AZ

14 saylı cəzaçəkmə müəssisəsində dəhşətli iddialar- FOTOLAR

14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum-jurnalist Zaur Qəmbərov müəssisədə baş verən qanunsuzluqlarla bağlı ciddi ittihamlar səsləndirib. 

News365.az Aztimes.az-a istinadən xəbər verir ki, Onun dediklərinə görə, rəhbərlik tərəfindən sistematik olaraq psixoloji və fiziki təzyiqlərə məruz qalır.

Zaur Qəmbərov iddia edir ki, rüşvət vermədiyinə və qanunsuz tələblərə tabe olmadığına görə müəssisə rəhbərliyi, xüsusilə rəis müavini Natiq Mustafayev tərəfindən hədəf alınıb:

“Hər gün işçilərinə məni izlətdirir, mənəvi və psixoloji təzyiq göstərirlər. Təzyiqlərə bəzi məhkumlar da cəlb olunub. Sadəcə mənə salam verdiyinə görə 20-dən çox məhbus döyülüb”.

Qəmbərov qeyd edir ki, bəzi əməkdaşlar – Ələkbərzadə Nurlan, Məmmədov Elman, Vəliyev Elçin, Nağıyev Qafar onu daim izləyir. Gizir Atəş isə ona “tramadol” adlı dərman təklif edib. Onun sözlərinə görə, mayor Akif Həsənov onu birbaşa ölümlə hədələyib:

“Deyir səni öldürərəm, heç kim mənə heç nə edə bilməz. Bədbəxt hadisə kimi rəsmiləşdirmək mənim əlimdədir”.

Məqalədə bildirilib ki, Rejim nəzarət şöbəsinin rəisi Faiq Əzizov digər məhkumlara qarşı zorakılıq tətbiq etdiklərini deyərək, Qəmbərovu da eyni aqibətlə hədələyib. Onun sözlərinə görə, Əzizov yataq dəstini bilərək kəsib və bunu dövlət əmlakına ziyan kimi sənədləşdirib.

Zaur Qəmbərov daha bir təhlükəli iddianı da səsləndirib:

“Məhkum Aslanov Zabilin başının altından bıçaq tapılıb. Məqsəd məni öldürmək olub. Bıçaq nəzarətçi vasitəsilə içəri keçirilib, amma heç bir tədbir görülməyib”.

Qəmbərov həmçinin müəssisədə korrupsiya hallarının da geniş yayıldığını deyib:

“İşdə olmayan adamların adına 100-dən çox kart açılıb. Suya, təmirə pul yığılır. Evdən gələn yeməklər çox vaxt saxlanılır, bizə isə keyfiyyətsiz yemək verilir. Hətta çimmək üçün su belə pulla satılır”.

O bildirir ki, bu təzyiqlər səbəbilə digər məhkumlardan biri – Xəyyam adlı şəxs özünə xəsarət yetirib. Bu hadisədə məsuliyyətin əməkdaş Vəliyev Elçin üzərində olduğu iddia olunur.

Qəmbərov baş verənlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətini (DTX) araşdırmaya çağırır. Onun sözlərinə görə, bu barədə yazılı müraciətlər aidiyyəti dövlət qurumlarına göndərilib, lakin hələ cavab verilməyib.

P.S. Məsələ ilə bağlı daha ətraflı səs yazısı da mövcuddur və aidiyyəti orqanlara təqdim edilə bilər.

Qeyd: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
2
news365.az

1Mənbələr