AZ

Nəcməddin Sadıqov "Şlyapa Zahid " üçün 42 milyon manatın xahişini niyə etmişdi?..


Şəmsəddin Əliyev: "Əgər bu adamların məhkəməyə gətirilməsi ilə bağli vəsatət verilirsə, məhkəmə də onu təmin etmirsə, deməli hakim işə obyektiv baxmır"

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin ("şlyapa Zahid") 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mahir Rəfiyevin ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub. O bildirib ki, "Ata Bank"ın səhmdarlarından biri olub. Onun ifadəsinə görə, keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə "Ata Bank"dan Nəcməddin Sadıqovun göndərdiyi şəxsə kreditin təyin olunmasını təmin edib. O, ifadəsində bildirib ki, Nəcməddin Sadıqovun göndərdiyi adam "Şahin-CO" MMC-nin təsisçisi olan Zahid Niftəliyevə krediti təyin edib.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə iri məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq təyinatı üzrə istifadə etməməklə dövlətə xüsusilə külli miqdarda ziyan vurub.

Belə aydın olur ki, keçmiş vergilər naziri Fazil Məmmədovun göstərişi ilə "Şahin-CO" MMC-nin təsisçisi Zahid Niftəliyevə qeyd edilə məbləğdə kredit ayrılıb.

Şlyapa Zahidin "Şahin-CO" şirkəti ləğv edilib, bir illiyə verilən 42 milyon 470 min 885 manat kredit isə batıb. Digər tərəfdən, Nəcməddin Sadıqovu məhkəməyə gətirə bilmirlər, məhkəmə vəsatəti təmin etmir. İndi bu 42 milyon manatdan çox vəsait kimdə ola bilər, Şlyapa Zahid bu məbləği tək mənimsəyibmi? O bu məbləği tək mənimsəyibsə, Nəcməddin Sadıqov və Fazil Məmmədov hansı maraqla bu isə qarışıb?

Baki-xeber.com-un sualını cavablandıran hüquqşünas Şəmsəddin Əliyev bildirdi ki, əgər hakim məhkəmə qərarının istintaqı üçün zəruri olan prosesual addımlar atmırsa, işin mahiyyəti üzrə onun həqiqiliyi və qəsdən törədildiyi ilə bağlı o cinayətin bütün iştirakçılarının istintaqa cəlb edilməsi ilə bağlı prosesual addımlar atmırsa onun qəbul etdiyi hökm - cəza sosial ədaləti bərpa etmək istiqamətindəki vəzifəsini icra edə bilməyəcək.

Cəzanın tətbiq edilməsinin üç vəzifəsi var. Cəza dövlət adından tətbiq edildiyindən, ilk növbədə cəzanın elan edilməsi ilə sosial ədalət bərpa edilməlidir, qərarın ikinci vəzifəsi məhkum olunmuşun islah edilməsi, üçüncüsü isə bu sahədə baş verə biləcək cinayətlərin qarşısını almağa yönəlməlidir. Əgər məhkəmənin hökmü ilə sosial ədalət bərpa olunmursa, məhkum islah edilmirsə və baş verəcək təkrar cinayətlərin qarşısı alınmazsa, məhkəmədə dövlət adından hər hansı bir qərarın qəbul edilməsinin mənası itir.

Digər tərəfdən, cinayətdə iştirakçılığın Cinayət Məcəlləsində tərifi belə verilib: iki və ya daha çox səxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Diqqət edirsinizsə, burada cinayət qanunvericiliyi iki dəfə "qəsdən" sözünü işlədir. Yəni iştirakçılıq ehtiyatsızlıq üzündən törədilə bilməz. Burada bilə-bilə, şüurlu şəkildə, nəticəsini anlayaraq bu cunayəti törədiblər. Burada söhbət dövlətə dəymiş 42 milyon manatdan çox zərərin ödənilməsindən gedir. Məhkəmədə çıxış edən dövlət ittihamçısının - prokurorluğun yeganə vəzifəsi dövləti müdaviə etmək, dövlətin adından iddialar vermək və dövlətə dəymiş zərərin ödənilməsi ilə bağli vəsatətlər verməkdir. Əgər bu adamların məhkəməyə gətirilməsi ilə bağli vəsatət verilirsə, məhkəmə də onu təmin etmirsə, deməli hakim işə obyektiv baxmır.Məhkəmə vəsatəti qəbul etmirsə, onu əsaslandırmalıdır ki, vəsatəti niyə qəbul etmir.

Əgər dövlətə dəyən zərər ödənilməzsə, məhkəmə istintaqına qədər həbs edilmiş şəxsin ifadəsində Sadıqova və digərlərınə yönəlik ittiham varsa, həmin ifadənin doğru və ya yalan olduğunu təsdiqləmək üçün onlar məhkəməyə dəvət edilməlidir, onlara dövlət ittahamçısı, hakim və vəkil tərəfindən suallar verilə bilər. Onların məhkəmə prosesində üzləşməsi mütləq olmalıdır. Bunlar baş vermirsə, məhkəmənin səthi, qeyri-obyektiv aparılması ortada olacaq".

Mütəxəssisin də bildirdiyi kimi, prosesin qeyri-obyektivaparıldığı aydın görünür. Müttəhim və şahidlərin ifadəsindən görünür ki, Nəcməddin Sadıqov krediti götürmək üçün öz adamı kimi Zahid Niftəliyevi göndərib. Belə çıxır ki, krediti Nəcməddin Sadıqov formal olaraq Zahid Niftəliyevin adına götürüb. Hakim isə onun məhkəməyə dəvət edilməsinə imkan vermir.

Dəniz NƏSİRLİ

Seçilən
5
baki-xeber.com

1Mənbələr