Tural İsmayılov: “Qarşı tərəf üzr istəməzsə, bu, Azərbaycan ictimaiyyətində Rusiyaya inamın daha da zəifləməsinə səbəb olacaq”
Azərbaycan iqtisadi, siyasi, hərbi və digər sahələrdə yeni-yeni nailiyyətlər qazandıqca bəzi xarici ölkələrin qaranlıq dairələrinin ölkəmizə qarşı qərəzli münasibətləri bir qədər də dərinləşir. Ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə olduğu kimi, tarixi Zəfərin qazanılmasından sonra ölkəmizə qarşı istifadə olunan ikili standartlar siyasəti daha açıq, daha aqressiv müstəviyə keçib.
Məqsəd isə dəyişməyib, geosiyasi maraqlar naminə hələ də selektiv yanaşmaya, ayrıseçkiliyə üstünlük verilir. Məlumdur ki, “Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib. O, bir neçə dəfə Qarabağda ləğv edilmiş qondarma rejimin adından istifadə edərək ermənilərə “Artsaxın taleyini” vəd edib.
Solovyov məlum hərəkətinə görə hələ də ölkəmizdən üzr istəməyib. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyi də Solovyovun çıxışına görə Azərbaycandan üzr istəməsini tələb etmişdi.
“Beynəlxalq platformalarda da bu kimi davranışlar ifşa edilməli, media azadlığı adı altında hörmətsizlik və provokasiyalar legitimləşdirilməməlidir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, televiziya aparıcısı Vladimir Solovyovun “Rossiya 1”də yayımlanan müəllif proqramında Azərbaycana qarşı sərgilədiyi qərəzli və isterik davranış yalnız jurnalist etikası baxımından deyil, həm də iki ölkə arasında münasibətlər kontekstində yolverilməzdir: “Solovyovun mövqeyi şəxsi olsa belə, efir kimi geniş auditoriyaya təsir edən platformada nümayiş olunması Kremlin informasiya siyasəti ilə uzlaşdığına dair suallar doğurur. Bu cür ritorika ictimai rəydə təxribat xarakterli fikir formalaşdırmaqla yanaşı, Rusiya-Azərbaycan əlaqələrinə də mənfi təsir göstərə bilər. Azərbaycan ictimaiyyəti, xüsusilə də medianı və ekspert cəmiyyətini bu açıqlamalara sərt, amma hüquqi və diplomatik çərçivədə reaksiya verməyə çağırır. Rəsmi Moskva bu məsələdə sükut nümayiş etdirərsə, bu, səssiz razılıq kimi də yozula bilər. Solovyovun təkcə Azərbaycana deyil, digər keçmiş sovet respublikalarına qarşı da bu cür aqressiv üslubu adət halına çevirməsi artıq problemin sistematik xarakter aldığını göstərir. Onun çıxışları təkcə informasiya müharibəsi aləti deyil, həm də qonşulara qarşı siyasi mesajın kodlaşdırılmış versiyası kimi oxunur. Azərbaycan tərəfi isə hələlik təmkinli davranmaqla doğru mövqe tutur, lakin məsələ ictimai və rəsmi səviyyədə ciddi şəkildə gündəmdə saxlanmalıdır”.
Həmsöhbətimizin dediyinə görə, beynəlxalq platformalarda da bu kimi davranışlar ifşa edilməli, media azadlığı adı altında hörmətsizlik və provokasiyalar legitimləşdirilməməlidir. Solovyovun üzrxahlıq etməsi ehtimalı olduqca zəifdir, çünki o, bu davranışlarını şəxsi mövqe yox, siyasi tapşırıq səviyyəsində icra edən sima kimi tanınır: “Amma diplomatik kanallar vasitəsilə etirazın bildirilməsi və nota verilməsi Rusiya tərəfinin mövqeyini açıq şəkildə ortaya qoymasını tələb edə bilər. Solovyovun davranışı yalnız bir aparıcının sərsəmləməsi kimi qiymətləndirilə bilməz – bu, müəyyən dairələrin Azərbaycanla bağlı mövqeyini də əks etdirə bilər. Ona görə də bu çıxış ciddi şəkildə izlənilməli və lazımi reaksiya ilə qarşılanmalıdır. Əgər qarşı tərəf üzr istəməzsə, bu, Azərbaycan ictimaiyyətində Rusiyaya inamın daha da zəifləməsinə səbəb olacaq. Belə hallar bir daha göstərir ki, mediada məsuliyyət anlayışı, xüsusilə də beynəlxalq münasibətlərdə, şəxsi rəylərdən çox daha önəmlidir”.
Günel CƏLİLOVA