AZ

Varşavada “Armudu stəkan uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vyana, 21 iyun, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universitetinin Şərqşünaslıq Fakültəsinin nəzdində Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə Varşava məktəblərində ibtidai sinif şagirdləri arasında “Armudu stəkan uşaqların gözü ilə” müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəblərdə təşkil olunan master-klasslarda şagirdlərə ölkəmizin zəngin mədəniyyəti barədə məlumat verilərək bu zəngin mədəniyyətin özünü ecazkar musiqimiz, şux rəqslərimiz, incə miniatür rəsmlərimiz, əllə toxunmuş ecazkar xalçalarımız, nəfis mətbəximizdə əks olunduğu bildirilib. Həmçinin, uşaqlara ənənəvi çay dəstgahı, armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsindən bəhs edilib.

Müsabiqə çərçivəsində uşaqlar armudu stəkanlar üzərində müxtəlif naxışlar təsvir edib və onları müxtəlif dekorlarla bəzəyiblər.

Tədbirin sonunda uşaqlara milli mətbəximizdən nümunələr təqdim olunub. Müsabiqədə iştirak edən uşaqlar və onların müəllim və valideynlərinin iştirakı ilə səfirlikdə mükafatlandırma mərasimi keçirilib. Qaliblər diplomlarla təltif edilib, onlara milli ornamentlərə bəzədilmiş armudu stəkanlar, eləcə də müxtəlif suvenirlər hədiyyə olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
azertag.az

1Mənbələr