AZ

Kanadada aptek sahibi olan Təranə - Tibb bacısı kimi başlamışdı

Kanadada əvvəl tibb bacısı, sonra əczaçı kimi çalışır. Daha sonra biznes kursu götürərək 2019-cu ildə öz əczaxanasını açır. Dediyinə görə, əczaçı kimi işləyəndə hər şeyi bildiyini düşünürmüş, yalnız aptek sahibi olanda bildiklərinin işin kiçik bir hissəsi olduğunu anlayır. Çoxsaylı çətinliklərlə üzləşir. Ən böyük çətinliyi isə aptekini insanların evə qapandığı vaxtda – pandemiyadan bir neçə ay əvvəl açması olur. Amma hər şeyin öhdəsindən səbrlə gəlir və 6 ildir ki, biznesinin başındadır. Apteklər şəbəkəsi yaratmaq da planlarının içərisindədir.

Müsahibimiz Britaniya Kolumbiyası əyalətinin Vankuver şəhərində Novara Welness Pharmacy adlı əczaxananın sahibi Təranə Novruzovadır. Təranə xanımla əczaxana sahibi olmağın çətinliklərindən tutmuş Kanadada aptek sistemindəki maraqlı nüanslara da toxunduq. Qeyd edək ki, T.Novruzova həm də Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin   (Canadian Azerbaijanis Society of BC) rəhbəridir.

Kanadada əczaçılara yüksək tələbat var

– Təranə xanım, əczaçılıq sahəsinə marağınız haradan yaranıb? Kanadada əczaçılıq üzrə təhsil aldınız, yoxsa diplomunuzu burada tanıtdırdınız?

– Atam ağ ciyər xəstəlikləri üzrə həkim idi və bu peşənin mənəvi ağırlığını bildiyindən, həkim olmağımı istəmirdi. Məktəbdə oxuyarkən kimya, biologiya fənlərinə böyük marağım var idi.  Beləliklə, Tibb Texnikumunda tibb bacısı ixtisasını bitirdim. Ondan sonra əczaçı olmağa qərar verdim və Azərbaycan Tibb Universitetində əczaçılıq ixtisası üzrə təhsil aldım. Kanadaya gələndən sonra əlavə təhsil almağıma ehtiyac olmadı, özüm hazırlaşdım və imtahan verərək həm tibb bacısı, həm də əczaçılıq üzrə diplomlarımı təsdiqlətdim və iki lisenziya əldə etdim.

– Lisenziyanızı alandan sonra tibb bacısı, yoxsa əczaçı kimi işə başladınız?

– Birinci tibb bacısı kimi işə başladım. Beş il çalışandan sonra gecə növbələri, 12 saat işləmək mənə ağır gəldi və əczaçı sənətinin arxasınca getdim.

– Kanadada əczaçı kimi iş tapmaq nə dərəcədə asandır? Əczaçılıara tələbat böyükdürmü?

– Əczaçılara tələbat çox yüksəkdir. Hazırda əczaxanam üçün işçi axtarıram. Müxtəlif saytlara vakansiyalar yerləşdirsək də, işçi tapa bilmirik.

“Aptekimizdə çalışan tibb bacıları evlərə gedərək xəstələrin qeydinə qalırlar”

– Nə qədər müddət əczaçı kimi çalışandan sonra aptek sahibi olmağa qərar verdiniz?

– Shoppers Drug Mart apteklər şəbəkəsində 6 il əczaçı kimi işləyəndən sonra bu qərarı verdim. Əczaxanamda həm də tibb bacısı kimi daha fərqli və insanlara yönəlik yanaşma göstərmək istədim. Düşünürdüm ki, müştəriyə reseptdə yazılan dərman barədə azacıq məlumat verməklə işimizi bitirməməliyik. Hər bir xəstəyə daha geniş yanaşma olmalıdır. Daha çox qayğı göstərərək xəstəni sağaltmaq lazımdır. Ona görə də öz əczaxanamı açıb, bildiklərimi qaydalar çərçivəsində tətbiq edərək fəaliyyət göstərmək istədim.

– Digər apteklərdən hansı fərqləriniz var? Xəstələrə daha çox qayğı göstərmək deyəndə nələri nəzərdə tutursunuz?

– Aptekimizdə təzyiqi, şəkəri ölçmək, dəri altı, əzələ daxili iynə vurmaq, bədəndəki sarğını dəyişmək və s. kimi xidmətlərimiz var. Bu xidmətlər bizdə işləyən tibb bacıları tərəfindən göstərilir. Bəzi yaşlı xəstələr var ki, tək qaldıqları üçün dərman alanı yoxdur. Tibb bacılarımız hər gün bu adamların dərmanlarını evlərinə aparır, təzyiqlərini, şəkərlərini və digər həyati göstəricilərini ölçür, lazımdırsa iynələrini vururlar. Sağlamlıqlrında dəyişiklik olanda həkimlə əlaqə saxlayırıq və həkim, ona uyğun başqa dərman yazır. Qısa olarq, belə xəstələr daim bizim nəzarətimiz altındadır.

Shoppers Drug Mart, London Drug Mart kimi böyük apteklər şəbəkəsi bu xidmətləri göstərmirlər. Adətən bizim kimi içərisində ərzaq malları satılmayan kiçik apteklərdə belə xidmətlər olur.

– Bəs aptekinizə reseptlə gələn xəstələrə əzələ daxili, dərialtı iynələri elə aptekdəcə vurmağa şəraitiniz var?

– Bəli, bu xidməti də göstəririk.

 Yüksək maliyyə xərcləri, bürokratiya, işçi çatışmazlığı…

– Ümumiyyətlə, aptek biznesini Kanadada qurmaq prosesi necə keçdi?

– Aptek biznesinə sahib olmaq heç kimə çətin görünməməlidir, sadəcə səbr istəyir, çünki bu sahə bir neçə mərhələdən – uyğun yerin tapılması, şəhər idarəsindən və Britaniya Kolumbiyasının Əczaçılar Kollegiyasından icazələrin alınması, məkanın standartlara uyğunlaşdırılması və daha bir çox addımdan ibarətdir. Heç vaxt bizneslə məşğul olmadığımdan biznes kursu da götürdüm. Biznes kursu keçdiyim vaxt paralel olaraq kommersiya üzrə daşınmaz əmlak agenti ilə işləməyə başladım ki, bütün mərhələlər vaxtında irəliləsin. Əczaçı kimi işləyəndə hər şeyi bildiyimi düşünürdüm, amma aptek sahibi olanda bunun işin yalnız kiçik bir hissəsi olduğunu anladım. Çoxsaylı çətinliklərlə üzləşdim – yüksək maliyyə xərcləri, bürokratiya, qeyri-peşəkar yanaşmalar, favoritizm, işçi çatışmazlığı və s. Mən aptekimi 2019-cu ildə, pandemiyadan bir az əvvəl açdım və bu da yeni başlayan bir biznesin üzləşdiyi çətinlikləri mənim üçün ikiqat artırdı. İnsanların evdə qalması, xəstələrin apteklərə axınının zəif olması və hətta olmaması və tanıtım imkanlarının məhdudluğu əlavə çətinliklər yaratdı.

Kiçik apteklərdə dərman alarkən endirim əldə edə bilərsiniz

– Maraqlıdır, Vankuverdə aptek biznesində rəqabət necədir?

– Çox yüksək rəqabət var. Çoxlu böyük apteklər şəbəkəsi var. Onların həm maliyyə cəhətdən imkanları böyükdür, həm də marketinqlərini gözəl qurublar. Bir də insnalar böyük apteklər şəbəkəsindən çörəkdən tutmuş dərmana kimi hər şey ala bilirlər. Buna görə də daha çox o apteklərə getməyi üstün tuturlar. Bizim kimi kiçik apteklər insanlara daha yaxından qayğı göstərmək üçün nəzərdə tutulub. Böyük apteklərə gedəndə dərmanın qiymətini və gündə neçə dəfə hansı dozada qəbul edəcəyinizi deyir, siz də pulunu verib dərmanı alırsınız, vəssalam. Amma bilmirsiniz ki, məsələn, orada manufaktura deyilən kartlar var və o kartların üstündə dərmanın pulunun bir qismini istehsalçı şirkət özü ödə və nəticədə dərman sizə daha da ucuz gələ bilər. Dərmanlar iki hissəyə bölünür – generik və marka (brand) adlanan dərmanlar. Məsələn, Tylenol markadır, amma asetanefin generikdir. Marka dərmanlar baha olduğundan, həmin markanı istehsal edən dərman şirkəti o markanın satılması üçün bir müddət apteklərə endirim kartları verir ki, onların istehsalı olan dərmanlar daha çox satılsın. Bunu böyük apteklər heç vaxt alıcıya demirlər, çünki onların işi həddən artıq çox olduğundan belə məsələlərlə məşğul olmağa zamanları yoxdur. Amma bizim kimi kiçik apteklər alıcıları bu barədə məlumatlandırırlar.

– Bu endirimlərdən istifadə etmək üçün aptekə gedəndə əczaçıdan nə soruşmalıyıq?

– Soruşa bilərsiniz ki, “bu dərmanın qiymətini heç cür aşağı salmaq olmaz?”. Bunu kiçik apteklərdə soruşmağınız məsləhətdir. Dediyim kimi, böyük apteklərdə işçilərin əlavə məlumat verməyə zamanları yoxdur. Onlar üçün əsas olan, sadəcə dərmanı necə qəbul etməyi alıcıya başa salmaqdır. Hətta onlar görməli olduqları işləri etməyə zaman tapmırlar. Elə dərmanlar var ki, onları südlə, portağal suyuyla içmək olmaz. Əks halda, dərmanın orqanizmə təsiri azalır. Bizim aptekə gələn xəstələrə bunu deyəndə, təəccüblə baxırlar ki, indiyədək heç bir aptekdə bunu deməyiblər. Çünki həmişə böyük apteklərdən alış-veriş ediblər. Bu cür hallarla tez-tez qarşılaşırıq.

Kanadada bəzi dərmanları niyə aptekdə hazırlayırlar?

– Azərbaycandan fərqli olaraq Kanadada bəzi dərmanları elə aptekdəcə hazırlayırlar. Xüsusilə antibiotiklər apteklərdə hazırlanır. Səbəbi nədir?

– Bəzi dərmanların ömrü toz, tablet halında daha uzun olur, nəinki krem halında, yaxud suyla reaksiyaya girəndə. Məsələn, yüksək konsentrasiyada krem vəziyyətində hansısa dərmanın yararlılıq müddəti 1 aydırsa, toz vəziyyətində bu 3 ay, yaxud 1 il ola bilər. Antibiotiklər də apteklərə toz şəklində gəlir. Biz müştəriyə verəndə içərisinə distilə edilmiş su qatırıq və xəstəyə də antibiotikin 14 gün ərzində içilməli olduğunu tapşırırıq. Çünki bu müddətdən sonra təsiri gedir. Bu səbəbdən bəzi dərmanları aptekdə hazırlayıb veririk.

– Yeri gəlmişkən, Azərbaycandakı apteklərdən fərqli olaraq, burada antibiotiki ancaq həkim resepti ilə almaq olar. Səbəb nədir?

– Məsələ burasındadır ki, antibiotikin dozası və miqdarı hər bir xəstəlik və xəstə üçün individualdır və bu da həkim tərəfindən təyin olunmadıqda müxtəlif fəsadlara gətirib çıxarır. Əgər antibiotik təyin olunduğu müddətdən az və ya çox qəbul edilərsə, bakteriyalarda həmin dərmana qarşı davamlılıq yaranar və bu da gələcəkdə daha geniş spektrlarda özünü göstərə bilər. Bunun qarışısının alınması üçün infeksiyaların və bakteriyaların müalicəsində istifadə olunan antibiotiklər ciddi nəzarət altındadır və yalnız həkimin diaqnoz və göstərişi ilə mümkündür.

– Azərbaycanda apteklər dərman firmaları ilə əməkdaşlıq edir və onlardan hər satdıqları dərmana görə komissiya alırlar. Kanadada da eyni qayda var?

– Burada da dərman firmaları aptekə gəlib dərmanlarını təklif edir və bizə elmi sübut da təqdim edirlər. Bundan sonra biz bütün göstəriciləri analiz edirik, yaxşıdırsa, qəbul edirik. Amma dərman firmaları bizə buna görə ödəniş vermirlər.

Əczaçı həkimin səhvini düzəltməsə, lisenziyasını itirə bilər

– Bəzən həkimlərin, elə xəstənin yanındaca aptekə zəng edib əczaçılardan məsləhət aldıqlarının şahidi olmuşam. Həmçinin həkimin yazdığı reseptlə aptekə gedəndə əczaçı həmin dərmanı verməkdən imtina edib və uşaq üçün o dozanın yüksək olduğunu bildirib. Maraqlıdır, əczaçının həkimin yazdığı dərmanı verməmək haqqı varmı?

– Bəli. Ümumiyyətlə, bizə hər bir resept gələndə onu verib verməyəcəyimiz sual altındadır. Resepti kimin yazmasından asılı olmayaraq, hamısı bizim üçün eynidir. Çünki yanlış dərman, yanlış doza ucbatından xəstəyə nəsə olsa, təkcə həkim deyil, əczaçı da cavabdehlik daşıyır. Əczaçı həkimin səhvini düzəltməsə, o da öz lisenziyasını itirə bilər. Buna görə də hər bir əczaçı, əlindəki referenslərə uyğun olaraq reseptdə yazılanları analiz edib, müxtəlif məqamları yoxlayıb sonra dərmanı verməlidir. Əlavə olaraq, əczaçılar xəstənin dərmanları ilə bağlı hər hansı problem görərsə, məsələn, dozada uyğunsuzluq, dərmanların qarşılıqlı təsiri, reaksiyası və ya xəstənin yaşına, ehtiyacına, klinik statusuna (laboratoriya dəyərləri, allergik reaksiyalar və s. görə) uyğun olmayan seçimlərdə həkimlə birbaşa əlaqə saxlayaraq məsələni müzakirə edirlər. Bəzi vaxtlarda əczaçılar müəyyən dərmanları təyin etmək, dəyişmək və ya yeniləmək səlahiyyətinə də malikdirlər. Amma burada şəxsi maraqlar deyil, yalnız xəstənin sağlamlığı əsas götürülür və bütün proses ciddi şəkildə sənədləşdirilir.

– Səhv etmirəmsə, 2024-cü ildə qəbul edilən qaydalara görə, əczaçılara verilən səlahiyyətlər artırıldı və bir çox xəstəliklər üçün resept yazmaq icazəsi verildi…

– Bəli. Həkim çatışmazlığı problemini qismən də olsa yüngülləşdirmək üçün belə qayda tətbiq edildi. Yaşadığımız Britaniya Kolumbiyasında 21 sadə xəstəliyə resept yaza bilirik. Məsələn, göz xəstəlikləri, sidik yollarının infeksiyası, hamilə qalmamaq üçün hormonal preparatlar və s. Amma bu, yalnız xüsusi təlimlər keçmiş və hüquqi olaraq bu icazəni almış əczaçılar üçün keçərlidir. Bu, həkimlərlə olan əməkdaşlığı daha da gücləndirir və xəstələrin daha rahat və sürətli şəkildə dərmanları əldə etmələrini təmin edir.

“Azərbaycanlılar kimi bacarıqlı insanlar çox azdır”

– Əczaçı olmaq istəyən, yaxud bu sahədə öz biznesini qurmaq istəyən həmyerlilərimizə nə məsələhət görərdiniz?

– Birinci onu deyim ki, bu sahədə biznes qurmaq istəyən hər kəsə lazımi köməyi etməyə hazıram. Təbii ki, bu yolun həm çətinlikləri, həm də ciddi çağırışları var. Amma bunu da qeyd edim ki, “çətinlik” sözu bəzən sanki mümkünsüzlük hissini yaradır, halbuki mən inanıram ki, hər bir çətinlik bir fürsətdir. Yetər ki, məqsədin olsun və zəhmətdən qorxmayasan. Bu dünyada hər şey əldə edilə bilər. İstək, əzm və düzgün yanaşma olduqdan sonra heç nə mümkünsüz deyil. Onu da qeyd edim ki, azərbaycanlılar kimi bacarıqlı insanlar çox azdır. Özüm işçi kimi də çalışmışam, indi işəgötürən kimi əminliklə deyə bilərəm ki, bizim millət çox çalışqandır.

– Deyəsən, sizin aptekinizdə də azərbaycanlılar çalışır…

– Bəli, burada əczaçı assistentləri işləyirlər. Mənimlə çalışan iki azərbaycanlı gəncimiz  əczaçılıqla bağlı heç bir bilgiləri olmasa da, hər bir dediyimi elə yaxşı öyrənirlər ki, hətta əczaçılıq üzrə təhsil alan uşaqlardan qat-qat üstündürlər. Onların necə çalışdığını görəndə çox fərəhlənirəm.

– Gələcəkdə aptekinizi böyütmək və ya əlavə xidmətlər göstərmək kimi planlarınız varmı?

– Tibb bacısı kimi təcrübəm olduğuna görə insanlara nə lazım olduğunu çox gözəl bilirəm. Əsas məqsədim insanlar üçün vacib olan xidmətləri aptek sisteminə gətirməkdir. İynə vurmaq xidmətinə yeni başlamışıq. Amma nəzərimdə bundan daha çox xidmət var ki, onları həyata keçirməyi planlaşdırıram. Eyni zamanda apteklər şəbəkəsi də qurmaq planlarım arasındadır.

Britaniya Kolumbiyasındakı Azərbaycan icmasının rəhbəri

– Biznesinizdən əlavə, yaratdığınız Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinə  (Canadian Azerbaijanis Society of BC) də rəhbərlik edirsiniz. Cəmiyyət olaraq hansı işləri görürsünüz?

– Bu cəmiyyəti yaratmaqda məqsədim vətənimizdən uzaqda adət-ənənələrimizi, dilimizi, mədəniyətimizi saxlamaq və kanadalılara tanıtmaqdır. Müxtəlif festivallarda öz mədəniyyətimizi, rəqslərimizi, milli geyimlərimizi, mətbəximizi, musiqimizi nümayiş etdiririk. Təşkil etdiyimiz tədbirlərə kanadalı millət vəkillərini, dövlət məmurlarını da dəvət edirik ki, onlar da icma olaraq bizi tanısınlar. Eyni zamanda, bu cəmiyyəti yaratmağımızda məqsəd bir-birimizi tanımaq, kömək etmək, yol göstərməkdir.

Seçilən
5
valyuta.az

1Mənbələr