AZ

Makron İranla bağlı Trampın tam ziddinə olan təkliflər verdi...


Təbriz Musayev: “Bu gərginlikdən istifadə edərək Fransa bir sırahsulları İrana ixrac edir”

Hərbi əməliyyatlar İranın nüvə proqramına qarşı düzgün cavab deyil. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“İranın nüvə proqramı təhdiddir və bu məsələdə yumşaqlığa yer yoxdur. Ancaq heç kim bu təhdidin hazırda davam edən hərbi əməliyyatlarla cavablandırıla biləcəyini ciddi şəkildə düşünə bilməz”, - o bildirib.

Makron onu da qeyd edib ki, İranda çox yaxşı qorunan obyektlər var: “Bu gün heç kim 60 faiz zənginləşdirilmiş uranın harada olduğunu deyə bilməz. Texniki ekspertiza və danışıqlar yolu ilə bu proqrama nəzarəti bərpa etmək lazımdır. Enerji infrastrukturuna və mülki hədəflərə hücumlar, haradan gəlməsindən asılı olmayaraq, qəbuledilməzdir”.

Maraqlıdır, Makronun bu narahatlığı İranın üzləşəcəyi problemlərlə bağlıdır, yoxsa bunun Ermənistan üçün yarada biləcəyi ciddi problemlərlə əlaqədardır?

“Makron molla rejimi ilə eyni mövqedən çıxış edərək Zəngəzur dəhlizinə qarşıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bu, hər iki amillə əlaqəlidir: “Fransa birmənalı olaraq İranın zəiflədilməsinə qarşıdır. Fransa istəmir ki, proseslərin nəticəsi olaraq İran parçalansın. Yaxud da ölkədə hakimiyyət dəyişsin və Birləşmiş Ştatlara yaxın ölkədə rejim qurulsun. Bu, əsla Parisin maraqlarına uyğun deyil. Çünki ABŞ-İran qarşıdurması ən çox Fransanın maraqlarına cavab verir. Bu gərginlikdən istifadə edərək Fransa bir sıra məhsulları İrana ixrac edir. İranda müəyyən iqtisadi layihələrdə Fransa Hindistan vasitəsi ilə iştirak edir. Hindistandakı müştərək fransız şirkətləri orada fəaliyyət göstərirlər. Çünki Avropa İttifaqı və ABŞ-ın İrana qarşı sanksiyaları olduğu üçün Fransa birbaşa iqtisadi dəstək verə bilmir. Bunun müqabilində iqtisadi qazanc əldə edə bilmir. Dolayı vasitələrlə İranla iqtisadi iş birliyi qurur. Bu səbəbdən Fransa istəmir ki, İsrail-İran müharibəsi uzansın və ABŞ bu müharibəyə cəlb edilsin. Digər tərəfdən bəli, Fransa İranın Ermənistan üçün vacib nəfəslik olduğunu bilir. Çünki İranda vəziyyət qarışsa, bundan itirən tərəf həm də Ermənistan olacaq. Ona görə ki, molla rejimi Ermənistanın qoruyucusu rolunda çıxış edir. Fransa da İran qədər Zəngəzur dəhlizinə qarşıdır. Baxmayaraq ki, Zəngəzur dəhlizinin açılması Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Daşıma məsafəsi qısalacaq, yüklərin çatdırılması tezləşəcək və s. Bütün bunlara rəğmən, Makron molla rejimi ilə eyni mövqedən çıxış edərək Zəngəzur dəhlizinə qarşıdır. Bax, Makronun bu qədər narahat olması sadaladığım faktorlarla bağlıdır”.

Vidadi ORDAHALLI

Seçilən
2
baki-xeber.com

1Mənbələr