AZ

ABŞ İranın Fordo atom zavoduna taktiki nüvə zərbəsi vuracaq...


Üzeyir Cəfərov: "Biz indiyə qədər əhali arasında havanın nüvə çirklənməsinə qarşı tədbirlər barədə maarifləndirmə işi apararaq buna hazır olmalıydıq, indi başlamaq da geç deyil"

ABŞ İranın nüvə proqramını İsrail vasitəsilə dayandırmaq istəyir. Lakin İsrail hələlik bu işin öhdəsindən gələ bilmir. Bunun üçün ya Amerika özü 13,6 tonluq, yarım milyard dollar dəyəri olan bunkerdeşən bombalar vasitəsilə bu obyektləri vurmalıdı, ya da bunkerləri dağıtmaq üçün İsrailə taktiki nüvə silahından istifadə etməyə izn verməlidir.

Məlumata görə isə, artıq İranda 408 kq 60% zənginləşdirilmiş uran var. Ola bilsin ki, həmin zənginləşdirilmiş uran da elə nüvə zavodlarının yerləşdiyi sığınacaqlarda saxlanılır.

Amerika, yaxud İsrail İranın Fordo nüvə zənginləşdirmə zavodunu bunker deşən bomba və ya taktiki nüvə silahı ilə vursa, bunun bölgəyə, xüsusilə də Azərbaycana hansı təsirləri ola bilər?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, dünən ABŞ prezidenti İranla danışıq apardığını bəyan etdi: "Bu da onu göstərir ki, hələ ümidlər tam tükənməyib. İranin nüvə proqramı ətrafında baş verən hadisələr hansısa bəlli bir məqamda dayanacaq. Amma görünən odur ki, həm İsrail, həm də İran bir-birini bombalayır, xeyli dağintı və tələfat var. Xeyli mülki və dövlət əhəmiyyətli binalar dağılıb. Hər iki dövlət dağıntılar barədə beynəlxalq ictimaiyyətə faktlar təqdim edir. Dağilan obyektlər İsrail elmi və iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edirdi. Lakin bu gün dünyanın bərbad idarə edilməsi səbəbindən həmin obyektlər dağıdılıb. İranda uranın 60% zənginləşdirilməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyun (AEBA) məlumatından bəlli idi. Hesab edirəm ki, indi gedən proseslərdə ABŞ və BMT ilə yanaşı AEBA-nın da məsuliyyəti var. Çünki Rafael Qrissı ötən günlərdə verdiyi açıqlamalarda İranın hər hansı bir nüvə silahı əldə etmədiyini və buna çalışmadığını bildirib. O cümlədən İran Xarici işlər naziri Abbas Əraqçi də bəyan edib ki, İranın belə bir arzusu yoxdur. Onda neçə gündür dünyanin seyr etdiyi bu fəlakətin səbəbi nədir? Əslində bütün bu hadisələr İsrailin və ABŞ-ın siyasi maraqları səbəbindən baş verir.

O ki qaldı Fordo nüvə zənginləşdirmə zavodu ilə bağlı təhlükəyə, o hələ də qalmaqdadır. Qarşıdakı günlərdə nələrin baş verəcəyi bilinmir. Bu obyektə qarşı bunkerdeşen bombalardan və ya taktiki nüvə silahından istifadə olunsa, əlbəttə, həmin obyektdə nüvə sızmaları baş verə bilər. Biz isə regionda bu obyektin bir addımlığındayıq. Bunun yalnız Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaza çox ciddi təsirləri ola bilər. Bizim rəsmilərin çağırışları panika deyil, müəyyən işlərə hazır olmaq üçün bir siqnaldır. Hazırda heç kim bilmir ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək. Belə hallarda ən pis variantı fikirkəşmək lazındır. Yəni Fordo nüvə zənginləşdirən zavod taktiki nüvə silahı ilə vurulsa, havada çirklənmə və radiasiya fonu yüksələcək. Həmin çirklənmə küləyin istiqamətindən asılı olaraq Azərbaycanın cənub zonasına, hətta şimala doğru daha dərinlikləri çirkləndirə bilər. Biz indiyə qədər əhali arasında havanın nüvə çirklənməsinə qarşı tədbirlər barədə maarifləndirmə işi apararaq buna hazır olmalıydıq, indi başlamaq da geç deyil. Çünki bunun Azərbaycana böyük təsirləri ola bilər. Bizim üçün hər bir vətəndaşımızın sağlamlığı vacibdir. Belə bir deyim var, sonrakı peşmançılıq fayda verməz. Odur ki, hökumət strukturları qısa zamanda öz üzərinə düşən tədbirləri həyata keçirməlidir.

Bu gün baş verənlər bizin qapımızın kandarında baş verir.

ABŞ və İsrailin İranin nüvə proqramı ətrafinda həyata keçirdiyi avantüra bizim üçün də ciddi problemlər yarada bilər. Bu problemin təsirlərini minimuma endirmək üçün biz gecə-gündüz çalışmalıyıq. Bu münaqişə başa çatana qədər bizim üçün çətin olacaq. İranda xoşagəlməz faciələr baş versə, bu bizim üçün də çox ağır nəticələrə səbəb ola bilər. Ona görə də həm diplomatik kanallarla, həm də daxildə mülki müdafiə tədbirləri görməklə bu təhlukəni önləməyə çalışmalıyıq.

Baxın, Azərbaycan çağırışlar edir ki, İranın azərbaycanlılar yaşayan ərazilərinə zərbələr endirilməsin, amma İsrail buna məhəl qoymur, Ərdəbilə, Təbrizə, Rəştə, İsfahana, Nətənzə ağır raket zərbələri endirir. Bu isə bizi narahat edir, ona görə ki, həmin ərazidə yaşayan əhalinin əksəriyyəti soydaşlarımız olan azərbaycanlılardır".

Akif NƏSİRLİ

Seçilən
2
baki-xeber.com

1Mənbələr