AZ

III ixtisas qrupunun artacaq keçid balları – Abituriyentləri  gözləyən “sürpriz”

Universitetlərə qəbulun ən vacib mərhələsindən biri-blok imtahanlarının I cəhdi başa çatdı. Artıq bütün ixtisas qrupları üzrə imtahan nəticələri ictimaiyyətə elan edilib. Əvvəlcə, II-III, daha sonra isə I və IV ixtisas qrupları üzrə birinci cəhd blok imtahanları hələ  nəticələr elan edilməmişdən əvvəl də ciddi müzakirə obyektinə çevrilmişdi. Buna səbəb isə imtahanlardakı sualların çətinlik dərəcəsi və bir neçə yanlış test tapşırığı idi. Xüsusən də I ixtisas qrupunda riyaziyyat fənni üzrə bir test tapşırığının yanlış surətdə təqdimi, abituriyent və onların valideynlərində ciddi narazılıq yaratmış oldu. Təsadüfi deyil ki, Dövlət İmtahan Mərkəzi cəmi bir gün sonra həmin test nümunəsi ilə bağlı yanlışlığı etiraf etmiş və tapşırığın doğru cavablandırılması kimi abituriyentlərin xeyrinə qəbul edilmişdi. III ixtisas qrupunda da tarix fənni ilə bağlı bu cür mübahisəli sual olsa da, onunla bağlı hər hansı rəsmi qərar verilmədi.
 
Amma dəyişməyən bir reallıq var: həqiqətən də bütün ixtisas qrupları üzrə  birinci cəhd blok imtahanlarına salınan suallar özünün çətinlik dərəcəsinə görə xeyli fərqlənmiş oldu. Sosial şəbəkələrdə, ictimai rəy sorğularında imtahan vermiş minlərlə abituriyentin, həmçinin, müxtəlif fənlərlə bağlı yüzlərlə mütəxəssisin yekdil fikrinə görə suallar bu dəfə ötənilkindən də daha qəliz tərtib edilmişdi. Cəmi 2 ay öncə (2-9 Mart tarixlərində) keçirilən buraxılış imatahanlarından 200,250 balın üzərində nəticə göstərən abituriyentlər bu dəfə 100, 150 ballıq səddi çox çətinliklə aşa bildilər. Deməli, məsələ abituriyentin bilik göstəricisi ilə bağlı deyil. Çünki bir fərdin bilik bazasının və məntiqi mühakimə qabiliyyətinin cəmi 2 ay ərzində bu qədər kasadlaşması nəzəri baxımdan mümkün deyil. Bu isə o deməkdir ki, situasiyanı reallaşdıran əsas meyar sualların çox çətin tərtibidir.  Belə olan halda müxtəlif ixtisas qrupları ilə bağlı nələrin dəyişməsinin, hansı yeniliklərin olmasının şahidi olacağıq?
 
Qarşıda hələ ikinci cəhd blok imtahanları olduğu üçün bu barədə indidən nəsə demək çox da asan deyil. Lakin ötən həftə DİM-in direktorlar şurasının sədri Məleykə Abbaszadənin açıqlaması zamanı bir neçə proqnozu səsləndirməsi xüsusi marağa səbəb oldu. Məleykə xanım qonaq olduğu TV proqramda ixtisas qrupları, keçid balları ilə bağlı maraqlı proqnoz səsləndirdi Onun fikrincə, bu il III ixtisas qrupu üzrə keçid ballarında artım müşahidə ediləcək. Bu artım daha çox cüzi xarakter daşıyacaq və 3-5 ballıq fərq civarında olacaqdır. DİM-sədrinin fikirlərində həqiqət payı böyükdür. Belə ki, bu il III ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 28270-dir. Ötən il isə bu rəqəm 25146 olub. Cəmi bir il üçün arada olan artım fərqi 3124-dür. Bu isə xüsusən də III ixtisas qrupu üçün kifayət qədər ciddi fərqdir. Çünki III ixtisas qrupuna aid olan ixtisaslar artıq bir neçə ildir ki, ən çox plan yerlərinin ayrıldığı ixtisaslar sırasında deyillər. Bu ixtisaslar daha çox I və II ixtisas qrupunu əhatə edir. Əksinə, III ixtisas qrupunun özəyini təşkil edən pedaqoji əsaslı ixtisaslara ayrılan plan yerləri ildən-ilə azalır. Ötən il bu qəbildən təkcə xarici dil müəllimliyi ixtisasını istisna etmək olar. Bu ixtisas bütün qruplar üzrə ən çox plan yerlərinin ayrıldığı ixtisasların ilk onluğunda özünə yer edə bilmişdi. Plan yerlərinin hər hansı ixtisasa görə artıb-azalmasını isə təbii ki, əmək bazarı və onun gələcək tələbləri müəyyən edir. Məsələn, builki hansı ixtisaslar 4 ildən sonra (bir tələbənin kadr kimi formalaşması üçün lazım olan zaman kəsimi) əmək bazarında daha çox tələb ediləcəksə, onlara da plan yerləri daha çox ayrılır. Bu qədər sadə... III ixtisas qrupundakı ictimai profilli, pedaqoji əsaslı ixtisaslarla bağlı kifayət qədər kadr bazamız olduğu üçün qarşıdakı illərə görə onlar çox da geniş plan  yerlərinə sahib deyillər. Bu səbəbdən biz III ixtisas qrupunda bütün ixtisaslarda keçid balının heç də cüzi artacağını deyə bilmərik. Artım olacaqmı?-Olacaq! Amma hər ixtisasda cəmi 3-5 bal aralığında yox, daha çox. Həm yuxarıda səsləndirdiyimiz faktorlara görə, həm də indi əlavə edəcəyimiz başqa bir səbəbə görə III ixtisas qrupu ilə bağlı daha çox artımı görə bilərik. Sadalayacağımız bu faktor TC alt qrupuna olan builki izafi maraqdır. Bildiyimiz kimi, III ixtisas qrupu DT və TC olmaqla iki alt qrupa bölünür. TC altqrupunda cəmi iki-Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarının olmasına baxmayaraq, builki müraciət sayı ötənilkini xeyli qabaqlamış oldu. Bunun bir səbəbi də DİM tərəfindən III ixtisas qrupuna qeydiyyatla bağlı verilən qərar oldu. Belə ki, I ixtisas qrupundan fərqli olaraq burada abituriyent universitetlərə qəbulun  qeydiyyatı  zamanı həm DT, həm də TC altqrupunu seçmək imkanına malikdir. Hər ikisini seçənlər bir dəfə ayrıca olaraq Coğrafiya fənnindən də imtahan verməklə şanslarını hər iki altqrup üzrə sınaya bilərdilər. I ixtisas qrupunu seçənlərin isə bu şansı olmadı. Onlar ya RK, ya da Rİ altqruplarını seçməklə  yalnız bir altqrup istiqamətində imtahan verə bilərlər. Yalnız ikinci cəhd blok imtahanlarında abituriyent altqrupları dəyişməklə şansını yenidən sınaya bilər. Sadə dildə desək, I cəhddə RK (Riyaziyyat-Kimya) altqrupunu seçən abituriyent, ikinci cəhddə Rİ (Riyaziyyat-İnformatika ) altqrupunu seçə bilər. Amma III qrupda bu ayırıcılıq olmadı və nəticədə TC altqrupunu seçənlərin sayı önənilkiləri xeyli üstələdi. Bu isə o deməkdir ki, ən azı, TC altqrupuna aid ixtisaslarda keçid bal artımı 3-5 bal, deyil  daha yüksək olacaqdır. 
 
Amma yenə də bəzi məsələlərdə tələsmək olmaz. Çünki qarşıda hələ demək olar 90 % abituriyentin yenidən iştirak edəcəyi ikinci cəhd blok imtahanları və hələ də necə olacağını bilmədiyimiz plan yerlərinin bölgü nisbəti var.  Bu iki prosesin vacib datalarını əldə etdikdən sonra nəinki III, həmçinin, digər ixtisas qruplarının da durumu barəsində daha dəqiq mülahizələr səsləndirmək mümkündür. İndi əsas sual budur: görəsən, qarşıdakı ikinci cəhd blok imtahanlarının ağırlıq dərəcəsi necə olacaq? Əgər orada da suallar birinci cəhddəki ağırlığında qalmış olsa, onda biz nəinki III, həm də bütün ixtisas qrupları ilə bağlı həyəcan siqnalını dinləməli olacağıq....
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı 
 
Seçilən
5
moderator.az

1Mənbələr