İstanbul şəhərində Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərinin (MMU) akademiya pilləsində təhsil alan zabitlərin iştirakı ilə birgə hərb oyunu keçirilib.
Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, Azərbaycan tərəfdən təlimdə Hərbi İdarəetmə İnstitutunun Əməliyyat-taktiki fakültəsinin bir qrup zabiti və müəllim-professor heyəti iştirak edib.
Təlimin məqsədi birgə əməliyyatlar zamanı zabitlərin müvafiq vəzifələrdə qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, müasir silah sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin və onlarla mübarizə üsullarının planlaşdırılması, habelə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Birgə hərb oyununun “Yüksək Müşahidəçi Günü”ndə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, 1-ci Ordu komandiri ordu generalı Metin Tokel, MMU-nun rektoru professor Erhan Afyoncu, Azərbaycan tərəfdən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli və digər vəzifəli şəxlər iştirak ediblər.
Təlimin nəticələri, o cümlədən iştirakçıların birgə fəaliyyətləri qiymətləndiricilər qrupu və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.