ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Müasir həyat tərzi, stres və azalan fiziki aktivlik bir sıra sağlamlıq problemlərinin, xüsusilə də oynaq xəstəliklərinin artmasına səbəb olur.
Oxu.Az xəbər verir ki, mütəxəssislər bu halların həm genetik, həm də həyat tərzi ilə bağlı səbəblərdən irəli gəldiyini bildirirlər. Xəstəliklər təkcə yaşlıları deyil, gənc və orta yaşlı insanları da əhatə edir.
Mütəxəssislərin apardıqları araşdırmalara görə, son vaxtlar oynaq xəstəliklərinə gənclər arasında daha çox rast gəlinir.
Müəyyən olunub ki, revmatoid artrit (RA) xəstəliyinin qlobal yükü 1980-ci ildən 2021-ci ilə qədər əhəmiyyətli dərəcədə artıb. 2021-ci ildə Böyük Britaniya və Meksikadakı yerli inzibati vahidlər ən yüksək sayda xəstəlik halları və əlilliyə uyğunlaşdırılmış ömür illəri (DALY) göstəricilərinə malik olublar.
1990-2021-ci illər arasında RA-nın yaşa görə standartlaşdırılmış insident göstəriciləri 13.2% artıb. Xüsusilə Qərbi Avropa və Şimali Amerikada bu xəstəliyin daha yüksək yayılma səviyyəsi müşahidə olunub. Böyük Britaniya və Meksika isə yaşa uyğunlaşdırılmış insident və DALY göstəriciləri baxımından liderlik edib.
RA halları, əsasən, 55 yaşdan yuxarı şəxslər arasında daha çox qeydə alınsa da, 2015-ci ildən sonra bu tendensiya dəyişərək daha gənc yaş qruplarına, xüsusilə yüksək sosial-demoqrafik indeksə malik bölgələrə doğru yönəlib. Bu baxımdan yüksək sosial-demoqrafik göstəricilərə malik ölkələr arasında Yaponiyada DALY dərəcələrinin azaldığı, Böyük Britaniyada isə artdığı müşahidə olunur.
Revmatoid artritə görə yaşa uyğunlaşdırılmış ölüm nisbəti 1980-2021-ci illər ərzində 32.7% azalsa da, eyni dövrdə DALY göstəricilərində iki dəfə artım qeydə alınıb. Ən yüksək göstəricilər isə 55 yaşdan yuxarı insanlarda müşahidə olunur.
Bəs Azərbaycanda vəziyyət necədir? Oynaq xəstəlikləri, əsasən, hansı yaş qruplarında özünü daha çox büruzə verir?
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi, travmatoloq-ortoped Valid Novruzov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda oynaq xəstəliklərindən, xüsusilə revmatoid artrit, osteoartrit və spondiloartritlər geniş yayılıb:
"Bu xəstəliklər, əsasən, gənc və orta yaşlı insanlarda müşahidə olunur və funksional məhdudiyyətlərə səbəb ola bilər. Rəsmi statistika və klinik müşahidələrə əsasən, revmatoid artrit ölkədə ən çox rast gəlinən autoimmun oynaq xəstəliyidir. 50 yaşdan yuxarı şəxslər arasında isə daha çox osteoartrit - yəni degenerativ (yaşla bağlı) oynaq xəstəlikləri qeydə alınır".
Azərbaycanda oynaq xəstəliklərinin, əsasən, 30-50 yaş arası və 50 yaşdan yuxarı şəxslərdə daha çox müşahidə olunduğunu diqqətə çatdıran həkim vurğulayıb ki, bunlardan ən çox revmatoid artrit və autoimmun xarakterli oynaq xəstəlikləri qeydə alınır:
"Bu xəstəliklərə kişilərlə müqayisədə qadınlarda iki-üç dəfə daha çox rast gəlinir. 50 yaşdan yuxarı yaş qrupunda isə əsasən, osteoartritə - yəni oynaqlarda yaşla bağlı qığırdaq deformasiyasına daha tez-tez rast gəlinir. Diz, bud-çanaq, bel və boyun nahiyələrində ağrılar və hərəkət məhdudiyyətləri ön plandadır".
V.Novruzovun fikrincə, xəstəliyin daha çox yayılmasına səbəb hər yaş qrupu üçün fərqli ola bilir:
"30-50 yaş aralığında hormonal dəyişikliklər, xüsusilə qadınlarda doğuşdan sonra və klimaks dövründə immun sisteminin zəifləməsi revmatoid artritin inkişaf riskini artırır. Bundan əlavə, xroniki stres, düzgün olmayan qidalanma və infeksiyalar da immun sistemini pozaraq autoimmun xəstəliklərin yaranmasına səbəb ola bilər.
50 yaşdan sonra isə qığırdaqların təbii şəkildə aşınması, sümük sıxlığının azalması (osteoporoz), fiziki aktivliyin azalması, artıq çəki və əzələ zəifliyi kimi amillər oynaqlara düşən yüklənməni artırır və nəticədə osteoartrit inkişaf edir".
Sonda həkim vurğulayıb ki, sağlam oynaqlar sağlam həyat deməkdir:
"Kiçik ağrılar bəzən böyük problemlərin xəbərçisidir. Vaxtında müayinə olunmaq gecikmiş müalicədən daha təsirlidir".
Əzizə İsmayılova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.