Tofiq Abbasov: "O açıq-aşkar bildirir ki, əgər İsrail nüvə imkanlarından istifadə etsə, biz onun adekvat cavabını verəcəyik"
Amerikanin haçan müharivəyə qoşulacağı artıq dünya mediasının gündəmini zəbt edib. Tramp təkbaşına qərar qəbul etmək səlahiyyətinə malik olsaydı, bəlkə də ABŞ ordusu İrana qarşı əməliyyətlara ilk gündən başlayardı. Hazırda da İranın Fordo və Nətənz nüvə obyektlərinin vurulmasına qərar veriləcəksə, Amerikanin müharibəyə qoşulmasi qaçılmazdır.
Çünki Vaşinqton dəyəri yarım milyard olan bunker deşən ağır bombaları İsrailə həvalə edə bilməz. Bu bombalar İsrailə verilsə də, onun bu bombaları daşıyacaq təyyarələri yoxdur. Bu cür 13,6 tonluq bombaları yalnız Amerikanin "Nortrop B-2 "Spirit"" strateji bombardmançı təyyarələri daşıya bilir. Bu təyyarələr dünyada yalnız Amerika ordusunda var. "Nortrop B-2 "Spirit"" təyyarələrinin İran səmasında görünməsi artıq ABŞ-ın müharibəyə qoşulmasını göstərən ilk əlamət olacaq. Həmin təyyarə İran səmasında göründüyü andan ABŞ-ın Yaxın Şərqdə yerləşən 10 hərbi obyekti Tehran hakimiyyətinin legitim hədəfinə çevriləcək. Çünki bu o deməkdir ki, ABŞ İrana hücum edib. Bu baş verərsə, İranın yanında kimlər dayanacaq?
ABŞ İranı vursa, İranın yanında hərbi cəhətdən hansı ölkələr dayanacaq və ya hansı dövlətlər İranın yanında müharibəyə qoşula bilər - Çin, Rusiya, Pakistan, yoxsa kim?
Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, artıq tərəflər qarşı-qarşıya dayanan iki cəbhə boyu sıralanmaqdadır: "Bir tərəfdə dayanan İsraildir və onun arxasında dayanan ABŞ, Böyük Britaniya və Avropa ölkələridir. Hələ ki, bəyanatlar səviyyəsində olsa da, İranın arxasında Çın, Pakistan, Rusiya və Şimali Koreya dayanır. Məsələ çox gərgindir. Çünki faktiki olaraq dünya müharibəsinin əlamətləri görünür. Artıq cəbhə xətti müəyyən olunub, qarşı duran ölkələr həmsərhəd olmasalar da, indiki texnoloji sistemlər vasitəsi ilə bu ölkələr bir-birinə kifayət qədər təsirli zərbələr endirə bilər.
İranın tərəfində olan qüvvələr artıq öz sözlərini deyiblər. Təsadüfi deyil ki, Pakistan adından danışan bu ölkənin müdafiə naziridir, o, özü-özlüyündə elə bir rəsmi şəxsdir ki, geniş səlahiyyətlərə malikdir. O, açıq-aşkar bildirir ki, əgər İsrail nüvə imkanlarından istifadə etsə, biz ona adekvat cavabı verəcəyik. Bu bəyanat tərəfləri bir qədər sakitləşdirən mesajdır. Çünki həqiqətən də İsrailin gücü artıq tükənir, o, yardım üçün başqa ölkələrə müraciətlər edir. Qərbdə belə bir lətifə də gəzir ki, uduzaraq başqa ölkələrə müraciət etməkdə Netanyahu Ermənistanın baş naziri Nikol Paşinyanı üstələyib. Onun Amerikaya və başqa ölkələrə çoxlu müraciətləri var. İsrail çalışır ki, onların imkanlarından bəhrələnərək İranla müharibədə geriləməsin. Bu çox təhlükəli tendensiyadır, çünki dünya birliyi böyük sıxıntılar içərisindədir və getdikcə xaosun çərçivəsı genişlənir. Bundan isə udan yalnız təxribatyönlü qüvvələrdir - istər təxribatçı dövlətlər, istərsə də proksi qüvvələr olsun. Onlar çalışacaq ki, sabitlik tez bir zamanda əldə edilməsin. Amma bu qarşı duran iki ölkədən, İsraildən və İrandan asılıdır. Düzdür, İsrail günahkar tərəfdir, çunki o aydın şəkildə beynəlxalq qanunvericiliyi pozub, buna şübhə yoxdur.
İsraillə İranın yola getməməsinin əsas səbəbi odur ki, İsrail Fələstin xalqının hüquqlarını tanımır, onlara dövlət qurmağa imkan vermir. İran isə deyir ki, mən Fələstin xalqının azadlığa çıxmasını konstitusiyamda təsbit etmişəm, bu mənim üçün strateji prioritetdir. Bununla əlaqədar olaraq Pakistan İsraili bir dövlət kimi tanımayıb. İran isə bəyan edir ki, belə bir dövlət yoxdur. Amma əsas odur ki, diplomatiya susmamalıdur, o öz təsirini göstərməlidir. Fikrimcə, buna hələ imkanlar var və bir qədər də tələsmək lazımdür. Bu eskalasiya uzandıqca problemlər daha da dərinləşəcək".
Akif NƏSİRLİ