AZ

Avropa İttifaqı Rusiyanın qazını kəsir , Ukrayna ilə sülh masasına gətirməyə çalışır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İyunun 17-də Avropa Komissiyası Aİ-yə 2027-ci ilin sonuna kimi Rusiya qazı və neft idxalını mərhələli və effektiv şəkildə dayandırmağa imkan verəcək qanunvericilik təşəbbüsü təqdim edib. Bu tədbir Aİ-yə Rusiyanın qalıq yanacaqlarından imtina etməyə və enerji müstəqilliyini və rəqabət qabiliyyətini gücləndirməyə kömək edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib: "Rusiya enerji ehtiyatlarından silah kimi istifadə edərək bizi dəfələrlə şantaj etməyə çalışıb. Biz kranı bağlamaq və Avropada Rusiyanın qalıq yanacaqları dövrünə birdəfəlik son qoymaq üçün konkret tədbirlər görmüşük". Təklif olunan təşəbbüs Rusiyadan gələn və ya birbaşa və ya dolayı yolla ixrac edilən boru kəməri qazının və mayeləşdirilmiş təbii qazın (LNG) mərhələli şəkildə ləğvini nəzərdə tutur. O, həmçinin 2027-ci ilin sonuna qədər Rusiya neftinin idxalının tam dayandırılmasını asanlaşdırmaq üçün tədbirləri ehtiva edir.

Aİ-yə üzv dövlətlər Rusiya qazının və neftinin idxalını mərhələli şəkildə dayandırmaq üçün dəqiq tədbirlər və mərhələlərlə şaxələndirmə planlarını təqdim etməli olacaqlar. Planlaşdırılan mərhələli idxal qadağasına əsasən, yeni müqavilələr üzrə Rusiya qazının idxalı 2026-cı il yanvarın 1-dən qadağan ediləcək. Dənizə çıxışı olmayan ölkələrə boru kəməri qazı tədarükü və 2027-ci ilin sonuna qədər icazə veriləcək əlaqəli uzunmüddətli müqavilələr istisna olmaqla, mövcud qısamüddətli müqavilələr üzrə idxal 17 iyun 2026-cı ilədək dayandırılacaq.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinə görə Avropa İttifaqının Rusiyaya qarşı təzyiq mexanizminin işə düşməsi, ümumiyyətlə, bəzi dövlətlərin Rusiya ilə qaz müqaviləsini dayandırması Avropa İttifaqının Rusiyaya qarşı ciddi şəkildə təzyiqi kimi də başa düşmək olar: “Nəzərə alaq ki, Rusiya burada milyardlarla vəsait itirəcək. Çünki bu, Rusiya üçün artıq son həddir. Bununla Putin artıq Avropa bazarını itirmiş olur. Yəni görürük ki, Putin heç nə qazanmır. Ukrayna müharibəsində qazanmayıb, həmçinin Avropa bazarını itirib. Çin də artıq Rusiya qazına bir o qədər də ciddi yanaşmır. Yəni Rusiya üçün çətin bir proses, təkcə qaz deyil”.

Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya çalışacaq ki, yeni qaz bazarları axtarsın, çünki Rusiya Türkiyən üzərindən Avropaya müəyyən alternativlərdən qaz ixrac edə bilər.

“Bu, əvvəlki kimi Rusiyaya kifayət edən gəlirlərin gəlməsinə də gətirib çıxarmayacaq. Rusiya üçün çətin bir prosesdir. Təbii ki, Avropanın bu siyasəti Rusiyanın da cəzalandırmaqdan ibarətdir. Rusiya ilə Ukrayna arasında aparılan müharibədə Rusiyaya qarşı təzyiq göstərilir ki, danışıqlar masasına əyləşsin və müəyyən bir güzəşt etsin. Avropa İttifaqının və Avropa Komissiyasının əsas siyasəti bundan ibarətdir. Bu təzyiqlər Rusiyanın müdafiə sənayesinə də, müharibənin aparılmasına da ciddi zərbə vuracaq. Çünki müəyyən vəsait itirilir. İqtisadi təzyiqlər artıq Rusiya ordusunda könüllü ödənişlərə ciddi mənfi təsir edir. Əlavə məvaciblərin verilməsi də dayandırılır, silah istehsalında da müəyyən axsamalar baş verir. Sanksiyaların müəyyən nəticələri artıq Rusiya üçün aydın görünür”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr