AZ

“Müharibə uzansa ABŞ İrana zərbə endirəcək” “Çin və Rusiya bunu bilirlər”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırıb. Xarici işlər naziri Abbas Araqçı iyunun 20-də Cenevrədə Avropa ölkələrinin xarici işlər nazirləri ilə görüş keçirib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, bu görüşdən öncə Avropa nazirlərinin ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələr aparması diqqət çəkib. Politoloq hesab edir ki, avropalı nazirlər bu məsləhətləşmələr vasitəsilə Vaşinqtonun İrana qarşı hərbi əməliyyata başlamağa hazır olub-olmadığını və ya əksinə, danışıqlara maraq göstərib-göstərmədiyini müəyyənləşdirməyə çalışıblar.

“Avropa ölkələrinin mövqeyi dəyişməz olaraq qalır – ABŞ və İran nüvə proqramı ilə bağlı danışıqları davam etdirməlidirlər”, – politoloq vurğulayıb.

O xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın avropalı müttəfiqlərin diplomatik təşəbbüslərinə dəstək verdiyi bildirilsə də, Ağ Ev rəhbərinin qərarlarını proqnozlaşdırmaq çətindir: “Əgər söhbət Trampdan gedirsə, onun hansı addımı atacağını əvvəlcədən demək mümkün deyil”.

Elxan Şahinoğlu əlavə edib ki, İranın xarici işlər naziri Abbas Araqçı diplomatik səfərlərini Cenevrə ilə məhdudlaşdırmayıb. O, daha sonra İstanbula gedib və burada Tehranın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərlərinin toplantısında iştirak edib.

Politoloq qeyd edib ki, Araqçının növbəti səfərləri Rusiya və Çinə olacaq. Onun fikrincə, Tehran bu diplomatik görüşlər vasitəsilə beynəlxalq aləmdə İsrailə təzyiqlərin artacağına və bununla da müharibənin qarşısının alınacağına ümid edir.

“Müharibə uzanarsa, ABŞ-nin İrana birbaşa zərbələr endirməsi ehtimalı yüksələcək. Bunu Moskva və Pekin də anlayır və məhz bu səbəbdən Rusiya və Çin daim Vaşinqtona mesajlar göndərirlər ki, ABŞ İsrailə hərbi dəstək verməsin”, – politoloq bildirib.

Şahinoğlu diqqətə çatdırıb ki, “New York Times” qəzetində “ABŞ-nin İrana hücumu Çinin gücünün sərhədlərini göstərəcək” başlıqlı məqalə dərc olunub. Bu, təsadüfi deyil: “Donald Tramp hesab edir ki, Çin İrana hərbi dəstək verməyəcək. Halbuki, artıq Çindən İrana enən bir neçə yük təyyarəsi barədə məlumatlar yayılıb. Bu təyyarələrdə nə daşındığı bilinməsə də, məsələ Vaşinqtonun diqqətindədir”.

Politoloq əlavə edib ki, Tramp Çin lideri Si Cinpinlə şəxsi münasibətlərinin yaxşı olduğunu desə də, Pekinin konkret olaraq hansı qərar verəcəyinə əmin deyil: “Çin İranla ticarətdə, xüsusən enerji sahəsində ciddi maraqlara sahibdir. Müharibə uzandıqca bu maraqlar zərbə alacaq. İran Hörmüz boğazını bağlasa, Çin Körfəz ölkələrindən də neft ala bilməyəcək. Bu isə Pekini enerji böhranına sürükləyə bilər”.

Elxan Şahinoğlu sonda bildirib ki, məhz bu səbəbdən Çin və Rusiya birgə şəkildə müharibənin qarşısını almağa çalışırlar. Ancaq İsrail və ABŞ-nin planlarının fərqli olduğu da unudulmamalıdır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr