Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Suriya xarici işlər naziri Əsad əş-Şeybani ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X”də paylaşım edib.
Görüş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində baş tutub.
Müzakirələr zamanı nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar.
Humanitar yardım təşəbbüslərinin gücləndirilməsinə və münaqişədən sonra bərpa səylərində əməkdaşlıq imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib.
Suriyaya qarşı tətbiq edilən birtərəfli sanksiyaların aradan qaldırılmasının vacibliyi vurğulanıb, onların aradan qaldırılmasının ölkənin yenidən qurulması və uzunmüddətli inkişafının asanlaşdırılmasında mühüm rol oynayacağı vurğulanıb.
Nazirlər həmçinin Yaxın Şərqdə baş verən hadisələrə, İsrail və İran arasında son eskalasiyaya diqqət yetirməklə, aktual regional və beynəlxalq təhlükəsizlik narahatlıqlarına toxunublar.
Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.
Nazir bildirib ki, görüşdə Azərbaycanın Suriyanın yenidən qurulmasına töhfə verməyə hazır olması müzakirə edilib.
“Biz Azərbaycan-Suriya əlaqələrinin bərpası, humanitar əməkdaşlığın perspektivləri, Azərbaycanın Suriyanın yenidən qurulmasına töhfə verməyə hazırlığı və Suriyanın gələcək inkişafına kömək etmək üçün birtərəfli sanksiyaların ləğvinin vacibliyini müzakirə etdik. Regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.”, - nazir qeyd edib.
Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə İsrail-İran gərginliyi ilə bağlı məsələlər də nəzərdən keçirilib.