AZ

İlin sonunadək Ermənistan Rusiyaya 6 milyard dollar ziyan vuracaq...


Ramil Hüseynov: “Bir tərəfdən sanksiyalardan yayınmaqla milyardlar qazan, o biri tərəfdən...”

Ermənistan-Avropa İttifaqı yaxınlaşması Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinə mənfi təsir edir. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun hesablamalarına görə, ilin sonuna qədər ölkələr təxminən 6 milyard dollar itirəcək: “Bu il də tendensiya davam edir. Bizdə indiki vəziyyətdə 3 milyard dollar azalma var. Aydındır ki, ilin sonuna qədər təxminən 6 milyard dollar itirəcəyik. Ermənistanla Aİ yaxınlaşmasına görə Rusiya biznesi İrəvanda heç bir perspektivinin olmadığını başa düşür, çünki Aİ ilə qarşılıqlı fəaliyyət perspektivi də yoxdur. Moskva və İrəvan iqtisadi göstəricilərin səviyyəsini bərpa etmək üçün tənzimləmə mühitinin təkmilləşdirilməsinin zəruriliyini anlayır”.

Maraqlıdır, Overçuk nəyə eyham vurur? Ermənistanın Aİ-yə üzv olmasına heç ermənilər də inanmır. Yoxsa Paşinyan sanksiyalarla əlaqədar Rusiyaya reeksportu dayandırıb?

“Məhz bundan sonra Ermənistanla Rusiya arasında ticarətdə azalma dinamikası özünü göstərməyə başladı

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, ticarət dövriyyəsinin azalması bir neçə amillə bağlı ola bilər: “2022-ci ildə Rusiyanın Ukrayna ilə müharibəsi başlayandan sonra Ermənistanla iqtisadi əlaqələr yeni mərhələyə keçdi. Rusiyaya qarşı çoxsaylı sanksiyalar qəbul edildi. Bu səbəbdən Rusiya iş adamları biznesini Ermənistana köçürdü. Əsasən də İT fəaliyyəti ilə məşğul olan şirkətlər. Bu, Ermənistanda iqtisadi fəaliyyətə müsbət təsir göstərdi. Ona görə ki, Rusiyanın böyük şirkətləri Ermənistan üzərindən iqtisadi dövriyyəni qurdular, erməni bankları vasitəsilə maliyyə əməliyyatları apardılar. Həm də Rusiya bir sıra qiymətli metalları, zinət əşyalarını Ermənistan üzərindən ərəb ölkələrinə ixrac etməyə başladı. O cümlədən, sanksiya altına düşən məhsulları Ermənistan vasitəsilə idxal etməyə başladı. Söhbət hərbi sənayedə geniş istifadə edilən çip və yarimkeçiricilərdən gedir. Rusiya iş adamları Ermənistanda fəaliyyət göstərməyi özləri üçün daha etibarlı hesab edirdilər. Elə bunun nəticəsi idi ki, 2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi bir neçə milyard dollar artdı. İstər-istəməz sual yaranır ki, balaca bir Ermənistan qısa müddətdə Rusiyaya bu qədər məhsulu necə ixrac edə bilər? Qərb Ermənistanın sanksiyalardan yayınmasını nə qədər görməzdən gəlsə də, ara-sıra bir sıra xarici nəşrlərdə bu barədə yazılar dərc olundu. Üstəlik, Ermənistan rəsmi səviyyədə Avropa İttifaqına üzv olmağı qarşısına məqsəd qoyduğunu elan etdi. Təbii ki, bütün bunlar Rusiyada qıcıqla qarşılanır. Düzdür, bu o demək deyil ki, Ermənistan yaxın perspektivdə Aİ-nin üzvü olacaq. Ancaq bir tərəfdən sanksiyalardan yayınmaqla milyardlar qazan, o biri tərəfdən Aİ-yə inteqrasiya yolunu tutmaq Rusiyanın işinə gəlmir. Məhz bundan sonra Ermənistanla Rusiya arasında ticarətdə azalma dinamikası özünü göstərməyə başladı”.

Vidadi ORDAHALLI

Seçilən
2
baki-xeber.com

1Mənbələr