Könül İsmayılova: “Son zamanlar trend olan boşanma dəvətnaməsi, boşanma partisi doğrudan utancvericidir”
Yəqin ki, çox insan “boşanma partisi”, “boşanma dəvətnamə”sindən xəbərdar deyil. Ötən illərdən fərqli olaraq hazırda boşanan şəxslər ayrıldığını gizlətmir, əksini bunu toy-bayram kimi qeyd edir. Hətta boşandığı parti belə verənlərdə var. Ən maraqlısı tendensiya isə boşanma dəvətnamələrinin olmasıdır.
Ayrılan şəxs dostlarına məlum dəvətnaməni göndərir və boşandığını təmtəraqlı formada qeyd edirlər. Təbii ki, bu kimi hallar boşanmanın artmasına, ailə dəyərlərinin məhv olmasına səbəb olur.
“O cür partilərə dəvət edilənlər ora getməkdən imtina etsin, bu cür olarsa insanlar bunun səhv olduğunu başa düşər”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hesab edir, boşanmaların artması təkcə statistika deyil, həm də cəmiyyətin psixoloji rifahına mənfi təsir göstərən ciddi bir məsələdir: “Boşanmanın əsas səbəbləri arasında ünsiyyət çatışmazlığı, emosional uzaqlaşma, maddi çətinliklər, sədaqətsizlik, psixoloji uyğunsuzluq və ailədaxili təzyiqləri göstərmək olar. Bəzən də tərəflər bir-birini tanımadan, hazırlıqsız şəkildə evliliyə daxil olurlar və nəticədə qarşıdurmalar yaranır. Statistika göstərir ki, həm sevərək, həm də ailə məsləhəti ilə evlənənlərdə uğurlu və uğursuz nümunələr var. Sevərək evlənənlər bəzən romantik hisslərə qapılıb real problemləri görmürlər. Ailə məsləhəti ilə evlənənlər isə münasibətə bir az daha realist yanaşırlar. Ən əsas amil qarşılıqlı anlayış, hörmət və birgə yol getmək bacarığıdır. Sevgi münasibətini uzun müddətli edən ona sərf edilən əmək, empatiya və qarşılıqlı hörmətdir. Bəzən cütlüklər uzun müddət birlikdə olduqdan sonra evlənirlər, lakin evlilik çox çəkmir. Uzun müddət birlikdə olmaq bəzən cütlüyün bir-birinə qarşı emosional doyumunu azaldır. Boşanma mövzusu çox geniş əhatəlidir, bu haqda çox danışılıb, danışmaq olar. Ancaq son zamanlar trend olan boşanma dəvətnaməsi, boşanma partisi doğrudan utancvericidir. Sosial mediada boşanmaları təşviq edən insanlar çoxalıb. Bu ənənə geniş yayılsa, Azərbaycanda ailə modeli, ailə institutu deyə bir şey qalmayacaq. Gənclərin bir qismi ailə qurandan sonra sözlərinin düz gəlmədiyiniəsas gətirib ayrılacaq və bunu da böyük bir iş kimi məclis düzəldib, elə-aləmə səs salacaqlar. Yaxşı olar ki, o cür partilərə dəvət edilənlər ora getməkdən imtina etsin, bu cür olarsa insanlar bunun səhv olduğunu başa düşər. Yoxsa həmin partiyə gedib, “filan adlı rəfiqəmin ərindən boşanmasını qeyd edirik” kimi postların sosial şəbəkədə paylanılması vəziyyəti daha da pisləşdirəcək. İctimai qınaq olmasa, bu tip yığıncaqlar dəb halını alacaq”.
Günel CƏLİLOVA