Otellərin ulduz reytinq sistemi otellərin ümumi keyfiyyətinə, imkanlarına, xidmətlərinə və şəraitinə əsasən təsnifləşdirilməsi və kateqoriyalaşdırılması üçün geniş şəkildə qəbul olunmuş bir üsuldur. Bu sistem, turistlərə konkret oteldən nə dərəcədə rahatlıq və lüks gözləyə biləcəklərini əvvəlcədən təxmin etməyə kömək edən standartlaşdırılmış göstəricidir.
Dünyada müxtəlif növ otel ulduz reytinq sistemləri mövcud olsa da, onların əksəriyyəti 1-dən 5-ə qədər ulduzla qiymətləndirilir. Daha çox ulduz, daha yüksək keyfiyyət deməkdir. Bəzi sistemlərdə isə yarım ulduzlu qiymətləndirmələr də mövcuddur.
Valyuta.az otellərə verilən hər ulduzun mənasını təqdim edir:
1 ulduz - Ən əsas xidmətlərə malik, ucuz, minimal şəraitli otellər. Sadəcə gecələmək üçün nəzərdə tutulur.
2 ulduz - Daha rahat, lakin hələ də sadə xidmətlər təqdim edən otellər. Wi-Fi, otaq xidməti və ya kiçik restoran ola bilər.
3 ulduz - Orta səviyyəli otellər. Əlverişli və rahat qalmaq üçün uyğun şəraiti, adətən restoran, bar və bəzən fitnes zalı və ya konfrans otaqları olur.
4 ulduz - Yüksək səviyyəli otellər. Geniş imkanlar, rahat otaqlar, spa, fitnes mərkəzi, bir neçə restoran və s. kimi xidmətlər təqdim olunur.
5 ulduz - Ən yüksək səviyyədə lüks, fərdi xidmətlər və rahatlığı olan, geniş və eleqant otaqlar, yüksək səviyyəli restoranlar, konsyerj xidməti, tam xidmətli spa və digər premium imkanları var.
Ənənəvi olaraq, turistlər otel seçərkən bu reytinqlərdən istifadə edirlər. Lüks axtaranlar yuxarı reytinqli otellərə üstünlük verir, daha az büdcəsi olanlar isə aşağı ulduzlu otelləri seçirlər.
Bəs otel seçərkən ulduz reytinqlərdən başqa nə vacibdir?
Ulduz sistemi mühüm olsa da, bu gün turistlərin əksəriyyəti otel seçərkən "Google Hotel Finder", "TripAdvisor" və digər onlayn platformalardakı reytinqlərə də diqqət yetirir.
Belə platformalarda yüksək reytinq əldə etmək, bəzən rəsmi ulduz reytinqi qədər, hətta daha da vacib ola bilər.
Kiçik otellər üçün ulduz reytinq sisteminin əhəmiyyəti
Ulduz sisteminin kiçik otellər üçün bir sıra üstünlükləri var:
Rəqabət üstünlüyü - Yüksək ulduz reytinqi oteli bazarda daha cəlbedici edə bilər. Turistlər çox vaxt ilkin seçim üçün ulduzlara əsaslanır. Yüksək reytinq daha çox sifariş, daha yüksək qiymət və daha çox gəlir deməkdir.
Qonaq gözləntiləri - Qonaqlar, otelin neçə ulduz aldığını görəndə təxmin edə bilirlər ki, orada hansı səviyyədə rahatlıq və xidmət olacaq. Bu da narazılıqların qarşısını alır.
Keyfiyyətə nəzarət - Reytinq almaq üçün otellər daim xidmətlərini yaxşılaşdırmağa çalışır. Bu isə bərpa işləri, modernizasiya və heyətin təlimi kimi tədbirlərə səbəb olur.
Bazarda tanınma - Yüksək reytinq otelə nüfuz və prestij qazandırır. Reklamlar vasitəsi ilə tanıdılır, etibarı artır.
Onlayn turizm agentlikləri - "Booking.com" və s. saytlar ulduz reytinqlərinə əsasən otelləri ön plana çıxarır. Bu isə görünürlüyü və sifariş ehtimalını artırır.
İstər rəsmi reytinq, istərsə də müştəri rəylərinə əsaslanan sistemlər ("Google", "TripAdvisor") vasitəsilə əldə edilən ulduzlar, qonaqların gözləntilərini düzgün yönəltməyə kömək edir. Yüksək reytinq daha çox sifariş və premium müştərilər deməkdir.
Aşağı ulduz reytinqi də pis deyil, bu, sadəcə otelin hansı səviyyədə xidmət təqdim etdiyini göstərir. Amma əksər otellər daha yüksək reytinq almağa çalışır, çünki bu, nəticə verir.
Ulduz reytinq sistemi necə işləyir?
Ənənəvi reytinq sistemi adətən 1-dən 5-ə qədər ulduzla aparılır. Nadir hallarda (məsələn, BƏƏ-də) 7 ulduzlu otel də olur, amma əksər hallarda 5 ulduz maksimum səviyyə sayılır.
Hər ölkədə ulduz verən orqan fərqli ola bilər:
ABŞ - "Forbes" və "AAA" kimi təşkilatlar rəsmi reytinq verir. Lakin bir çox otel özbaşına özünü “5 ulduz”lu elan edir.
İtaliya - Hökumət tərəfindən təyin olunan standartlara əsaslanır, lakin bölgələr arasında fərqlər olur. Məsələn, Venesiyada 3 ulduzla Neapolda 3 ulduz eyni deyil.
Fransa - "Atout France" və "COFRAC" otelləri qiymətləndirir, 5 ildən bir audit olunur. Əlavə olaraq, 5 ulduzlu otellər "palace" statusu da ala bilər.
Avstraliya - "Star Ratings Australia" sistemi tətbiq olunur. Bəzən “6 ulduzlu” otellər də reklam edilir, lakin bu, rəsmi deyil.
Rəsmi reytinq sistemlərində hər ulduz səviyyəsi üçün fərqli meyarlar və alt-kateqoriyalar var. Bəziləri məcburidir, bəziləri əlavə üstünlüklər sayılır.
Onlayn otel reytinq sistemləri
"Forbes" kimi rəsmi reytinq sistemləri faydalıdır, amma bir çox otel rəsmi reytinq almadan da müvəffəqiyyət qazana bilir. Onlar bunun əvəzinə "Google My Business", "TripAdvisor", "Booking.com" və digər platformalardakı istifadəçi rəyləri və balları ilə reytinq qazanırlar.
Bu rəylər qonaqların real təcrübəsinə əsaslanır. Məsələn, ənənəvi sistemlə 3 ulduzlu otel, qonaqların təcrübəsinə əsasən 5 ulduz qazana bilər. Yəni qonaq “bura 5 ulduzlu hiss etdirir” deyə bilər – rəsmi yoxlama yox, şəxsi məmnuniyyət əsas olur.
Günay