AZ

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını öz ərazisi hesab edirdi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, kimi cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 20-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Məhkəmə iclasında 2007-2020-ci illərdə vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyan dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs bildirib ki, 2007-ci ildə qondarma rejimin “müdafiə naziri” Seyran Ohanyan olub. O, daha sonra Ermənistan Respublikası silahlı qüvəllərinin baş qərargah rəisi təyin edilib. Onu qondarma rejimdə general Movses Akopyan əvəzləyib. Daha sonra M.Akopyan Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə təyin edilib. Bu dəfə qondarma rejimdə “müdafiə naziri vəzifəsi”ni Levon Mnatsakanyan tutub. Ondan sonrakı ardıcıllıq belə olub: Karen Abrahamyan, Cəlal Harutyunyan və Mikael Arzumanyan.

Təqsirləndirilən şəxs deyib ki, qondarma rejimdə “müdafiə naziri” və “ordunun komandanı” “vəzifələri” eyni olub və onu bir şəxs tutub.

B.Sahakyan bildirib ki, qondarma qurumun “rəhbərliyinin” “silahlı qüvvələr” üzərində səlahiyyəti olmayıb.

O, qondarma rejimin “rəhbəri” olduğu dövrdə Ermənistan müdafiə nazirlərinin, silahlı qüvvələrin baş qərargah rəsilərinin Azərbaycanın vaxtilə işğalda olan suveren ərazilərinə səfərlər etdiklərini və onunla görüşdüklərini bildirib.

Məhkəmədə B.Sahakyanın 2015-ci ildə səsləndirdiyi və Ermənistan mətbuatında dərc edilmiş fikirləri elan olunub. Əsir və girov götürülmüş azərbaycanlılarla bağlı sualları cavablandıran B.Sahakyan bildirib ki, müharibənin ilk illərində - 1994-cü ilədək həmin şəxslərin bir hissəsi erməni komandirlərin yanında saxlanılırdı. O, qondarma rejim üçün silahların Ermənistan silahlı qüvvələri tərəfindən təmin edildiyini bildirib.

Təqsirləndirilən şəxs Şuşada hava hücumundan müdafiə hərbi hissələrindən birinin, ocümlədən “S-300” raket kompleksinin yerləşdirildiyini etiraf edib. O deyib ki, həmin raketlərin yerləşdirilməsi üçün onun razılığının alınması tələb olunmayıb, sadəcə, “yerli idarəetmə orqanları” bu məsələ ilə bağlı razılıq veriblər.

B.Sahakyan ifadəsində 2016-cı ildə baş vermiş, şərti olaraq Aprel döyüşləri adlandırılan hadisələr barədə suallara cavabında həmin vaxt əməliyyatlara kimlərin rəhbərlik etdiyini açıqlayıb.

B.Sahakyan Aprel döyüşlərinin nəticələri ilə bağlı Ermənistanın və qondarma rejimin birgə müzakirələr apardığını deyib.

Məhkəmədə tədqiq olunan növbəti sənəd mediada paylaşılmış məlumatla bağlı olub.

B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.

B.Sahakyan ifadəsində Azərbaycana qarşı döyüşənlər arasında xarici vətəndaşların olduğunu təsdiqləsə də, onların muzdlu olmadığını iddia edib. O, əlavə edib ki, həmin şəxslər Azərbaycanın həmin vaxt işğalda olan ərazilərinə Ermənistan vasitəsilə gəliblər. Həmin şəxslərin hansı ölkə vətəndaşları olması barədə suala isə B.Sahakyan belə cavab verib: “Onların ölkələrinin coğrafiyası geniş idi, Yaxın Şərqdən Kanadaya qədər”.

Təqsirləndirilən şəxs qondarma qurumun “rəhbəri” olduğu dövrdə ərazilərin minalanması barədə sualı da cavablandırıb. Deyib ki, minalanma işləri aparanlar bununla bağlı ona məlumat verməyə borclu olmayıblar. “Onların borcu deyildi ki, bu işləri görməzdən əvvəl və ya sonra mənə məlumat versinlər. Çünki bu, təsdiqlənmiş işlər planı çərçivəsində həyata keçirilirdi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Azərbaycanın Ermənistan tərəfindən işğalda olmuş ərazilərində təbii səbii sərvətlərin qanunsuz istismarı ilə bağlı sualları da cavablandırıb: “Biz bilirdik ki, orada Ermənistanda qeydiyyatdan keçmiş şirkət fəaliyyət göstərir”.

Həmin ilin sentyabrın 27-də başlamış 44 günlük müharibə zamanı “sabiq rəhbər” kimi “hərbi əməliyyatların dayandırılması” istiqamətində müxtəlif müzakirələrdə iştirak etdiyini bildirib: “İmkanlarım daxilində çalışırdım ki, faydalı olum. Bu cür müzakirələr çərçivəsində Arayik Harutyunla görüşürdük”.

Bu zaman məhkəmədə növbəti sübut tədqiq edilib. Sənədə əsasən, qondarma rejimin və Ermənistanın keçmiş prezidentləri görüşüblər. Görüşən şəxslərə Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, Arkadi Qukasiyan və Bako Sahakyan daxildir.

Bako Sahakyan prokurorun sualına cavabında deyib: “Bizim (özünü və Arkadi Qukasyanı nəzərdə tutur – red.) Qarabağda Ermənistanda sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla görüşümüz olub. Biz Nikol Paşinyanla da görüşmüşük. Bu görüş 2021-ci ilin mart ayında olub”.

Məhkəmədə növbəti sənədin tədqiqi 2022-ci il sentyabrın 20-də Ermənistan vətəndaşı, hazırda Azərbaycanda çoxsaylı cinayətlərə görə təqsirləndirilən Ruben Vardanyanın Arkadi Qukasyan və Bako Sahakyanla görüşü ilə bağlı olub. Görüşdə bir sıra məsələlər, o cümlədən qondarma rejimin “təhlükəsizliyi”, “Qarabağın erməni torpağı kimi qalması” və “inkişafı” müzakirə olunub.

B.Sahakyan prokurorun “qondarma rejimin erməni qalması” ilə bağlı sualını da cavablandırıb. O deyib ki, “bu məsələ müxtəlif dövrlərdə strateji məqsədlərimizdən biri olub”. Əlavə edib ki, “erməni torpağı kimi qalması” deyərkən qondarma rejimin “öz mövcudluğunu davam etdirməsi”, növbəti dövrdə isə “Ermənistana birləşdirilməsi” nəzərdə tutulub.

Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

XQ

Seçilən
4
21
xalqqazeti.az

10Mənbələr