AZ

“TƏNƏZZÜLÜN ASTANASINDAYIQ...” Rusiya hökuməti həyəcan təbili çalır

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ukraynada davam edən işğalçılıq müharibəsinin Rusiya iqtisadiyyatına vurduğu ağır zərbəni artıq yüksək vəzifəli Rusiya rəsmiləri, xüsusilə də maliyyə-iqtisadi bloka cavabdeh olan hökumət üzvləri də etiraf etməyə məcburdurlar.

“AzPolitika” xəbər verir ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında son illərdə Rusiya iqtisadiyyatının artımını təmin edən resursların çoxunun tükəndiyini deyib. Nabiullina əlavə edib ki, hakimiyyət yeni iqtisadi artım modeli və onu təmin edəcək resurslar barədə düşünməlidir.

Mərkəzi bankın sədri çıxışında elə həmin tədbirə qatılan Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin fikirləri ilə razılaşıb: “İndi Maksim Stanislavoviç (Oreşkin – red.) əvvəlki iqtisadi artım modelinin tükənməsindən danışdı, mən də burada onunla razıyam. O, artıq dedi ki, biz iki il ərzində kifayət qədər yüksək templə böyüdük, ona görə ki, azad resurslardan, işçi qüvvəsindən istifadə edildi”.

O, digər artım resursları sırasına idxalı əvəzləməni, Rusiya Milli Rifah Fondunda yığılmış ehtiyatları və “bank sisteminin kapital ehtiyatını” aid edib. Nabiullina artıq bu resursların çoxunun bitmək üzrə olduğunu bildirib: "Biz başa düşməliyik ki, bu resursların çoxu həqiqətən tükənib".

Rusiyanın rəsmi statistika qurumu olan “Rosstat”ın məlumatına görə, hazırda ölkədə işsizlik səviyyəsi 2,3%-ə qədər - tarixi minimuma enib. Əksinə, işçi qüvvəsinə böyük tələbat yaranıb. Bu da müharibə səbəbindən əhalinin iş qabiliyyətli hissəinin kütləvi mühacirəti və kişilərin müharibəyə cəlb olunması ilə əlaqələndirilir. Nəticədə hökumətin etiraf etdiyi kimi, 2 milyon nəfərə yaxın kadr çatışmazlığı yaranıb.

“Rosstat”ın məlumatına görə, müəssisələrdə istehsal gücündən istifadə səviyyəsi 80%-i keçib və bu, Rusiya üçün müasir tarixdə rekord göstərici olub. O da qeyd olunmalıdır ki, Rusiya Milli Rifah Fondunun likvid aktivləri müharibə başlayandan bəri üç dəfə(!) azalaraq 2,8 trilyon rubla düşüb. Fonddakı valyuta ehtiyatları 2008-ci ildə yaradılandan bəri ən aşağı göstərici olan 153,7 milyard yuana, qızıl ehtiyatları isə müharibə başlayana qədər 400 tonu ötsə də, hazırda 139,5 tona qədər enib. Bu, o deməkdir ki, əksər ekspertlərin də xəbərdarlıq etdiyi kimi, fond 2026-cı ildə tamamilə tükənə bilər.

Həmin tədbirdə çıxış edən Rusiyanın İqtisadiyyat naziri Maksim Reşetnikov da həyəcan təbili çalıb. Nazir Rusiya iqtisadiyyatının tənəzzül astanasında olduğunu deyib: "Mövcud biznes əhval-ruhiyyəsi və göstəricilərə əsasən hesab edirəm ki, biz artıq resessiya astanasındayıq və gələcək iqtisadi inkişaf bizim qərarlarımızdan asılı olacaq”.

Xatırladaq ki, Rusiyanın valyuta rezervlərinin 300 milyard dollar işğalçılıq müharibəsi səbəbindən Avropa və ABŞ banklarında dondurulub. Hazırda bu vəsait həmin ölkələr tərəfindən Ukraynaya yönləndirilməkdədir. Həmçinin, sanksiyalar səbəbindən Rusiya beynəlxalq enerji daşıyıcıları, silah və digər bazarlarda on illər boyu qazandığı mövqelərini itirib.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azpolitika.info

2Mənbələr