AZ

Qars müqaviləsi Naxçıvan Konstitusiyasından niyə çıxarılır?..


Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. Bu məsələ Milli Məclisin iyunun 21-də keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Mövcud preambulada bildirilib ki, Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Qanun layihəsində yuxarıdakı hissələrin Konstitusiyadan çıxarılması, onların aşağıdakı müddəalarla əvəz olunması təklif edilir:

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Naxçıvanın Konstitusiyasından Qars müqaviləsinin çıxarılması hansı zərurətdən doğur?

Qars müqaviləsi Naxçıvan Konstitusiyasından niyə çıxarılır?

Ceyhun Məmmədov: “Naxçıvan Konstitusiyasından Qars müqaviləsinin çıxarılması zəruri bir məsələdir”

Millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı “Bakı-Xəbər”ə bunları dedi: “Hesab edirəm ki, iyunun 21-də Milli Məclisin qəbul etdiyi qərar, müzakirəyə çıxarılan qanun layihəsi olduqca əhəmiyyətlidir və vacibdir. Bilirsiz ki, Naxçıvan Muxtar Respublikası Sovet hökuməti qurularkən yaradılıb. O dövrdə Naxçıvan MR-ın yaradılması qərarını Sovet hakimiyyəti orqanları verib. İndi isə Azərbaycan müstəqildir və artıq Naxçıvan Konstitusiyasından Qars müqaviləsinin çıxarılması zəruri bir məsələdir. Yəni biz artıq əvvəlki dövrə qayıdırıq. Yəni Sovet dövründən əvvəlki Naxçıvanın statusunu bərpa edirik. Qars müqaviləsi də o dövrdə hazırlanmış və imzalanmış bir sənəddir. Ona görə də düşünürəm ki, bu olduqca vacib məsələdir, bir qərardır. İyunun 21-də Milli Məclis olduqca tarixi bir qərar qəbul etdi və tarixi bir addım ataraq Naxçıvanın Azərbaycanın tərkibində olduğunu və Azərbaycanın daxilində bir bölgə olduğunu təsdiq etdi. Sovet hökumətinin müəyyənləşdirdiyi çərçivələri də, normaları, istinadları da kənara qoyaraq bugünkü Azərbaycanın qələbəsinə uyğun addımları atdı”.

Abutalıb Səmədov: “Moskva və Qars müqavilələrinin yeni layihədə adlarının çəkilməməsi həmin müqavilələrdə nəzərdə tutulan müddəalardan imtina etmək anlamına gəlmir”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Milli Məclisdə birinci oxunuşda qəbul olunan Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında qanun layihəsinin əsas məqsədi Naxçıvanda qanunvericilik və icra hakimiyyəti bölgüsünü təmin etməkdir. A.Səmədov qeyd etdi ki, bu dəyişikliklər buna xidmət edir. “Moskva və Qars müqavilələrinin yeni layihədə adlarının çəkilməməsi həmin müqavilələrdə nəzərdə tutulan müdəalardan imtina etmək anlamına gəlmir. Həm Moskva müqaviləsinin 3-cü maddəsində, həm Qars müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulur ki, Naxçıvan Azərbaycanın himayəsinə verilir, muxtar ərazi statusuna malik olmalıdır və Azərbaycan öz himayəçilik hüququnu üçüncü ölkəyə güzəştə getməməlidir. İndi Milli Məclisdə qəbul olunan dəyişikliklər bu prinsipləri olduğu kimi saxlayır. Naxçıvan Azərbaycan ərazisidir, Azərbaycanın tərkib hissəsidir və nəzərdə tutulub ki, bu müdəa Naxçıvan MR-nın Konstitusiyasının Preambulasında öz əksini tapsın. İkincisi, muxtar ərazi olması da heç bir dəyişikliyə uğramır.

Dəyişiklik nədən ibarətdir? Məlumdur ki, bundan əvvəl Naxçıvan MR-də qanunverici və icra hakimiyyəti funksiyasını Naxçıvan MR-ın Ali Məclisi həyata keçirirdi. Ali Məclisin sədri həm qanunverici hakimiyyətin, həm də icra hakimiyyətinin rəhbəri sayılırdı. İndiki dəyişiklikdə hakimiyyətlərin bölünməsi prinsipi əsas götürülüb və Naxçıvan MR-ın Konstitutsiyası Azərbaycan Konstitusiyasına tam uyğunlaşdırılıb. Layihəyə görə, Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi adlı 3.1 maddəsi əlavə olunub. Həmin maddəyə əsasən, Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan MR-ın ərazsində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanı kimi göstərilir. O da qeyd olunur ki, bu icra orqanına rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan MR-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi həyata keçirir. Dəyişikliklər yalnız bundan ibarətdir.

Moskva və Qars müqavilələrinin mütləq Naxçıvan Konstitusiyasında qeyd olunmasına ehtiyac varmı? Görünür, qanunverici orqan belə hesab edir ki, o müqavilələrin adını çəkməyə ehtiyac yoxdur, ancaq bu müqavilələrdə təsbit olunmuş müddəalar olduğu kimi saxlanılır. Yəni mahiyyət dəyişmir. Naxçıvanın muxtar statusu, onun Azərbaycanın himayəsində olması və üçüncü ölkəyə gücəştə gedilə bilməməsi müdəaları olduğu kimi qalıb. Bu səbəbdən Naxçıvan MR-ın statusunda heç bir dəyişiklik yoxdur. Yalnız icra orqanı daha dəqiq göstərilib, icra orqanı qanunvericilik hakimiyyətindən ayrılıb və Naxçıvan MR-ın Ali Məclisi bundan sonra yalnız qanunvericilik orqanı kimi fəaliyyət göstərəcək. İcra funksiyasını isə Azərbaycan Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsinin başçılığı ilə nümayəndəlik həyata keçirəcək. Dəyişiklik yalnız bundan ibarətdir. Hesab edirəm ki, bu dəyişiklik Naxçıvanın idarəçiliyinin daha da təkmilləşməsinə, səmərəliliyinin artmasına xidmət edir və əgər səlahiyyətli nümayəndəliyin işləri düzgün qurularsa, struktur dəyişikliklərinə gedilib müəyyən lazımsız strukturlar ləğv olunarsa, qısa müddətdə bu dəyişikliklərin səmərəsi hiss olunacaq və bu dəyişikliklər Naxçıvan üçün çox mühüm əhəmiyyətə malik olan dəyişiklik olacaq”.

İradə SARIYEVA

Seçilən
2
baki-xeber.com

1Mənbələr