İranda baş verən son hadisələr “kütləvi təxribat aktıdır”. Bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl TASS-a müsahibəsində deyib.
"İndi baş verənlər böyük bir təxribat aktıdır. Əgər yüzlərlə, minlərlə iranlı israillilərlə, amerikalılarla əməkdaşlıq etməsəydi, bu hadisələrin çoxu mümkünsüz olardı", o qeyd edib.
Knaysl vurğulayıb ki, İranda geniş şəkildə casusluq prosesləri həyata keçirilir: "Orada ingilislər, amerikalılar və israillilərin öz təsiri var".
Avstriyanın keçmiş xarici işlər naziri onu da əlavə edib ki, “İsrail və ya Amerikanın İrana hücumu ssenarisi indi deyil, artıq 20 ildən çoxdur ki, mövcuddur”.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural