AZ

İran-İsrail müharibəsi uzanır - Ermənistan ayaq altda qalacaq...


İran-İsrail müharibəsinin Cənubi Qafqaza təsiri getdikcə ekspert dairələrində daha çox müzakirə edilir. Münaqişənin ən çox təsir göstərə biləcəyi ölkələrdən biri isə Ermənistan hesab olunur. İrana iqtisadi-logistik asılılığı səbəbilə Ermənistan bu qarşıdurmadan birbaşa zərər görə biləcək dövlətlər sırasındadır. Ermənistanın maliyyə naziri Vahe Ovannisyanın da qeyd edib ki, baş verən hadisələr ölkənin təchizat zəncirinə və iqtisadi sabitliyinə ciddi təsir göstərə bilər.

Məsələ ilə bağlı “Euarasiadaily” nəşri yazır ki, İran-İsrail münaqişəsi mütləq şəkildə Ermənistana da təsir edəcək. Nəşrə görə, daha əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton İsrailin İrana zərbə endirmə planlarından əvvəlcədən xəbərdar idi: “İran prezidenti Məsud Pezeşkian bildirib ki, İran xalqı bu müharibəni istəmir. "Biz müharibə istəmirik və müharibəyə başlamırıq", – deyə o vurğulayıb və qeyd edib ki, İran təcavüzkar deyil”.

“Yoldaş General” adlı “Telegram” kanalı Ermənistan üçün əhəmiyyətli olan İran-İsrail müharibəsinin üç əsas ssenarisinə toxunub.

“Nüvə ssenarisi”: Sənin “nüvə” fəaliyyətindən kimsə narazı olduğu üçün sənə hücum edə bilərlər. Kiminsə fikrincə, sən təhlükə mənbəyisənsə, səni bombalaya bilərlər. Türkiyə tərəfindən artıq başlanan “Metsamor” atom elektrik stansiyasının bağlanması kampaniyası bu ssenariyə mükəmməl şəkildə uyğun gəlir və bu, müdaxilə ilə nəticələnə bilər.

“Logistika ssenarisi”: İran dünya üçün əsl kəsişmə nöqtəsi idi, Orta Dəhlizin üç qolu və cənub-şimal marşrutları məhz buradan keçirdi. İranda baş verəcək qeyri-sabitlik və xaos bu ölkəni qlobal logistikadan kənarlaşdıracaq, Çin, Mərkəzi Asiya və Avropa iqtisadiyyatına zərər vuracaq. Əgər bu hərbi münaqişə yaxın vaxtlarda həll olunmasa, böyük güclərin baxışları Ermənistana yönələcək. Ermənistanın xarici siyasi çərçivədə müstəqil aktor olmadığını nəzərə alsaq, qərarları onun yerinə türklər verəcək. Bu zaman isə əsas amil Ermənistanın suverenliyi deyil, yüklərin axınının bərpasının sürəti olacaq.

“Siyasi ssenari”: Son dövrlər İran Ermənistanla bağlı məsələdə Azərbaycan üçün çəkindirici faktor olmayıb. Bu, prezident İlham Əliyevin özünə əmin davranışından da açıq görünür. Əslində, İran Ermənistanı türklərə “satıb” və bunun müqabilində regional logistikadan pay alıb. Ancaq bu, Rusiya məsələsində olduğu kimi, yalnız Ermənistanın İrana qarşı laqeyd münasibəti nəticəsində mümkün olub. İran yalnız onu istəyir ki, Zəngəzur dəhlizi mövzusu inkişaf etməsin. Əgər İran bu münaqişəyə tab gətirib onu tez bir zamanda həll edə bilsə, bu məsələ ilə yenidən və daha fəal şəkildə məşğul olacaq. Yenə də Ermənistanı nəzərə almadan. Çünki Ermənistanın fikri qonşularından heç birini maraqlandırmır, hər kəs yaxşı bilir ki, bu gün regionda real güc kimdir”. Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan qeyd edir ki, İrəvan ssenarilərində İran-İsrail münaqişəsini nəzərə alıb: “Müharibə daha aktiv fazaya keçərsə və ya uzanarsa, bütün region təchizat zəncirlərinin pozulması, turizm axınına mənfi təsir və sair ilə bağlı risqlərlə üzləşəcək. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı, o cümlədən ticarət əlaqələri zəifləyə bilər və daxili tələbatın azalmasına səbəb ola biləcək digər amillər ola bilər.

Məqsədimiz həmişə bank sisteminin kapitallaşmasını şoklara tab gətirməyə imkan verəcək səviyyəyə çatdırmaq olub. Biz kontratsiklik buferləri 1,75% artırmışıq ki, bu da 150 milyard dramdan çox əlavə kapital deməkdir. İndiki mərhələdə bizim risqlərin idarə edilməsi baxımından heç bir problemimiz yoxdur”. Siyasi şərhçi Akop Badalyan əmindir ki, İsrail İrana zərbəni ABŞ-ın heç olmasa səssiz razılığı olmadan həyata keçirməzdi: “Eskalasiya risqi çox yüksəkdir. Əgər İran və İsrail arasında genişmiqyaslı müharibə başlasa, ABŞ-ın bu münaqişəyə cəlb olunma ehtimalı böyükdür. Gözləyək, görək hadisələr necə inkişaf edəcək və eskalasiya hansı miqyaslara çatacaq”. Onun fikrincə, Ermənistan üçün əsas risq Azərbaycan tərəfinin güc yolu ilə Ermənistan ərazisindən ekstraterritorial yol əldə etməyə cəhd göstərməsidir: “Söhbət “Zəngəzur dəhlizi” adlandırılan layihədən gedir. Artıq bir neçə ildir ki, Ermənistan kommunikasiyaların açılmasına və Azərbaycanın Naxçıvan anklavı ilə əlaqə yaratmasına hazır olduğunu bəyan edir. Eyni zamanda, İrəvan qəti şəkildə “dəhliz” təqdim etməkdən imtina edir. Çünki bu termin Ermənistanın öz ərazisi üzərində suveren nəzarətini itirməsini nəzərdə tutur. Tehran da bu ssenariyə qəti qarşı çıxır, çünki Ermənistanla sərhədini itirmək istəmir”. Siyasi şərhçinin fikrincə, belə bir vəziyyətdə Ermənistan ABŞ, Rusiya və Çin daxil olmaqla müxtəlif aktorlarla fəal diplomatik iş aparmalıdır: “Ermənistan üçün ideal həll yolları yoxdur. Ən pis ssenarilərin qarşısını almaq üçün maraqların müxtəlifliyindən istifadə etmək lazımdır. Təəssüf ki, Ermənistan bu risqləri tam şəkildə idarə edə bilmir. Amma üzərində işləmək lazım olan çox iş var. Regional və qeyri-regional ölkələrlə əməkdaşlıq aparmaq, zəruri diplomatik işləri həyata keçirmək, vəziyyətin idarə oluna bilməsi üçün əlindən gələni etmək lazımdır”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yaranmış vəziyyətin yalnız İran və ya Yaxın Şərq üçün deyil, həm də Ermənistan üçün təhlükə yaratdığını bildirib: “Ermənistanın təhlükəsizliyi üçün əsas təhdid klassik təhlükə təhdididir, yəni təkcə Ermənistan üçün deyil, region üçün də hərbi təhlükə. Ermənistan regionda sabitliyə öz töhfəsini vermək üçün işini davam etdirir”.

Samirə SƏFƏROVA

Seçilən
10
baki-xeber.com

1Mənbələr