AZ

İsrail-İran savaşının Azərbaycana təsirləri görünməyə başladı...


İsrail İranın nüvə və raket obyektlərini hədəfə alır, bu zərbələr artıq Tehran hökumətinə təhdid yaradır. İran da cavab zərbələri endirir və baş verənlər Yaxın Şərqdə daha böyük müharibə təhlükəsi yaradır. Proses bilavasitə ölkəmzin qonşuluğunda getdiyindən Azərbaycanda da diqqətlə izlənilir.

Karneqi Rusiya Avrasiya Mərkəzində Cənubi Qafqaz üzrə ekspert Zaur Şiriyev qeyd edir: “Azərbaycan İranla müharibənin olmasında maraqlı deyil, İsrailin İran ərazisinə zərbələrini də dəstəkləmir. Azərbaycan mövqeyini aydın bildirib ki, bu münaqişədə tərəf deyil”. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hava zərbələrinə başladığı gün bəyanatında bildirib ki, Bakı hücumlardan ciddi narahatlıq keçirir. Ertəsi gün nazir Ceyhun Bayramov iranlı həmkarı Abbas Ərağçi ilə telefon söhbətində onu əmin edib ki, Azərbaycan öz ərazisindən Tehrana qarşı hücumlarda istifadəyə icazə verməyəcək. Ekspertlər isə diqqəti ona yönəldir ki, İranda etnik azərbaycanlılar ən böyük çoxluqdur. Bu fonda Azərbaycan artıq İsrailə müəyyən xəbərdarlıqlar edib. Qeyd edək ki, Azərbaycan bir neçə gün öncə müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərib. Bildirilirdi ki, İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır. Bunun ardınca Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib. Xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb. İsraillə 1990-cı illərdə ilk əlaqələrini quran Azərbaycan ondan ötrü vacib neft mənbəyinə çevrilib, idxalının yarıdan çoxunu təmin edir.İsrail isə Azərbaycan üçün vacib silah təchizatçısıdır. 2016-2021-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini təşkil edib. Bunu Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesablayıb.

Bunlar fonunda ekspert Zaur Şiriyev diqqəti ona yönəldir ki, İsraillə İran arasında gərginlik yüksələndə çox vaxt kənardan belə fikirlər ortaya atılır ki, Azərbaycan hava məkanını aça, İsrailə dəstək verə bilər: “Bu heç vaxt gerçək olmayıb. Qabaqcıl hava qüvvəsi, dronlara malik İsrailin xaricdə yanacaq doldurmağa, yaxud yaxınlıqda hava bazalarına ehtiyacı yoxdur. Bakı cənub sərhədində gedən böyük müharibədən kənar durmağa çalışırmı? Bəli, amma bu o qədər də sadə deyil. Azərbaycan birbaşa iştirakdan yayınsa belə, bunun nəticələri ilə üzləşə bilər, qaçqın axını, ticarətin pozulması, logistika problemi ilə. Konflikt dərinləşərsə, İran rejimi tamamilə iflas edərsə, nəticədə bütün regionda sabitlik ciddi şəkildə pozular. İran Suriya, yaxud İraq deyil. Daha yaxındır, böyüklüyü də o deməkdir ki, çöküşü Cənubi Qafqazda əks-səda verəcək. Azərbaycan da qonşuları kimi bu təzyiqi ilk hiss edənlərdən olacaq”. Münaqişənin başladığı gündən dünya enerji bazarlarında qiymətlərdə artım müşahidə olunur. Neftin və qazın qiymətinin yüksəlməsi qısamüddətli dövrdə Azərbaycan üçün iqtisadi baxımdan müsbət nəticələr doğura bilər. Enerji ixracatçısı olan Azərbaycan üçün bu qiymət artımı valyuta gəlirlərinin yüksəlməsi, büdcə daxilolmalarının artması və tədiyyə balansında müsbət dinamika deməkdir. Lakin münaqişənin dərinləşməsi uzunmüddətli və sistemli risklərin meydana çıxmasına səbəb ola bilər. Gərginliyin daha da artması təchizat zəncirlərində ciddi pozuntulara gətirib çıxara bilər. Xüsusilə Fars körfəzi və Hörmüz boğazında hərbi qarşıdurma ehtimalı regionda təhlükəsizlik risklərini xeyli yüksəldir. Bu risklər daşınma xərclərinin, sığorta haqlarının və çatdırılma müddətlərinin artmasına səbəb ola bilər ki, nəticədə idxal prosesi həm maliyyə, həm də texniki baxımdan çətinləşəcək. “Ərkivan Transport” Beynəlxalq Yükdaşıma Şirkətinin rəhbəri Abdulla Abdullayev isə qeyd edir ki, İranla İsrail arasındakı müharibə Azərbaycanın idxal və ixrac etdiyi məhsulların daşınmasında çətinlik yaradıb. Onun sözlərinə görə, İrandan keçməklə ərəb ölkələrinə, o cümlədən, Əfqanıstan və Omana daşınan Azərbaycan məhsullarının, xüsusilə yumurta və şirniyyat kimi tez xarab olan malların ixracı tamamilə dayanıb: “Monqolustan və Rusiyadan mütəmadi olaraq İrana və oradan tranzitlə digər ölkələrə yüklər daşıyırdıq. Lakin İran-İsrail müharibəsinə görə hazırda 100-ə yaxın nəqliyyat vasitəmiz sərhəddə gözləməkdədir”.İqtisadçı ekspert Vüqar Oruc isə deyir ki, regionda baş verən hərbi-siyasi hadisələr birbaşa həmin bölgədəki ölkələrin daşınmaz əmlak sektoruna ciddi təsir göstərir: “Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra həmin ölkələrdən Azərbaycana, xüsusilə Bakıya müvəqqəti də olsa insanların axını baş verdi. Bu isə paytaxtın daşınmaz əmlak bazarında aktivliyin artmasına, qiymətlərin yüksəlməsinə səbəb oldu. Həmin müharibə inşaat materialları bazarına da ciddi təsir göstərdi. Belə nümunələr göstərir ki, İran-İsrail gərginliyi kimi münaqişələrin də Azərbaycan əmlak bazarına təsir etməsi realdır”.

Nahid SALAYEV

Seçilən
2
baki-xeber.com

1Mənbələr