AZ

Tərtərdə gənclərin bağda dəhşətli cinayəti: Meyxanaçı olacaqdılar, qatil oldular – TƏFƏRRÜAT

BAKI. 21 iyun. TELEQRAF

Tərtər rayonunda 6 il əvvəl qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Zamin Abbaszadə və 2000-ci il təvəllüdlü Cavad Kərimovun cinayət işinə Ali Məhkəmədə yekun qərar verilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2019-cu il oktyabrın 2-də Tərtər rayonunun Sarov kəndində baş verib.

Cinayətin qurbanı 1983-cü il təvəllüdlü kənd sakini Ziyaməddin Kərimov olub.

Qətlə yetirilən Ziyaməddin təqsirləndirilən Cavad Kərimovun əmisidir.

İstintaq sənədlərinə görə, Cavad 2019-cu il sentyabrın ortalarında Tərtər rayonunun Sarov kəndində həmkəndlisinin meyvə bağında fəhlə işləyərkən tanış olduğu Kəngərli kəndində yaşayan Zaminlə “Xan” çay evində görüşüb.

Cavad əmisi Ziyaməddinin uşaqlıqda ona işgəncə verdiyini, buna görə qisas almaq məqsədilə onu öldürməyi planlaşdırdığını bildirib. Zamindən bir dost kimi bu işdə kömək istəyib. Deyib ki, Ziyaməddin inəklərini satdığı üçün evində 6000-7000 manat pul var, onu da götürəcək. Cavad Zaminə əmisinin ailə üzvlərini də öldürüb, bir otağa yığmağı, maye qazı açaraq evi yandırmağı, bununla da cinayətin izini itirməyi təklif edib.

Zamin onun bu təklifi ilə razılaşıb. O, Ziyaməddin Kərimovu daha tez öldürmək üçün boğazını kəsmək lazım olduğunu bildirib. İki dost oktyabrın 1-də saat 11 radələrində çay evindən çıxıblar. Birlikdə Cavadın kənddə yaşayan ana babasının evinə gəliblər. Həyətdə bir az oturduqdan sonra Ziyaməddinin yaşadığı evə getsələr də, onu evdə tapmayıblar.

Bu səbəbdən yenidən Cavadın yaşadığı evə qayıdaraq nahar ediblər. Babasının evdə olmamasından istfadə edən Cavad mətbəxdən götürdüyü bıçaqları Zaminə verib.

Onlar yenidən Ziyaməddin Kərimovun yerini öyrənmək üçün onun evinə yollanıblar. Yolda Zaiyaməddinə zəng ediblər, onu əxlaqsız qadının yanına aparacaqlarını bildiriblər. Ziyaməddin onlarla razılaşıb.

Cavad Ziyaməddin Kərimova və ailə üzvlərinə Zamini nənəsinin Bəhruz adlı qohumu kimi təqdim edib. Şübhə yaratmamaq üçün Ziyaməddinlə birlikdə evin həyətində çay içib, bir müddət söhbət ediblər.

Təxminən saat 23 radələrində Cavad bir azdan qayıdacaqlarını bildirib və dostuyla birlikdə evdən çıxıb. İncə çayının kənarı ilə gedərək dəmir tordan düzəldilmiş kiçik qapıdan keçiblər və Ziyaməddin Kərimovun evinin arxa tərəfindəki bağa giriblər.

Zamin Ziyaməddinə zəng edib, darıxdığını bildirib, söhbət etmək üçün onu arxadakı meyvə bağına çağırıb. Cavad əmisinin onu görməməsi üçün bağın içərisində, təxminən 10 metr aralıda gizlənib. Zaminlə Ziyaməddin gecə saat 2 radələrinə qədər söhbət ediblər.

Ziyamədin Kərimovun fikrini yayındırdıqdan sonra Zamin bıçaqla qəflətən onun boğaz nahiyəsindən bir zərbə vurub. Ziyaməddin müqavimət göstərdikdə ardıcıl olaraq onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirib.

Bıçağın dəstəyi qırıldıqda üzərindəki ikinci bıçağı çıxarıb və zərbələrə davam edib.

Ziyaməddin Kərimovun öldüyünü düşünən Cavad gizləndiyi yerdən çıxıb, əvvəlcədən razılaşdıqları kimi birlikdə Ziyaməddinin ailə üzvlərini öldürüb, pulu ələ keçirmək üçün evin qarşısına adlayıblar. Zamin həyətdə gözləyib, Cavad evə daxil olub. O, mətbəx bıçağını götürsə də, əmisinin arvadını və uşaqlarını öldürmək fikrindən daşınıb. Zaminin yanına qayıdıb, əmisinin ölüb-ölmədiyini yoxlamaq üçün bağa qayıtmağı təklif edib.

Birlikdə bağa qayıtdıqda Ziyaməddinin yerdə üzü üstə uzandığını, amma hələ tərpəndiyini görüblər. Cavad babasının evindən götürdüyü rezin əlcəyi əlinə geyinib, Zaminin əlindən bıçağı alaraq əmisinin kürək, baş nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub.

Zamin Ziyaməddin Kərimovun yenə də hərəkət etdiyini görüb və bıçağı alaraq onun ünvanına nalayiq ifadələr işlətməklə boğaz nahiyəsini kəsb.

İstintaq orqanı tərəfindən Zamin Abbaszadə və Cavad Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

“Məşhurlaşmağıma kömək edəcəyini dedi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamin ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2019-cu il sentyabrın ortalarında Tərtər rayonu Sarov kəndində adını xatırlamadığı yaşlı qadının bağında xurma yığarkən Cavadla tanış olub:

“Bir-birimizin mobil nömrələrini götürdük, əlaqə yaradacağımızı dedik. Mən bağda işimi qurtardıqdan sonra Cavadla bağın bir kənarında oturaraq söhbət etdik. Məktəb illərində şeir yazdığımı, hazırda da meyxana dediyimi bildirdim.

Cavad da “mən də şeir, rep yazıram, mahnı oxuyuram” söylədi. Yazdığımız şeir və meyxanaları oxuduq. Cavadın mənim şeir və meyxanalarımdan xoşu gəldi. O, Mingəçevir şəhərində səsyazma studiyasının olduğunu, orada mahnılar yazdırdığını bildirdi. Mənim mahnı və meyxanalarımı studiyada yazdıracağını və məşhurlaşmam üçün köməklik edəcəyini dedi”.

“Uşaqlıqdan şeir yazdığımı, meyxana dediyimi bildirdim”

Zaminin sözlərinə görə, 1 oktyabr 2019-cu ilədək Cavadla heç bir yerdə görüşməyib, yalnız telefonda yaradıcılıqlarından danışıb, kimisə öldürəcəklərinin planını qurmayıblar:

“Bir dəfə danışarkən Cavad mənə telefonda xeyirli bir iş olacağını, ortada pul da qazanacağımızı bildirdi. Oktyabrın 1-də birlikdə “Xan” çay evində oturarkən telefonda dediyi məsələnin nə olduğunu soruşdum. Cavab verdi ki, Mingəçevir şəhərində “Dəniz” adlı səsyazma studiyası var, yazdığı mahnını mənim aranjman edərək oxumağımı istəyir. Dedi ki, həmin mahnını “Youtube” kanalına yerləşdirəcək, ondan gəlir əldə edəcək.

Cavad məndən hansı yaşdan şeir yazmağa başladığımı soruşdu. Mən uşaq yaşlardan şeir yazıb meyxana dediyimi bildirdim.

Sonra Cavad mənə iki qızla tanış olduğunu, Sarov kəndində olan dostunu da götürüb qızlarla görüşə gedəcəyimizi, ardınca studiyaya baş çəkəcəyimizi dedi. Bu barədə razılığa gəldik.

Çay evindən təxminən saat 12 radələrində çıxıb Sarov kəndinə, Ziyaməddin Kərimovun yaşadığı evə gəldik. Mən küçədə gözlədim. Cavad isə Ziyaməddini çağırdı. Lakin o, evdə yoxuydu. Cavadın təklifi ilə babası Ziyəddinin evinə yollandıq. Orada nahar etdik.

Cavadın babası bağı suvarmaq üçün evdən çıxdı, nənəsi də qonşuya getdi. Cavad yenidən Ziyaməddinə zəng etdi, harada olduğunu soruşdu, onu da götürərək qadın yanına gedəcəyimizi bildirdi.

Birlikdə Ziyaməddinin evinə getdik. O, evə bizi dəvət etdi, amma biz həyətdə oturacağımızı bildirdik. Evin xanımı çay gətirdi. Ziyaməddinlə dama və domino oynadıq. Bir neçə saat orada oturduqdan sonra bir azdan qayıdıb Ziyaməddini də götürəcəyimizi bildirdik, onun həyətindən çıxdıq”.

“Davadan kənarda qaldım”

Zamin qeyd edib ki, yaşayış evinin arxasından keçib və Ziyaməddinin meyvə bağına daxil olublar: “Cavad dedi ki, bir azdan qayıdacaq, darıxmamağım üçün Ziyaməddinə zəng edib, bağa çağırım, onunla söhbət edim. Özü isə oradan uzaqlaşdı.

Təxminən 20 dəqiqə Ziyaməddinlə söhbət etdikdən sonra qəflətən ayaq səsləri eşidildi. Hər ikimiz arxaya çevriləndə Cavadı gördük. Ziyaməddin ona xəsarət yetirəcəklərindən şübhələnərək qışqırdı. Cavad bizə yaxınlaşdı, Ziyaməddinin boğaz nahiyəsinə bir zərbə vurdu.

Mən davadan uzaqlaşmağa çalışdım. Cavad Ziyaməddinə bıçaqla zərbələr vuran zaman mən də dizimdən xəsarət aldım”.

“Arvad, uşağını da öldürmək niyyətinin olduğunu öyrəndim”

Zaminin ifadəsinə görə, hadisədən sonra Cavad xəsarət yetidiyi bıçağı ona verib və saxlamağı tapşırıb: “Cavadın üzərində başqa bıçaqlar da olduğunu bildiyimdən bıçağı alıb cibimə qoydum.

Cavadın tapşırığı əsasında Ziyaməddinin cibindən telefonu götürəndə dizim qana bulaşdı. Evə daxil olmamışdan əvvəl qan ləkələrini gizlətmək üçün həyətdə, stulun başından mavi rəngli cins şalvar götürdüm və şalvarımın üstündən geyindim.

Cavadın Ziyaməddinin arvad-uşağını da öldürmək niyyətinin olduğunu öyrənəndə onun qarşısına keçib, buna imkan vermədim. Cavad Ziyamədinin evinə daxil olsa da, arvad-uşağı öldürmək fikrindən daşındı.

Cavadla birlikdə evin qonaq otağına keçib orada oturduq. Ziyaməddinin arvadı otağa gəldi. Mən qapının sol tərəfində, divarın arxasında gizləndim. Amma Ziyaməddinin arvadı məni gördü.

Mən özümü itirdiyim, bildirdim ki, Ziyaməddinlə üçümüz qadın yanına getmişdik, qadının qardaşları gəldi, biz qaçdıq, Ziyaməddin qaça bilmədi, orada qaldı”.

“Öləsi adam olduğu üçün öldürdüyünü bildirdi”

Zamin qeyd edib ki, daha sonra Ziyaməddinin arvadı qışqırıb, ərinin harda olduğunu soruşub, polis çağıracağını bildirib:

“Bu səbəbdən Cavadla evdən çıxıb qaçdıq. Ziyaməddinin yıxıldığı yerə gəldik. Cavad onun hələ ölmədiyini gördü. Əlindəki bıçaqla onun boğaz və bədənin bir neçə zərbə vurdu. Sonra həyətdən çıxaraq getdik.

Sarov kəndi ərazisində çayın üzərində olan dəmir körpüdən keçdik və sağ sahilə çıxdıq. Hər ikimiz bıçaqları çaya atdıq. Cavad cinayətin izini itirmək məqsədilə çayın içərisinə düşərək üzərində qan ləkələri olan mətbəx bıçaqlarını götürdü və kolların arasına atdı. Cavadın babasıgilə getdik. Babası məni və Cavadı danladı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Cavaddan nəyə görə əmisini öldürdüyünü soruşub: “O, əmisi ilə düşmənciliyinin olduğunu bildirdi. Amma əmisini öldürməyini mənimlə əvvəlcədən planlaşdırmamışdı. Pul barədə də mənə heç nə deməmişdi”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 17 il 6 ay, Zamin isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Cavad Kərimovun vəkili apellyasiya şikayəti verib. Müdafiəçi onun cəzasının yüngülləşdirilməsini istəyib. Gəncə Apellyasiya Məhkəməsi şikayət təmin etməyib.

Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. İyulun 20-də Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Cavad Kərimovun vəkili tərəfindən verilən kasasiya şikayəti təmin olunmayıb.

Seçilən
11
teleqraf.com

1Mənbələr