AZ

Azər Əmiraslanov: Oyun biznesi turizmin inkişafına xidmət edəcək

Bakı, 21 iyun, AZƏRTAC

Dünya təcrübəsi göstərir ki, əyləncə və oyun turizmi bölgəyə xarici turist axınını artırır, otellər, restoranlar və digər xidmət sahələri üçün yeni iş yerlərinin açılmasına səbəb olur, xarici və yerli investisiyaların turizm infrastrukturuna cəlb edilməsinə imkan verir, büdcə üçün əlavə gəlir mənbəyi yaradır, ölkəyə xarici valyuta axını kanallarından birinə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin iyunun 21-də keçirilən iclasında Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.

O bildirib: “Bununla belə, müzakirə etdiyimiz layihə qətiyyən ölkəmizdə “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını nəzərdə tutmur. Əgər belə təsəvvürlər varsa tamamilə yanlışdır. “Oyun biznesi” yalnız və yalnız elit turizmin sadəcə bir tamamlayıcı elementi və ya komponentidir. Oyun biznesinin gələcəkdə iqtisadiyyatımıza müəyyən təsirləri olsa da, o, Azərbaycanda nə sahibkarlıq fəaliyyətinin, nə qeyri-neft sektorunun əsasını təşkil etmir. Nə dövlətimiz, nə də cəmiyyətimiz ölkəmizin gələcək iqtisadi inkişafı ilə bağlı gözləntilərini tamamilə bu sahə ilə bağlamır. Oyun biznesi ölkəmizdə lisenziyalaşdırılan və icazə tələb edən 160-a yaxın sahibkarlıq və iqtisadi fəaliyyət növündən yalnız biridir. Bundan başqa Azərbaycanda 2024-cü ilin nəticələrinə əsasən fəaliyyətdə olan sahibkarlıq subyektlərinin sayı 322 mindən çoxdur. Bunun təkcə 76 mini hüquqi şəxs olan sahibkardır. Ölkəmizdə rəqabət qabiliyyətli milli iqtisadiyyatın qurulması, innovativ təşəbbüslərin dəstəklənməsi, sahibkarlığa kömək, sənayeləşmənin həyata keçirilməsi, aqrar sahənin inkişafı, ixrac potensialının artırılması, tranzit imkanlarımızın reallaşdırılması iqtisadi sahədə dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilib. Bunu gerçəkləşdirmək üçün ölkəmizdə sənaye parkları, texnoparklar, aqroparklar yaradılmaqdadır. Dövlətimizin iqtisadi strategiyası da, sənaye və sahibkarlıq siyasəti də, sosial inkişaf və məşğulluq konsepsiyası da bəllidir”.

A.Əmiraslanov qeyd edib ki, bir çox hallarda “oyun biznesi”nin təşkili çirkli pulların yuyulması təsəvvürünü yaradır. Lakin təqdim edilən layihənin müddəalarına əsasən “oyun biznesi” “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun təsir dairəsinə düşür. Bu məqsədlə, adıçəkilən Qanuna bununla bağlı müvafiq dəyişikliklərin edilməsi təklif olunur.

Seçilən
11
1
azertag.az

2Mənbələr