"Maskın siyasi sığınacaq xəbərləri, atasının Moskva səfəri və Rusiyasayağı şou..."
Rusiyada son günlər gündəmi zəbt edən bir iddia beynəlxalq medianın da diqqətini cəlb edib: guya İlon Mask Rusiya Xarici İşlər Nazirliyinə siyasi sığınacaq üçün rəsmi müraciət edib.
Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu iddianı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Dövlət Dumasının sədr müavini, "Yeni İnsanlar" partiyasının təmsilçisi Vladislav Davankov irəli sürüb.
Onun sözlərinə görə, Mask texnoloji zəkası və vizyoner bacarıqları ilə dəyərli şəxsdir və Rusiya, əgər digər ölkələr onu qəbul etməzsə, həmişə belə insanlara qapılarını açmağa hazırdır. Davankov eyni zamanda vurğulayıb ki, Mask "bəzən səhvlər edib, lakin bağışlamağı bacarmaq lazımdır". Lakin bu iddianın doğruluğu ciddi suallar doğurur.
Siyasi analiz və şübhələr
Siyasi şərhçi İqor Reyteroviç bu xəbəri ciddiyə almamağa çağırır. Onun sözlərinə görə, Mask eksentrik biri olsa da, ABŞ-dan köçəcəyi təqdirdə onun ünvanı çox güman ki, Rusiya olmayacaq: "Bu tamamilə cəfəngiyyatdır. Mask istədiyi ölkəyə gedə bilər, niyə məhz Rusiya? Bəlkə də ruslar onun atasını - Errol Maskı qarışdırıblar".
Həqiqətən də, bu qarışıqlığın əsas mənbələrindən biri Errol Maskın gözlənilməz şəkildə Moskvaya gəlməsi olub. O, "2050- Gələcəyin Forumu"nda iştirak edib və müsahibəsində oğlunu tənqid edərək bildirib ki, onun son davranışlarını yorğunluq və streslə izah etmək olar. Errol Mask həmçinin tərəqqipərəst demokratlara qarşı çıxaraq Trampı daha rasional bir lider kimi dəyərləndirib.
Mask və Tramp arasında soyuq savaş
Sığınacaq iddialarının fonunda Mask ilə ABŞ prezidenti Donald Tramp arasında baş vermiş açıq münaqişə də diqqət çəkir. Mask Trampın vergi və xərclər planını "iyrənc" adlandırdıqdan sonra, Tramp onu "dəlisov" adlandırıb. Ən pik nöqtədə Tramp Maskın şirkətləri ilə dövlət müqavilələrini ləğv edəcəyini bəyan edib.
Bu açıqlamadan sonra "Tesla"nın səhmləri bir gün ərzində 14 faiz düşərək, şirkət tarixində rekord zərərə səbəb olub. Buna baxmayaraq, Mask bir neçə gün sonra geri addım ataraq Trampa qarşı "çox sərt getdiyini" etiraf edib və üzr istəyib. Tramp bu üzrxahlığı "çox xoş" qarşılayıb.
Rusiya: sığınacaq yoxsa tamaşa?
Rusiya Xarici İşlər Nazirliyi hələlik bu məsələ ilə bağlı rəsmi cavab verməyib. Nazirliyib sözçüsü Mariya Zaxarova Maskla bağlı heç bir rəsmi müraciət almadıqlarını bildirib və jurnalistləri bu xəbəri yayanlara müraciət etməyə çağırıb. Kremlin sözçüsü Dmitri Peskov da məsələni şərh etməkdən imtina edib. TASS agentliyi isə Moskvadakı yüksək vəzifəli mənbəyə istinadla bildirib ki, Davankovun bu "şou yaratmaq" cəhdi artıq "yolverilməz həddə çatıb".
Nəticə olaraq Maskın Rusiyaya sığınacaq istəməsi ilə bağlı yayılan məlumatlar daha çox informasiya manipulyasiyası, iç siyasətdə reytinq axtarışları və beynəlxalq diqqəti yayındırmaq üçün uydurulan ssenariyə bənzəyir. Həqiqət isə Maskın hələ də ABŞ-da qalması və bütün bu hadisələrin fonunda öz siyasi-texnoloji nüfuzunu balanslaşdırmağa çalışmasıdır.