"Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgiləri Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tədbirlərdən biridir. Bu cür sərgilərdə iştirak, ilk növbədə, ölkənin turizm potensialının tanıdılması və beynəlxalq arenada milli brendin təbliği baxımından mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, turizm sərgilərində iştirakı ölkə üzrə turizm siyasətinin koordinasiyasını həyata keçirən aidiyyəti dövlət qurumları – xüsusilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Bürosu – təşkil edir: "Şirkətlərin bu sərgilərdə təmsil olunması müəyyən meyarlar əsasında həyata keçirilir və bu məqsədlə onlar Nazirliyə müraciət edirlər. Nazirlik tərəfindən seçilmiş şirkətlərə xüsusi stendlər ayrılır və həmin stendlər vasitəsilə Azərbaycanın mədəni irsi, milli sənət nümunələri və turizm resursları təqdim olunur.
Bu cür beynəlxalq platformalar vasitəsilə xarici ölkələrin turizm sənayesi nümayəndələri ilə əməkdaşlıqlar qurulur, qarşılıqlı müqavilələr bağlanır və gələcək turların təşkili üçün danışıqlar aparılır. Nəticə etibarilə, bu tədbirlər Azərbaycana xarici turist axınının artmasına, turizm sektorunun inkişafına, qeyri-neft sektorunda valyuta daxilolmalarının yüksəlməsinə və ümumilikdə sosial-iqtisadi inkişafın stimullaşdırılmasına şərait yaradır.
Beləliklə, beynəlxalq turizm sərgilərində iştirakı yalnız ölkənin imicinin formalaşdırılması baxımından deyil, eyni zamanda iqtisadi və mədəni diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirmək olar"- deyə ekspert əlavə edib.