AZ

İsrail ilk gün İranı vurduğu dronları Əfqanıstan üzərindən keçirib...


Ramil Məmmədli: “İrana zərbə vuran dronlar ABŞ Əfqanıstanda olarkən ora yerləşdirilib”

İranın mühafizəkar dairələri illər uzunu İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etdiyinə dair təxribatçı açıqlamalar yaydılar. Guya İsrail Azərbaycan ərazisindən istifadə edərək İranda diversiyalar törədir.

Bu arada məlum olub ki, İsrail kəşfiyyatı İran ərazisinə dronları Əfqanıstan ərazisindən keçirib. O da məlum olub ki, İsrail kəşfiyyatı Əqfanıstan ərazisində əfqanlardan ibarət müxtəlif qruplar formalaşdırıb və məhz onlar maşınlarla dronları İran ərazisinə keçiriblər. Başqa bir xəbər də ondan ibarətdir ki, Taliban rəhbərliyində bəzi şəxslər işin içində olublar. İranda İsrail kəşfiyyatı ilə əlaqəli olduğu hesab edilən əfqanların sayı artıb.

Məlumat üçün qeyd edək ki, 2021-ci ilin avqustunda ABŞ prezidenti Cozef Bayden Əfqanıstandan qoşunların çıxarılmasına qərar verdi. O zaman Əfqanıstandan qaçan ABŞ milyonlarla insanı taleyin ümidinə buraxaraq Talibanın cənginə atdı. Ən başlıcası isə, ABŞ Əfqanıstan kimi çətin relyefə malik ölkədən silah və hərbi texnikanı çıxarmadı. Talibana çoxlu sayda silah-sursatı qənimət olaraq saxladılar. O zaman bu, hamını təəccübləndirdi. Maraqlıdır, bu gün İranı vuran dronların Əfqanıstanda məhz həmin vaxtlarda saxlanıldığını, yerləşdirildiyini ehtimal etmək nə dərəcədə düzgündür?

“Yoxsa digər ölkələrdən bunu İrana keçirmək bu qədər asan olmazdı

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli bu versiyanı istisna etmədi: “Ona görə ki, ABŞ qoşunlarının Əfqanıstanda mövcud olduğu 20 il ərzində bunun üçün kifayət qədər əlverişli imkan olub. Əfqanıstan ərazisinə görə böyük və dağlıq ölkədir. Üstəlik, uzun illər orada mərkəzləşmiş sistemli dövlətin olmaması, vətəndaş müharibəsi və digər amillər sözügedən dronların kamuflyaj edilərək gizlədilməsinə şərait yaradır. Başqa bir tərəfdən Taliban rəhbərliyinin İranla münasibətləri hər zaman gərgin olub. Bir neçə dəfə bu səbəbdən İranla Əfqanıstan arasında toqquşma baş verib. Taliban transsərhəd çayı olan Hilmənd üzərində bir neçə bənd tikərək İrana su axınının qarşısını alır. İki ölkə arasında gərginliyin bir səbəbi də bununla əlaqədardır. O baxımdan istisna deyil ki, Taliban həmin dronların İrana keçirilməsinə biləvasitə dəstək verib. Taliban üzdə Birləşmiş Ştatlarla düşmən kimi görünsə də, reallıq tamam fərqlidir. Fikrimcə, Talibanı gücləndirən və arxasında duran ABŞ-dır. Necə ki, “Əl-Qaidə” terror təşkilatını yaratmışdı. Bu baxımdan, bəli, İrana zərbə vuran dronlar ABŞ Əfqanıstanda olarkən ora yerləşdirilib. Yoxsa digər ölkələrdən bunu İrana keçirmək bu qədər asan olmazdı. İrandakı radikal dairələrin buna görə Azərbaycanı günahlandırması isə, hər zaman olduğu kimi, cəfəngiyatdır”.

Vidadi ORDAHALLI

Seçilən
6
baki-xeber.com

1Mənbələr