"Məhərrəm ayı hicri-qəməri təqvimlə ilin ilk ayıdır. Bu ayın matəm ayı olması İslamda yoxdur. Quranda və Peyğəmbərin göstərişlərində matəm ayı, matəm günü deyə anlayış yoxdur".
Bu fikirləri Redaktor.az-a ilahiyyatçı Tural İrfan Məhərrəmilik ayında toy edib-etməmək məsələsindən danışarkən bildirdi.
"Peyğəmbərin nəvəsi İmam Hüseyn Kərbəlada həmin ayda şəhid olub. Bununla əlaqədar olaraq, onun həyat yoldaşının fars qızı olmasına görə əsasən həmin coğrafiyada yaşayan bir qism müsəlman bu ayı matəm hesab edir. Peyğəmbər buyurub ki, xeyir işlərə tələsin. Bu ayda toy da, nişan da etmək olar, kəbin də kəsdirmək, evlənmək olar. İmam Hüseyn şəhid olmadı ki, camaat ondan sonra matəmə bürünüb qəm içində yaşasın. O, cənnətə ən ali məqamına getdi. İndi yas saxlayaq ki, niyə cənnətə getdi? Bu, absurddur. Məhərrəm ayında yas tutub özünü döymək İmam Hüseyni çağırıb sonda da xəyanət edib öldürənlərin sonrakı peşmançılıq hisslərinin təzahürünün tarixi ənənəsidir", - deyən ilahiyyatçı qeyd etdi ki, minlərlə peyğəmbər dünyaya gəlib və vəfat edib:
"O cümlədən yüzlərlə Əhli Beytin önəmli simaları, imamları, alimləri var. Hərəsinə bircə gün yas saxlansa ilin günləri çatmaz. İslamda insan ölmür, dünyasını dəyişir. Şəhidlər isə əbədi cənnətə nail olur. Şəhid olmuş adama illərlə, aylarla yas tutmaq İslama ziddir. Axirət inancını inkar edib Allaha üsyan etməkdir. Yas tutmaq İmam Hüseyni məğlub göstərməkdir. Halbuki o qalib gəlib. Ölüm məğlub olmaq deyil. Onun şəhadət yolunu, mənəvi irsini isə yasla, mərsiyə ilə yaşatmaq İslama da ziddir, Əhli Beytin yoluna da ziddir.
İmam Hüseyn şəhid oldu ki, insanlar xoş həyat yaşasın, düz yaşasın".
Müsahibimiz vurğuladı ki, İmam Hüseynin şəhadətindən sonra heç heç bir İmam indiki kimi Məhərrəm ayını yas ayı elan etməyib.
"Heç bir İmam bu ayda toyu, nişanı yasaqlamayıb. İmam Hüseynə dəyər və qiymət Məhərrəm ayını yas elan etməklə olmaz. Ona dəyər vermək onun yolunu, əxlaqını, elmini, helmini, mərifətini yaşatmaqdır", - deyə Tural İrfan fikrini tamamladı.
Aytəkin TOFİQQIZI