükut fırtına öncəsi sakitlik də ola bilər.