Xəlil Rza Ulutürkün anım günüdür
Milli-demokratik hərəkatımızın yorulmaz mücahidlərindən söz açarkən ədəbiyyatımızın görkəmli nümayəndəsi, istiqlal şairimiz Xəlil Rza Ulutürkün adını xüsusilə qeyd etməliyik. O, Azərbaycan ədəbiyyatında azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.
Böyük mücahidin həyatı...
Bu gün ondan söz açmağımız təsadüfi deyil. İyunun 22-i Xəlil Rza Ulutürkün vəfatından 31 il ötür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1950-1960-cı ildə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib. 1959-cu ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.
Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...
Xəlil Rza Ulutürk 1984-cü ildə “Ömürdən uzun gecələr”, “Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalan şairi Azərbaycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur, azadlıq mübarizəsini davam etdirir.
Vətəni üçün canından pay verən, vətənpərvər şair “Təbriz yenə doğular, ancaq vətən əldən getməməlidir”- deyərək, odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrətini bildirib. Təsadüfi deyil ki, ona istiqlalın alovlu şairi deyirdilər.
Əsərlərində Vətən sevgisi, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər misrasını ötəri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazıb.
Həyat yoldaşı Firəngiz xanımın dilindən: “Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox məhrumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Heydər Əliyev ona “Sən millətçi deyil, xalqın şairisən” deyir”.
Xəlil Rza Ulutürk haqqın, ədalətin öz yerini tapmasını istəyirdi. O, xalqın haqsız yerə qırğınlara, təhqirlərə, gülləyə tuş gəlməsinə etirazını bildirirdi. O, ümumi türk dünyasının şairi idi. İstəyirdi ki, türklər bir yumruq kimi birləşsinlər.
Vətənpərvərlik ruhunu oğluna da aşılayan istiqlaliyyət şairimiz Xəlil Rza ətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun həyatdan vaxtsız gedəcəyini öncədən duymuşdu.
Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya -Lefortofo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair Lefortofo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilir və bir aylıq məhkəmə prosesindən sonra azadlığa buraxılır. Ancaq həbsdə şəkər xəstəliyinə tutulan şairin 1994-cü ildə vəziyyəti ağırlaşır və iyun aynın 22-də vəfat edir.
Yeganə BAYRAMOVA