AZ

“Gizli sirlər”in aşkar təqdimatı

Xətai Sənət Mərkəzində gənc rəssam-şairə Nigar Yunusun “ƏSRARİ” adlı fərdi yaradıcılıq sərgisi təşkil olunub. Ziyarətçilərə müəllifin fərdi sərgi kataloqu və şeirlər kitabı təqdim olunub. Ekspozisiyada sənətçinin müxtəlif dövrlərdə yaratdığı qrafika əsərləri ilə yanaşı, baxımlı dizayn nümunələri də yer alıb.

Nigar Yunus yaradıcılıq hesabatı haqqında XQ-yə bildirdi:

– Sərgidə, ümumilikdə, 99 əsər nümayiş olunur. 7 rəngkarlıq, 92 qrafika-dizayn əsəri daxildir. Son 2 ildə albom seriyaları ilə məşğul oluram. Rəngli daşlar, kəpənəklər, dibçək bitkiləri, lələklər və s. ibarət fərqli rəsm nümunələri ərsəyə gətirirəm. Təqdim etdiyim kataloq da “Albom seriyaları” adlanır. Sərgiyə 2020-ci ildə nəşr olunmuş “Ağ və qara şeirli dünyam” adlı kitabımı da təqdim etmişəm. Bu sərgimi şagirdlərimə həsr etmişəm.

Qeyd edək ki, Xalq rəssamı Qəyyur Yunusun ailəsində həyata göz açan Nigar sənətşünas və ekspert kimi də fəaliyyət göstərir. O, rəngkarlıqda, əsasən, yağlı boya texnikasına üstünlük versə də, daha çox kağız üzərində qarışıq texnikada işləyir. Sənətşünas öz üslubunu “Əsrari” adlandırır. Şeirlərini də “Əsrari-nihan” (gizli sirlər) təxəllüsü ilə yazır. Özünün dediyinə görə, bu sözü Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən götürüb. Nigar Yunus 100-ə yaxın qəzəlin müəllifidir.

Fidan SALMANOVA
XQ

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr