Milli Məclis kazinoların fəaliyyəti ilə bağlı qanuna təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşib. Bəs bu oyunlar turizmə necə təsir edəcək? Turizm eksperti Cabir Dövlətzadə Metbuat.az-a açıqlamasında bildirib ki, dayanıqlı turizmin yüksələn bir növü kimi kazino hər zaman öz populyarlığını qoruyub saxlayıb: “Bu sahə Amerika və Avropada uzun müddətdir mövcuddur və inkişaf etməkdədir. Azərbaycanda isə kazino turizmi uzun fasilədən sonra yenidən gündəmə gəlməkdədir. Bildiyiniz kimi, 1998-ci ilə qədər Azərbaycanda kazino turizmi fəaliyyət göstərirdi. Sovet İttifaqı dağıldıqdan sonra bu sahə daha çox Türkiyə kökənli insanlar tərəfindən idarə olunurdu. Lakin Heydər Əliyevin dövründə bu fəaliyyət qadağan olundu və bir daha rəsmi şəkildə bərpa edilmədi. Bu sahədə çalışan insanlar ya ölkəni tərk etdilər, ya da fəaliyyətlərini dayandırdılar və digər ölkələrə yönəldilər. Qonşu Gürcüstanın bu istiqamətdə atdığı addımlar təsadüfi deyil. Qeyd edim ki, Gürcüstan təkcə kazino turizmindən illik 28 milyard ABŞ dolları gəlir əldə edir ki, bu da çox böyük rəqəmdir”.
Ekspert Azərbaycanda da bu sahənin inkişafı ilə bağlı qəbul edilən qanundan danışıb: “Qanuna əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində süni torpaq sahələrində kazinoların yaradılmasına imkan veriləcək. Bu kazinoların açılması yalnız hüquqi şəxslərə aid olacaq. Çünki kazinonun açılması üçün böyük məbləğdə lisenziya haqqı tələb olunur. Bu isə dövlətə birbaşa gəlir gətirəcək. Çünki hüquqi şəxslər qazandıqları mənfəətin 20 faizini vergi kimi dövlətə ödəyirlər. Fiziki şəxslərdə bu göstərici 14 faizdir. Gələcəkdə Azərbaycanda işin nə dərəcədə böyük olmasına bağlı olaraq, əlavə qanun dəyişikliyi ilə bu göstəricinin 25 faizə qədər artırılması da mümkündür. Əgər bu fəaliyyət sahəsi böyüyərsə və ölkə iqtisadiyyatına ciddi xeyir verərsə, bu halda həm daxili, həm də xarici rəğbət artacaq. Bu isə dövlətin daha çox gəlir əldə etməsinə şərait yaradacaq”. C.Dövlətzadənin sözlərinə görə, dünyada işləyən hər 10 nəfərdən biri məhz turizm sektorunda çalışır. Kazino turizmi isə bu sektorda ən çox gəlir gətirən sahələrindən biri hesab olunur: “Hazırda Orta Asiya ölkələrində – Qazaxıstan və Özbəkistanda da kazino fəaliyyəti başlamış və davam etdirilməkdədir. Azərbaycanda bu sahənin inkişafı yeni iş yerlərinin açılmasına səbəb olacaq, turizm potensialının yeni bir istiqamətdə formalaşmasına imkan yaradacaq və dayanıqlı turizmin yeni bir növü kimi kazino turizmini önə çıxaracaq. Eyni zamanda, xaricdən gələn turistlərin sayında ən azı 15-20 faiz artım müşahidə oluna bilər”. Sevinc İbrahimzadə / Metbuat.az